Milli Preventiv Qrupun üzvləri Bakı istintaq təcridxanasında başçəkmə həyata keçirmişlər

DSCN1583Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.

Ombudsman Aparatından Qafqaznews.az-a verilən  məlumata görə başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər Bayram Məmmədov və Qiyas İbrahimov təkbətək qəbul edilmişlər.

MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə keçirilmiş baxış zamanı hər hansı xəsarət aşkar olunmamışdır.

Eyni zamanda onların saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlərə, tibbi kitabçalarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxslər Bakı istintaq təcridxanasına gətirildikləri zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı onların bədən səthində xəsarət izi aşkar edilməmişdir.

B.Məmmədov və Q.İbrahimov bu müəssisədə saxlanılma şəraitindən və rəftardan razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildirmişlər.

Başçəkmə çərçivəsində başqa şəxslər də qəbul edilmiş və onlar hər hansı bir narazılıqlarını bildirməmişlər.

Qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hüquqi məsləhətlər verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı Baş Prokurorluğa məlumat verilmişdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR