Qanun var, amma mexanizm yoxdur

316ce6981CD73-A409-420D-8CF6-9F294E4267A9_w640_r1_s-2“Ötən gün Qərb bölgəsində müşahidə olunan dolu və güclü leysan Tovuz rayonunda ciddi fəsadlar törədib”.

Bu barədə Tovuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Mahir Həsənov məlumat verib.

O bildirib ki, təbii fəlakət nəticəsində rayon ərazisində 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub: “Təbii fəlakət əsasən rayonun Kirən, Qalaboynu, Əhmədabad, Yanıxlı, Köhnə Qala, Əlibəyli və Alakol kəndlərini əhatə edib. 40 dəqiqəyə yaxın davam edən dolu kənd təsərrüfatına, yaşayış evlərinin dam örtüklərinə, elektrik təsərrüfatına xeyli ziyan vurub. FHK-nın ilkin hesablamalarına görə, adıçəkilən kəndlərdə 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub, Kirən kəndində isə yüzdən artıq ev quşu tələf olub. Güclü külək bəzi kəndlərin elektrik xətlərinə də ziyan vurub. Hazırda adiyyəti qurumlar təbii fəlakət baş verən yaşayış məntəqələrində enerji verilişinin bərpasına çalışırlar. Bu gün günorta saatlarında yenidən hava şəraitinin kəskin dəyişməsi işlərin ləngiməsinə səbəb olub”.

M.Həsənovun sözlərinə görə, günün sonuna qədər yaşayış məntəqələri elektrik enerjisi ilə tam təmin olunacaq (Report.az).

Kənd təsərrüfatının sığortalanmasına qədər, fermerlərin müflis olması riski böyük idi. İstənilən təbii fəlakət femerlərin məhsulunu məhv edə və ailəsini yoxsulluğa düçar edə bilərdi. Lakin kənd təsərrüfatının sığortalanması bu riski azaldıb.

Azərbaycanda bu sığorta növü artıq qanunvericilik səviyyəsində təsdiqlənib. Amma iqtisadçı Azər Mehdiyevin sözlərinə görə, ölkəmizdə hələ bu sığortanın mexanizmi işlənib hazırlanmayıb.

“Əhalinin özü də buna böyük maraq göstərmir”, – deyə Azər Mehdiyev vurğulayıb.

“Niyə?” sualına isə ekspert belə cavab verib: “Ona görə ki, bizim kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımız sığorta ödəməsi etməkdə məna görmürlər. Bir çoxu sadəcə bunu ödəmək gücündə deyil. Həmçinin, çoxları inanmır ki, təbii fəlakət olduğu halda, onlara sığorta ödəniləcək”, – deyə iqtisadçı kavkaznews.az-a bildirib.

Mehdiyevin fikrincə, bu narahatlıq tamamilə əsaslıdır.

“Hətta Kənd Təsərrüfatı nümayəndələri də etiraf edir ki, fermerlər onların payına düşən sığortanı ala bilmirlər”, – deyə ekspert vurğulayıb.

Azər Mehdiyev qeyd edib ki, bur çox ölkələrdə dövlət özü fermerlərin yerinə sığorta ödənişlərinin yarısını keçirir.

“Amma Azərbaycanda belə mexanizm yoxdur. Düşünürəm ki, ölkəmizdə bunun üçün xüsusi fond yaradılmalıdır. Hətta ilk sığorta ödəməsini fermerlərin yerinə dövlət ödəməlidir. Bu, kənd təsərrüfatı sığortasına etimadın yaranması üçün vacibdir”, – deyə ekspert əlavə edib.

R.Həsənoğlu

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR