Erməni şovinizminə xidmət edən Azərbaycan jurnalistləri

12832340_194152240958177_3002460701606313501_nBu məsələ barədə çoxdan yazmaq istəyirdim. Vaxtaşırı olaraq cəmiyyətimizdə yerli-yersiz, kimə gəldi “erməni” damğası yapışdırılması halları ilə üzləşirik.

Əlbəttə, oxucularımız da qəbul edər ki, bu savadsızlıq, hətta səviyyəsizlikdir.

Həmkarım, iş yoldaşım Rəşad Rüstəmov  bu günlərdə Kavkaznews.az-da dərc etdiyi yazıda maraqlı məqama toxunmuşdu. Rəsmi statistikaya görə, Azərbaycanda 30 mindən çox erməni yaşayır. Kimisini şəxsən həyatda tanıyırıq, kimisini tanımırıq – cəmiyyətdə əriyib özünü “gizlədib”.

Amma söhbətimin məğzi bu deyil. Azərbaycan və Ermənistan arasında bir müharibə var. Ermənistan ordusu Azərbaycan ərazilərini işğal edib və hazırda xalqımızın qarşısında duran əsas vəzifə bu işğala son verməkdir. Etiraf edim ki, cəmiyyətimizdən, xüsusilə də gəncliyimizdən saysız-hesabsız tənqidi yazılar yazmağıma baxmayaraq, son bir ayda ölkəmizdə gördüyüm vətənpərvərlik ruhu və ümummilli həmrəylik məni riqqətə gətirdi.

Cəmiyyətimizdə “erməni” ifadəsinə qarşı həssaslığın olması normaldır, başa düşüləndir. Müharibə vəziyyətində olan bütün xalqlarda belə reaksiya olur. Şübhəsiz, Ermənistanda da “Azərbaycanlı” və “Türk” sözləri həssaslıq  yaradır. Hətta daha çox… Bu ölkədə şovinizm uzun illərdir xalqı əldə saxlamaq, ərazi böyütmək  və monoetnik dövlət qurmaq yolunda əsas “silah” kimi istifadə olunur .

Məhz müharibədə olduğumuzdan dolayı, bəzən cəmiyyətdə kimsə bir başqasını gözdən salmaq, ləkələmək naminə “erməni” damğası yapışdırır. Bu hallar əsasən küçədə, kafedə, çayxanada, yüksək intellektual səviyyəyə malik olmayan çevrələrdə müşahidə olunur.

Amma mətbuatda… Təəssüf ki, bəzi həmkarlarımız diqqət çəkmək, baxış sayı artırmaq, cəmiyyətdə çaxnaşma salmaq naminə vaxtaşırı belə üsullara əl atırlar.

Həm də elə adamları şərləyirlər ki, bu insanlar Azərbaycanı sevir, öz Vətəni sayır.

Bu günlərdə Teleqraf.com saytında dərc olunan “Bakıdan Almaniyaya qaçan erməni əsilli dələduzun əməlləri” başlıqlı yazı buna misal göstərilə bilər. Bu yazıda Sidqi Abbasov adlı lombard sahibi ilə Almaniyada yaşayan Elxan Axundov arasındakı mübahisəyə toxunulur. Elxanın mənzili əlindən alınan anası, atası-anası tərəfdən də təmiz dağ yəhudisi Marus Yevda qızı Axundova (qızlıq soyadı Mixaylova) “erməni” kimi qələmə verilir. Müəllif bu “erməni” iddiasını əvvəlcə başlıqda redaksiya mövqeyi kimi dırnaqsız-sitatsız vermişdi.

Bizim əməkdaş “Gündəlik Teleqraf”ın rəhbəri Aynur Camalqızıya zəng edəndən bir neçə dəqiqə sonra başlığı Sidqinin sitatı kimi dırnağa aldılar, amma bu “erməni” damğasını yenə saxladılar. Görünür, oxucuları itirmək istəmirdilər…

Şuşa müsabiqəsi keçirən, özünü dövlətçiliyin keşikçisi kimi qələmə verən, amma baxış naminə saytını erməni ulduz Kim Kardaşyanın həyatından yeniliklərlə dolduran insanlar bu dəfə daha uzağa getdilər. Yəhudi icmalarını qəzəbləndirərək, belə bir həssas zamanda Azərbaycan-İsrail dostluğuna kölgə saldılar.

Əlbəttə ki, Azərbaycanda yəhudilərin sədaqəti və vətənpərvərliyi danılmaz faktdır. Hansısa böhtana görə Azərbaycandan küsəsi deyillər. Lakin təəssüflər olsun ki, bəzi həmkarlarımız bu cür “ermənifobiya” təbliğatı ilə cəmiyyətdə çaşqınlıq yaradır, əsassız yerə təmiz insanları şərləyirlər.

Bu mənim fikrimdir və fikrimə görə məhkəmədə belə cavab verməyə hazıram:  Cəmiyyətdə bu və digər şəkildə “ermənifobiya” təbliğatı aparan şəxslər əslində, bütün mahiyyətləri ilə erməni şovinistlərinə xidmət edirlər. Bu qədər…

Vicdanınızı təmiz tutun. Baxış sayı, oxucu diqqəti isə bir gün artar, bir gün azalar… Bir gün də oxucular tamamilə üz çevirər sizdən.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR