Dünyaca məşhur musiqiçi Goranboyda

img2085870Hip-hop musiqisi ilə kənd təsərrüfatı arasında nə əlaqə var? Sən demə, var imiş… Hər halda Amerika Birləşmiş Ştatlarında hip-hop janrının mahir ifaçılarından biri, DJ Kavem belə hesab edir.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün o, Goranboyda bir qrup fermerlə görüşüb. Dünya şöhrətli reperin Azərbaycana səfərinin bir məqsədi də burada ekoloji təmiz məhsulların yetişdirilmə şəraitini öz gözləri ilə görməkdir.

Azərbaycanda Amerika günləri çərçivəsində DJ Kavem və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin bir qrup nümayəndəsi Goranboyun Nizami kəndində fermer Tofiq Hüseynovun təsərrüfatında olublar. Xarici qonaqlar fermerin bağında təbii üsulla yetişdirilən ağaclara və meyvələrə baxış keçiriblər.

Hazırda Azərbaycan fermerləri ilə görüşən DJ Cavem Amerikada orqanik məhsulların əkib becərilməsi üzrə konsepsiyanın müəlliflərindən biri hesab olunur.

Meyvə bağının suvarılması, ağaclara verilən təbii gübrələr və digər aqrotexniki qulluq barədə DJ Kavemə məlumat verilib. Orqanik fermerlik sahəsində topladığı təcrübəni azərbaycanlı həmkarları ilə bölüşən məşhur musiqiçi insanları sağlam qida ilə təmin etmək istiqamətində səylə çalışdığını bildirir. O, hətta öz musiqilərini də orqanik məhsulların yetişdirilməsinin təbliğatına həsr edir.

DJ Kavem: “Mənim musiqilərimin məqsədi dünyada sağlam qida məhsullarının yetişdirilməsini təbliğ etməkdir. İnsanlar öz təsərrüfatlarında bu bitkiləri kimyəvi dərmanlardan istifadə etmədən də yetişdirə bilərlər. Bunu təbliğ etmək üçün mən ictimai fəallıq göstərirəm və bunun üçün öz hip-hopumdan da istifadə edirəm. Fəaliyyətim Qremi mükafatına layiq görülüb və Amerikanın nüfuzlu kanallarında bu sahənin təbliği ilə bağlı verilişlərə dəvət alıram”.

DJ Kavem  və səfirlik əməkdaşları fermer Tofiq Hüseynovun təsərrüfatında yetişdirilən arı ailəsinə və iri buynuzlu heyvanlara da baxış keçiriblər.

Emi Pitersen – ABŞ səfirliyinin nümayəndəsi: “Bura gəlməyimizin səbəbi Amerika mədəniyyəti günləri çərçivəsində öz milli dəyərlərimizi təbliğ etməkdir. Amerikalı DJ Goranboyda öz təcrübəsini fermerlərlə bölüşdükdən sonra sabah Azərbaycan Dövlət Aqrar Universitetində mühazirə oxuyacaq”.

DJ Kavem Amerika Birləşmiş Ştatlarında orqanik məhsulların yetişdirilməsi istiqamətində aparılan təbliğatın öncüllərindən sayılır. O, bu sahəyə diqqət çəkmək üçün hətta ABŞ prezidenti Barak Obama ilə də görüşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR