İlham Şaban: “Ən az 2 milyard dollar itiririk”

DSC_6185Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 50,11 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 50,39 dollar olub. Beləliklə, WTI neftinin qiyməti 2015-ci ilin oktyabrın 12-dən etibarən ilk dəfə 50 dollarlıq psixoloji həddi keçib. Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının azalmasıdır (APA).

Qafqaznews.az-ın RBK-ya istinadən verdiyi məlumata görə isə, mayın 26-da saat 21:30-da WTI neftinin qiyməti 49,62 dollara qədər endi. Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Qafqaznews.az-a bildirdi ki, WTI neftinin qiymətinin psixoloji həddi keçməsi ABŞ-ın neft rezervlərinin artımı ilə bağlı açıqlamadan sonra müşahidə olundu.

“Gözlənilirdi ki, bu göstərici 5 milyon ton olsun, lakin 3,5 milyon ton rəqəmi neftin qiymətinin artmasına səbəb oldu. Birja bağlandıqda isə yenidən 50 dollar həddindən aşağı düşdü. Neft bazarında əsasən rüblük proqnozlar əsas götürülür. Ümumiyyətlə, yaxın aylarda neftin qiyməti 55 dollara qədər qalxa bilər. Ondan çox bahalaşma gözlənilmir. 2014-cü ildə illik qiymət 101 dollar idi, 2015-ci ildə 53 dollar oldu, bu il isə 42-43 dollar arası ortalama qiymət proqnozlaşdırılır. Gərək ciddi rezonans doğuran bir hadisə olsun ki, neftin qiymətlərində də dəyişmə olsun”, – deyə ekspert vurğuladı. O qeyd etdi ki, Azərbaycan neftini bazara çıxaran kimi satır: “Hər gün Azərbaycan 700-720 min barrel neft satır. Keçən il Dövlət Neft Fonduna neft-qaz satışından 7 milyard dollar xalis gəlir daxil olmuşdu. Bu il neftin ucuzlaşmasında fərqi ortalama 28-30 faiz olaraq hesablasaq, builki gəlirimiz 5 milyard dollar ətrafında olacaq. Bu il ən az 2 milyard dollar itiririk”.

Ekspert manatın möhkəmlənməsində bir sıra islahatların rolunun olduğunu vurğuladı. “Əlbəttə, manatımız neftdən asılıdır. Lakin hələ ciddi işlər görülməlidir. Bu il 5 ayı geridə qoymuşuq, irəlidə isə 7 ay var. İnsanlarda pul tükənir, kiçik və orta sahibkarlar kredit ala bilmirlər. Buna diqqət yetirilməlidir. Hazırda bəzi dövlət qurumları bir-birinə borcludur. Bu problemləri aradan qaldırmaq üçün, xeyli iş görmək lazımdır”, – deyə İ.Şaban əlavə etdi.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR