Şərikinin qətlini sifariş verən şəxs Ali Məhkəməyə müraciət göndərdi

img1489804Hümbət Məmmədovun müraciəti Əflatun Piriyevin yaxınlarında kəskin etiraz doğurdu
 
Ərəstun Piriyev: “Qardaşımın qanına əl batırmış şəxsin cinayətinə kimsə şərik olmasın”
Şəriki Əflatun Piriyevin qətlini sifariş verməkdə və dələduzluqda ittiham edilərək ömürlük azadlıqdan məhrum edilmiş Hümbət Məmmədov gizlicə Ali Məhkəməyə müraciət edib. O, Bakı Apelyasiya Məhkəməsinin barəsindəki qərarının dəyişdirilməsini istəyir. Şikayətə mayın 24-də Ali Məhkəmədə baxılacaq.
Mərhum Ə.Piriyevin ailə üzvləri onlara məlumat verilmədən məhkəmənin keçirilməsinə kəskin etirazlarını bildiriblər. Mərhumun qardaşı Ərəstun Piriyev “Yeni Müsavat” əməkdaşına deyib ki, H.Məmmədovun əli onun qardaşının qanına batıb: “Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edirəm. Bizim iştirakımız olmadan Hümbət Məmmədovun şikayətinə baxılmasın. Bu adam qardaşımın qətlini sifariş verib. İndi də etdiyi cinayətin cəzasını çəkir. Bizim iştirakımız olmadan məhkəmə onun müraciətinə baxmasın. Bizə vəkil tutub şikayətə baxılarkən prosesdə iştirak etməyə şərait yaradılsın”.
Ərəstun Piriyev bildirib ki, aşağı məhkəmə instansiyalarında onların vəkili Aslan İsmayılov olub və hazırda da onları təmsil edir: “Lakin Aslan İsmayılovu Vəkillər Kollegiyasından çıxarıblar. Ona görə də bizə digər vəkillə müqavilə bağlamağa və şikayətə baxılarkən prosesdə iştirakımıza şərait yaradılmalıdır. Qardaşımın qanına əl batırmış şəxsin cinayətinə kimsə şərik olmasın. Biz Hümbət Məmmədovun şikayətinə baxılacağı haqda təsadüfən xəbər tutmuşuq. Halbuki bu xəbəri bizə Ali Məhkəmədən verməli idilər”.
Bu müraciət H.Məmmədov Ali Məhkəməyə ilk müraciəti deyil. O, ötən ilin fevralında Ali Məhkəməyə müraciət etmişdi. Müraciət əsasında 2015-ci il martın 3-nə məhkəmə baxışı təyin olunmuşdu. Lakin məsələnin ictimailəşməsi H.Məmmədovun planlarını dəyişdi, ona görə də o, son anda müraciətinə baxılmasından imtina etdi. Ötən müddət ərzində isə H.Məmmədov Qobustan qapalı həbsxanasında ömürlük cəzasını çəkir.
Yada salaq ki, 2011-ci il, iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyevə və baş mühasib Əmiraslan Əhmədova odlu silahdan atəş açılır. Hadisə yerinə ilk çatan Hümbət Məmmədov olur və şərikini maşına qoyaraq xəstəxanaya çatdırmaq üçün bütün şəhəri gəzdirir. Qanı axan Ə.Piriyev H.Məmmədovun maşınındaca keçinir. Sonradan heç nə olmamış kimi yas məclisində təşkilatçılıq edən H.Məmmədovu telefon danışıqları ələ verir.  Onun sifarişini yerinə yetirmiş qatil Vüsal Qurbanov H.Məmmədovdan törətdiyi əmələ görə pulunu istəyib. Bu əsnada qatillə sifarişçi arasındakı telefon danışıqları hüquq-mühafizə orqanlarının əlinə keçib. İstintaqa cəlb edilən H.Məmmədov vəziyyətdən çıxmaq üçün min bir bəhanə düşünüb. Lakin daşdan keçən sübut – telefon danışıqlarının mətnləri ilə tanış olanda qətlin sifarişçisi olduğunu boynuna alıb. Sonradan onun digər bir iyrənc cinayəti də üzə çıxıb. Məlum olub ki, H.Məmmədovun əmisinin 16 yaşlı nəvəsi ilə intim münasibəti olub və ondan şikayət edilib…
İstintaq araşdırması zamanı onun dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, Hümbət Məmmədov şərikini tamah məqsədi ilə öldürtdürüb ki, ona olan borcunu verməsin. “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Vüsal Qurbanov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilov məhkəmə məhkəmə qarşısına çıxarılmışdılar.
Bakı Ağır Cinayətlər Məhkəməsi Hümbət Məmmədov və Fərman Hacıyevi sifarişli qətlə görə ömürlük, digərilərini isə müxtəlif müddətlərə azadlıqdan məhrum edib. İş üzrə 24 nəfər zərərçəkənə 1 milyon 777 min manat ziyan vurulub. Belə ki, H.Məmmədov onlardan mənzil verəcəyi adı ilə qeyd olunan məbləği alıb və heç birinə mənzil verilməyib.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR