“Ədliyyə Nazirliyi özününküləri qorumağa çalışır”

trend_edliyye_nazirliyi_justice_ministry_album-1Aprelin 21-də Kavkaznews.az saytında “Bizim məhbuslar komfortla yaşayır?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə deputat Çingiz Qənizadənin sözlərindən sitat gətirilirdi: “Ölkədəki bütün cəzaçəkmə və istintaq təcridxanalarında 24 minə qədər məhkum var. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”.

Ç. Qənizadə deyib ki, çox məhbus həm də dövlət büdcəsindən daha çox xərclərin ayrılması deməkdir. Deputat cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirib: “Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək”. Kavkaznews.az saytının əməkdaşı “Bizim məhbuslar komfortla yaşayır?” başlıqlı yazı ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə (mətbuat xidməti) zəng etmişdi. Qafqaznews.az xatırladır ki, özünü təqdim etməyən PX əməkdaşından fikir öyrənmək istəyən zaman, o bildirmişdi ki, guya Qafqaz Xəbər Agentliyi qeyri-qanuni fəaliyyət göstərir və buna görə də bizim agentliklə onlar əməkdaşlıq etmək istəmirlər. Həmin dialoqun bir hissəsini bir  daha oxucuların diqqətinə çatdırırıq:

– Salam. Sizi Qafqaz Xəbər Agentliyindən narahat edirik. Bilmək istərdik ki, məhkumların gündəlik rasionu neçəyə başa gəlir?

– Bizə yazılı formada müraciət edin. Bundan başqa, biz artıq sizə demişdik ki, sizin agentliklə əməkdaşlıq etmək istəmirik.

– Məgər sizin KİV-lə əməkdaşlıqdan imtina etmək haqqınız var?

– Bəli, var. Sizin qanunsuz fəaliyyətiniz göz qabağındadır.

Aprelin 22-də Qafqaz  Xəbər Agentliyi  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edərək, agentliyi “qanunsuz fəaliyyət”də ittiham edən həmin əməkdaşın müəyyən olunub adının bildirilməsini xahiş edib.

Həmin müraciətin göndərilməsindən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, Penitensiar Xidmətdən hələ də cavab verilməyib.

Biz aydınlaşdırmaq istədik, Ədliyyə Nazirliyi bizim müraciətimizlə bağlı araşdırma aparıbmı?

 Kavkaznews.az əməkdaşı bu məqsədlə Ədliyyə Nazirliyinin katibliyinin rəhbərinin müavini Ülviyyə Əhmədovaya müraciət edib.

“Sizin müraciətinizlə bağlı məlumatım yoxdur. Penitensiar Xidmətə müraciət edin”, – deyə Ülviyyə Əhmədova bildirdi.

Onun məsləhəti ilə, biz Penitensiar Xidmətin Daxili Təhqiqatlar Şöbəsinə zəng etdik.

“Sizin müraciətinizə baxılacaq və cavab alacaqsınız”, – deyə özünü təqdim etməyən əməkdaş bildirdi.

“Nə vaxt cavab alacağıq?”, – deyə soruşduq.

“Sizin müraciətinizə 15 gün içində baxıla bilər. Əgər lazım gəlsə, bu müddət daha çox çəkə bilər. Hər şey sizin müraciətinizdən asılıdır”, – deyə PX əməkdaşı qeyd etdi.skachanny-e-fajly-1-297

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, “Konstitusiya” Fondunun sədri Əliməmməd Nuriyev bildirdi ki, Penitensiar Xidmət onun həm yazılı, həm də şifahi müraciətlərinə həmişə cavab verib.

“Bəs sadə İctimai Komitənin üzvü olmayan sıravi vətəndaşların müraciətinə Penitensiar Xidmət cavab verirmi?” – deyə maraqlandıq.

Ömürlük Məhkumların Hüquqlarını Müdafiə Komitəsinin sədri Müslimat Rzaxanova bildirib ki, Penitensiar Xidmət vətəndaşların müraciətlərinə cavab vermir.

O, dəfələrlə məhkumların hüquqlarının pozulması ilə bağlı Penitensiar Xidmətə müraciət etdiyini deyib.

“Lakin Penitensiar Xidmətin rəhbərliyi özününküləri qoruyur, mənim müraciətlərimə isə heç vaxt cavab verməyib”, – deyə M.Rzaxanova vurğuladı.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR