“Toya rəng qatmaq istədik” – Toy karvanında avtoxuliqanlıq edən sürücü-VİDEO

Снимок“Görmüşük ki, adət-ənənə həmişə belə olub”

Ağdaşda avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

EL TV (Region TV) xəbər verir ki, Ağdaşda toy karvanında olan avtomobillərin sürücüləri qaydaları pozublar. Ağdaş Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlıq edən sürücüləri saxlamağa cəhd göstəriblər. Lakin avtoxuliqanlar yol polisi əməkdaşlarının “saxla!” əmrinə məhəl qoymayıblar. Onlar sürət həddini aşmaq, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxmaqla qaydaları pozublar. Lakin yol polisi qayda pozan avtoxuliqanları saxlamağa nail olub. Sürücülər səhvlərini etiraf etsələr də öz hərəkətlərinə haqq qazandırmağa çalışıblar.

“Toyun karvanına girərkən istədik ki, bir az rəng qataq, yəni pis niyyətlə etməmişik, manevrlər-zad yaratmaq istəmişik. Görmüşük ki, həmişə adət-ənənə belə olub” – deyə saxlanılan sürücü Rəsul Bulqeysi bildirib.

Ağdaş Dövlət Yol Polisi bölməsinə gətirilən sürücülər arasında nəqliyyat vasitəsini idarə etməyə görə sənədləri qaydasında olmayanlar da aşkarlanıb. Həmin sürücülər barəsində inzibati protokollar tərtib olunub.

“Sürücülər barədə inzibati protokollar tərtib olunub rayon məhkəməsinə çıxarılıb. Məhkəmə tərəfindən 9 sürücü barəsində 18 gün müddətinə inzibati həbs tətbiq olunub və bir il də sürücülük hüququndan məhrum ediliblər” – deyə Ağdaş rayon Dövlət Yol Polisi Bölməsinin Yol patrul xidmətinin rəisi Namiq Qəmbərov bildirib.

Qayda pozan sürücülərə qarşı bu cür reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR