Valideyn uşağına hər istədiyi adı qoya bilməz

img2060887Qayda və prosedurlar nə deyir?

Xəbər verdiyimiz kimi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər yeni doğulan ilk nəvəsinə ad qoyarkən ciddi problemlə üzləşib. Bu barədə MSDM -in rəhbəri özü facebook səhifəsində yazıb. Aydın olub ki, İsa Qəmbərin Ada adlı nəvəsinə ad qoyma zamanı ASAN Xidmətdə  problem yaşanıb.
Belə ki, sözügedən xidmətdə 10 gün boyunca bu adın rəsmiləşdirilməsinə etiraz ediblər və buna dövlət komissiyasının siyahısında belə bir ad olmadığını əsas gətiriblər. Bundan başqa, “Ada” adının milli yox, xarici mənşəli olduğunu iddia ediblər. Valideynlər israr edəndə isə onlara “biz komissiya ilə məsləhətləşməliyik, bir həftədən sonra gəlin” deyilib. Müsbət cavab olmayacağı halda məhkəməyə müraciət olunacağını anons verən valideynlərə 10 gün sonra arzuladıqları adı qoymağa icazə veriblər.
Bu isə Azərbaycanda adqoymanın rəsmiləşdirilməsi ilə bağlı proseduru incələmək zərurəti yaratdı.
 
Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir.
Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.
 
Bugünlərdə Ədliyyə Nazirliyi son beş ildə Azərbaycanda doğulan uşaqlara verilən adların siyahısını açıqlayıb. Siyahıda dini adlar yenə üstünlük təşkil edib. Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 17468-nə Yusif, 11815-nə Əli, 7655-nə Ömər, 7520-nə isə Məhəmməd adı verilib.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, son beş ildə doğulan qız uşaqlarından 16715-nə Zəhra adı qoyulub. Qız uşaqlarından 12736-nə Nuray, 12045-nə Fatimə, 7885-nə Zeynəb, 7978-nə Ayan, 6211-nə Xədicə, 4203-nə isə Dəniz adı verilib.
Bundan başqa, qız uşaqlarına verilən adlar arasında Yağmur (3667), İnci (2837), Əsma (2319), Banu (1902), kimi adlar üstünlük təşkil edib.
Oğlan uşaqlarına qoyulan adlar arasında isə Uğur (4269), Tunar (3667), Ümid (3143), Raul (1667), Murad (7296), Ayxan (5312), Kənan (4714) kimi adlar daha çoxdur.
Əslində adların siyahısı ilə bağlı bəlli konsepsiya mövcuddur. Beynəlxalq səviyyədə bunlar “işıqfor” dediyimiz prinsip əsasında formalaşır. Elə adlar var ki, qəbul edilir və onların qoyulması üçün heç bir maneə yoxdur. Bu adlar “yaşıl işığ”a aiddir. “Sarı işığ”a aid olan adlar xoşagəlməz olduğu üçün tövsiyə olunmur. Bu adlar müəyyən qədər keçmiş sovet ideologiyası, nadanlıqla bağlıdır.
Adlara qoyulan birinci “qırmızı işıq” onların latın əlifbasına aid olan hərflərdən istifadə edilməklə yazıla bilməsidir. İkincisi, bu, adın sintaktik tərəfləri ilə bağlıdır. Seçiləcək adın formatına, uzunluğuna tələblər var. 3,4,5 mərtəbəli adların qoyulması yolverilməzdir. Qoşa adlar, məsələn, Məmmədəlihüseyn ola bilməz. Ya Məmmədəli, ya Hüseyn olmalıdır. Biometrik pasportların tələblərindən biri adların uzunluğu ilə bağlıdır. Çünki bir ölkədən digərinə getdikdə qurğular adı oxumağı bacarmalıdır. Saitlərin, samitlərin dalbadal gəlməsi, tələffüzün çətinləşməsinin özü də adlara bir qırmızı işıq salır. Üçüncü məhdudiyyət isə semantik xarakterli, yəni məzmunla bağlıdır. İctimai yerlərdə səsləndirilməsi tövsiyə olunmayan, milli-mənəvi dəyərlərə zərər gətirən sözlərdən adların qoyulmasında istifadə edilə bilməz.
ASAN Xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, asan xidmətlər birbaşa aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Adların qoyulması isə Ədliyyə Nazirliyinin müvafiq şöbəsinin səlahiyyətləri daxilindədir: “Bizim birbaşa belə bir xidmət həyata keçirmək səlahiyyətimiz yoxdur”.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR