“Metsamor”un yaratdığı təhlükələrin Azərbaycana qarşı reallaşdırılması imkanları var

AES_051011“Metsamor” Atom Elektrik Stansiyasının (AES) hərbi məqsədlər üçün istifadə imkanları genişdir. Əgər əlaqədar beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən təzyiq göstərilməsə, bu stansiyanın yaratdığı təhlükələrin Azərbaycana qarşı reallaşdırılması imkanları var”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, tibb elmləri doktoru, professor Müslüm Qurbanov bildirib.

“Metsamor” AES-in 1-ci nəsil, yəni su ilə soyudulan atom reaktorlarına aid olduğunu deyən mütəxəssis qeyd edib ki, bu AES-in istismar müddətinin artıq bitməsinə baxmayaraq, istifadəsi davam edir.

M.Qurbanov əlavə edib ki, “Metsamor” AES-in yaratdığı təhlükələri bir neçə qrupa bölmək olar: “Birinci təhlükə nəzarətin zəif olduğu vaxtlarda nüvə materiallarının stansiya ərazisindən çıxarılması və onların terror məqsədilə istifadəyə yönəldilməsidir. Dəfələrlə bu stansiyadan bölünən nüvə materiallarının çıxarılması halları olub. Bu stansiyadan çıxarılan bölünən nüvə materiallarının dəfələrlə Gürcüstan ərazisində saxlanılması halları olub. Yəni nəzarətin zəifliyi üzündən istifadədən çıxarılmış bölünən materialların terrorizm üçün istifadəsi real məsələdir”.

O əlavə edib ki, bütün atom reaktorlarında olduğu kimi, “Metsamor” AES-də də külli miqdarda maye radiaktiv tullantı toplanıb: “Ötən illər ərzində toplanan bu tullantıların çəkisi min tonlarla ölçülür. Bunların saxlanılması üçün müəyyən anbarlar tikilir. Bir halda ki, stansiyanın vaxtı keçib, onda anbarlar da öz hədəf parametrlərini aşmaq üzrədirlər. Bu tipli radiaktiv tullantıların hərbi məqsədlər üçün istifadə edilə bilməsi də Ermənistan tərəfindən gizlədilmir. Yəni “çirkli bomba”lardan istifadə real məsələdir”.

Ermənistan tərəfindən “çirkli bomba”lardan istifadə təhlükəsinin olduğunu söyləyən M.Qurbanovun sözlərinə görə, belə “bomba”lar adi atom bombalarından fərqlənir. “Çirkli bomba”ların yüksək şüalanma fonu yaratmaq xüsusiyyəti var: “Çirkli bomba”lar partlamır. Onlar mərmilərə, raketlərə birləşdirilir və onlarla bərabər müəyyən ərazilərə çatdırılır. 1950-ci illərin ortalarında keçmiş SSRİ-də “çirkli bomba”ların istifadəsi haqqında böyük proqram olub. Ona görə də çox güman ki, Ermənistanın belə bombalar hazırlamaq təcrübəsi var. Çünki sovet dövründə həmin sahədə işləyənlər erməni mütəxəssislər olub. Yəni onların təcrübəsindən istifadə etmək olar. Buna görə də “çirkli bomba”lardan istifadə baxımından da real təhlükə var”.

M.Qurbanovun sözlərinə görə, “çirkli bomba”lar əhalinin kütləvi şəkildə məhv edilməsi məqsədilə istifadə oluna bilər: “Düzdür, bu, lokal ərazilərdə ola bilər. Amma onlar kütləvi şəkildə insan tələfatına səbəb ola bilər. “Çirkli bomba”lar həm də hərbi obyektlərin – qərargahların, texnikaların və s. sıradan çıxarılması məqsədilə istifadə edilə bilər”.

Mütəxəssis əlavə edib ki, “Metsamor” AES-in nüvə tullantılarının basdırılmasından ötrü Azərbaycanın işğal olunmuş ərazilərində şərait var. Onun sözlərinə görə, tullantılar işğal altındakı dağlıq ərazilərdə – mağaralarda, faydalı qazıntılar çıxarılarkən yaranmış boşluqlarda basdırıla bilər.

M.Qurbanov qeyd edib ki, nüvə tullantılarının Azərbaycana axıb gələn Araz və Kür çayları ilə axıdılması təhlükəsi də var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR