Yay düşərgələrindən bütün şagirdlər istifadə edə bilirlərmi?

yayTəhsillə yanaşı, asudə vaxtın səmərəli təşkili də uşaqların təlim-tərbiyyəsində böyük rol oynayır. Asudə vaxt demişkən, qarşıdan yay gəlir. Demək istirahət mövzusu yenidən aktuallıq kəsb etməyə başlayır.

Bir vaxtlar geniş məktəbli kütləsini əhatə edən müxtəlif yay düşərgələri təşkil olunardı. Şəki də bu baxımdan istisna deyildi. Sovetlər birliyinin müxtəlif nöqtələrindən salınan düşərgələrdə məktəblilər istirahət edər, əylənərdilər. Valideynlər də övladlarını belə düşərgələrə həvəslə göndərərdilər. Şübhə etmirik ki, indi bizə baxan orta nəslin nümayəndələrinin bir çoxu bu imkandan yararlanıb. Bəs indi necə? Bütün şagirdlərə yay düşərgəsində istirahət etmək nəsib olub, ya yox?

Kanal S (Region TV) xəbər verir ki, Niyazi Zənburov bir vaxtlar Şəkinin Kiş kəndində təşkil olunan yay düşərgəsində təlimçi kimi çalışıb. O dövrün xatirələrini bizimlə bölüşən qəhrəmanımız belə düşərgələrə böyük marağın olduğunu, şagirdlərin istirahətinin səmərəli təşkili, psixoloji  formalaşması baxımından bu kimi tədbirlərin əhəmiyyət daşıdığını deyir.

 

Vaxtilə bu ərazidə şagirdlər hər yay düşərgə salardılar. Burada onların istirahəti, dincəlməsi, gecələməsi üçün bütün lazımi şərait yaradılmışdı. Keçirilən müxtəlif idman oyunları, müsabiqələr məktəblilərdə xoş təəssürat oyadırdı. İndi bu ərazidə dərin sükut hökm sürür. Bu qurğular bəlkə də 30 ilə yaxındır ki, yenidən şagirdlərin yolunu gözləyir. Doğrudur hazırda yay düşərləri bir qədər fərqli formada keçirilir. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan bu düşərgələrdən məhdud sayda şagirdlər yararlanır.

 

Əlbəttə, 9 aylıq ağır dəsr prosesindən sonra yaxşı dincəlmək, gəzməli, görməli yerlərdə olmaq hər bir şagirdin arzusudur.

 

Müxtəlif vaxtlarda biznes xarakterli turlar, düşərgələr təşkil olunur. Ancaq bu düşərlərdə istirahət yüksək məbləğdə ödəniş hesabına başa gəlir. Hansı ki, bütün valideynlərin buna maddi imkanı yetmir. Yenidən kütləvi düşərgələrin təşkili isə böyük məkan, maddi vəsait və bu kimi amillərdən asılıdır.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun məsul əməkdaşının verdiyi məlumata əsasən, nazirlikdə bununla bağlı hər hansı proqramın işlənib hazırlanması nəzərdə tutulmur. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR