FHN yeni binalara görə məsuliyyət daşımır?

Bezy-myanny-j-copy-60Mayın 23-də Qafqaznews.az saytında “FHN: “Bakıda istismar aktı olmayan minlərlə məskunlaşmış bina var”” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış massivinin sakinlərinin problemləri işıqlandırılmışdı.

Sakinlərin Qafqaz Xəbər Agentliyinə bildirdiyinə görə, Fövqəladə Hallar Nazirliyi “Yeni Bakı” yaşayış kompleksindəki binalara istismar aktı versə də, “İlin Dörd Fəsli” MMC sakinlərin mənzillərinə kupça alması üçün arayış vermir və müxtəlif bəhanələrlə bu məsələni uzadır: “Binalara qaz da çəkilib. Əgər istismar aktı yoxdursa, bunu necə ediblər? Onlara sərf edir ki, ayda 80-100 min manat pul yığsınlar, sakinləri özlərindən asılı vəziyyətdə saxlasınlar. Bu şəhərcikdə beş ilə qədər yaşayan sakinlər var ki, heç birinin kupça almasına imkan yaradılmır”.

Mayın 23-də araşdırmamızı davam etdirdik və  kupça  məsələsinə aydınlıq gətirmək üçün, “İlin Dörd Fəsli” MMC-yə zəng etdik, ofis telefonuna cavab verilmədikdə isə saytdan götürdüyümüz mobil nömrə ilə əlaqə saxladıq.

Öyrənmək istəyirdik ki, sakinlər niyə kupça ala bilmirlər və bu yaşayış kompleksinin FHN-dən istismar aktı varmı? Zəngimizə cavab verən satış direktoru Altay Zeynalov bildirdi ki, hələ FHN tərəfindən istismara qəbul aktı verilməyib.

“Bəs sakinlər orda necə yaşayır?” sualına isə Altay Zeynalov belə cavab verdi: “Onlar müqavilə  əsasında yaşayırlar. İstismara qəbul  aktı FHN-dən asılıdır. Hələ iş gedir”.a4ae4dc8-4bfd-4f7d-a776-588af63b33e6_292-1

Şirkət nümayəndəsindən bu cavabı aldıqdan sonra, FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovla əlaqə saxladıq.

Maraqlıdır, istismar aktı olmadan, binanın yaşayışa yararlığı barədə FHN-in yekun rəyi olmadan məskunlaşmaya necə yol verilir? Hər hansı bir qəza baş verərsə, kim məsuliyyət daşıyır, hansı tədbirlər görüləcək?

FHN mətbuat xidməti rəhbəri Oqtay Bayramov Qafqaznews.az-ın suallarını belə cavablandırdı: “Bakıda minlərlə belə bina var. Bilirik, insanlar məskunlaşıb, yaşayırlar. Bizə həmin yaşayış kompleksi sakinlərinin adından rəsmi müraciət göndərin, araşdırıb cavab verək” (Qafqaznews.az).

Biz Kavkaznews.az olaraq, hüquq müdafiəçisi Novella Cəfəroğludan FHN-in mətbuat katibi Oqtay Bayramovun açıqlamasını şərh etməyi xahiş etdik.

“Mən düşünürəm ki, Oqtay Bayramov haqlıdır”, – deyə N.Cəfəroğlu Kavkaznews.az-a bildirdi.

“Nədə haqlıdır?” – deyə dəqiqləşdirmək istədik.

skachanny-e-fajly-1-372“Yeni binalarda çatışmazlıqlar var və buna görə də, onlara istismara qəbul aktı verilmir”

“Bəs FHN çatışmazlığı olan binaların məskunlaşmasına necə icazə verir?” – deyə jurnalistimiz təəccübünü bildirdi.

“Yəqin ki, FHN bu məsələylə bağlı harasa müraciət edib”, – deyə hüquq müdafiəçisi vurğulayıb.

Onun fikrincə, FHN istismar aktı olmayan, məskunlaşmış binalara görə məsuliyyət daşımır.

“Bu binaları tikən adamlar məsuliyyət daşıyır. Fövqəladə Hallar Nazirliyi onlara müxtəlif xəbərdarlıqlar göndərir ki, bu xəbərdarlıqlara reaksiya verilmir”, – deyə Novella Cəfəroğlu əlavə etdi.

FHN-in istismar aktı vermədiyi yeni binalarda həyat böyük risk daşıyır, çünki onlar təhlükəsizlik üzrə ekspertizadan keçməyiblər.

Biz öyrənmək istədik, FHN bu cür binaların məskunlaşmasına mane olmaq üçün hansı tədbirlər görür?

FHN nümayəndəsi leytenant Hüseynova (təəssüf ki, xanım əməkdaş bizə adını bildirmədi – red.) Kavkaznews.az saytına bildirdi ki, yeni binalar hələ FHN-də qeydiyyatdan keçməyiblər.

“Amma narahat olmayın, tədricən, şəhərdəki bütün binalar bizdə qeydiyyatdan keçəcək”, – deyə FHN əməkdaşı bizə təsəlli verdi.

“FHN-də qeydiyyatdan keçməyən binalarda artıq neçə ildir insanlar yaşayır. FHN bu binaların məskunlaşmasına mane olmaq üçün hansı tədbirlər görür?” – deyə soruşduq.

“Sakinlər özləri bu binalarda mənzil alıblar” – deyə FHN əməkdaşı cavab verdi.

“Axı FHN o binalara istismar aktı verməyib və deməli, bu binaların təhlükəsizliyinə də zəmanət verilmir”, – deyə əməkdaşımız qeyd edib.

“Mənə elə gəlir ki, bu binalar bizim nəzarətimiz altındadır. Hər ehtimala qarşı,  bütün lazımi tədbirlər görülür”, – deyə leytenant Hüseynova cavab verdi.

“Məsələn, nə cür tədbirlər?” – deyə əməkdaşımız soruşdu.

“Siz bizə telefon nömrənizi verin. Sizinlə əlaqə saxlayıb bütün suallarınıza cavab verərlər”, – deyə FHN nümayəndəsi cavab verdi.

“Mən nömrəmi verə bilərəm. Amma FHN-ə dəfələrlə müraciət etmişəm və hər dəfəsində də məndən nömrə verməyi xahiş ediblər, amma heç vaxt əlaqə saxlamayıblar,” – deyə əməkdaşımız bildirdi.

Sözardı: Təəssüf ki, bizim müxbirimiz bu dəfə də haqlı çıxdı. Belə ki, biz FHN əməkdaşına əlaqə nömrələrimizi bildirsək də, FHN əməkdaşlarından heç kim Kavkaznews.az ilə əlaqə saxlamadı.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR