Azərbaycan diaspor təşkilatlarının rəhbərləri bu sahədəki problemləri müzakirə ediblər

598539b356c8ba28bfc63fdc92649601Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda panel təşkil edilib.

APA-nın məlumatına görə, tədbirin moderatoru Türkiyənin Girəsun Universitetinin Tarix kafedrasının müdiri Aygün Attar azərbaycanlıların yaşadıqları xarici ölkələrin ictimai-siyasi həyatında zəif iştirak etmələrinin müzakirə mövzusu kimi diqqət mərkəzində olmasını təklif edib.

Millət vəkili, professor Musa Qasımlı isə yəhudi və erməni diaspor təşkilatlarının dövlətə kömək, yardım edən qüvvə kimi çıxış etdiklərini xatırladıb: “Azərbaycan dövləti qüdrətlidir, ancaq biz diasporumuzun dövlətimizə köməyi barədə də müzakirələr aparmalıyıq. Digər tərəfdən, diaspor nümayəndələrimiz yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. Prezident İlham Əliyev qeyd etdiyi kimi diaspor təşkilatlarımız yaşadıqları ölkələrin dilində media orqanlarının təsis edilməsini də diqqət mərkəzində saxlamalıdır”.

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev isə deyib ki, xaricdə yaşayan azərbaycanlılar bir-birinə dəstək olmalı, bir-birinə mane olmamalıdırlar. A. Quliyev Ukraynada siyasi qurumlarda, dövlət orqanlarında azərbaycanlıların yetərincə təmsil olunmadığını vurğulayıb: “Ukraynaya təhsil almağa gələn tələbələrin əksəriyyəti təəssüf ki, təhsilə yetərincə maraq göstərmirlər, mən bunu təhsil nazirimizə də demişəm. Azərbaycan Təhsil Nazirliyi də bu məsələ üzərində çalışdığını bildirib”.

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Sefer Karakoyunlu da diasporun uğurlu fəaliyyəti üçün dövlət və xalq dəstəyini önəmli sayıb: “İlk növbədə yaşadığımız ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ etməli, tanıtmalıyıq. Ona görə də xarici ölkələrdə mədəniyyət mərkəzləri və kitabxanalar yaradılmalıdır”.

Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə nəzərə çatdırıb ki, Hollandiyada qondarma “erməni soyqırımı” abidəsinin tikilməsinin qarşısını almağa nail olublar: “Xarici ölkələrdə həftəsonu Azərbaycan məktəblərinin açılması və uşaqlarımızın Azərbaycan dilini öyrənmələri vacibdir. Mənə bu il Hollandiyada Kraliça medalı veriləcəkdi, ancaq bir mitinqdə “Ermənilər Qarabağdan çıxmayınca, Qarabağ onlara məzar olacaq” dediyimə görə o medalı vermədilər. Biz bir-birimizə sahib çıxmalıyıq”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Çuvaşiya regional bölməsinin sədri Əziz Bədirov Rusiyada azərbaycanlıların tədbirlərdə fəal iştirak etmədiyinə diqqət çəkib: “Rusiyada biz özümüzə azərbaycanlı desək də, onsuz da onlar bizi türk kimi qəbul edir. Biz bunu nəzərə almalı, Rusiyada da türk və Azərbaycan diasporu fəaliyyətini əlaqələndirməlidir. Digər tərəfdən, mədəniyyətimizi təbliğ etməliyik. Məsələn, Çuvaşiyada Nizami Gəncəvi adına küçə var, keçən il də Nizami Gəncəvi adına stadion açılıb. Diasporun uğurunun əsasında fəallıq və informasiya savaşında aktiv iştirak durmalıdır. Təəssüf ki, bu sahədə bizim problemlərimiz, çatışmazlıqlarımız var”.
Ə. Bədirov 3 milyon əhalisi olan Çuvaşiya və Azərbaycan arasında intensiv əlaqələrin qurulmasının önəmli olduğunu vurğulayıb və bu sahədə Azərbaycanın Rusiyadakı səfirliyinin passiv olduğunu qeyd edib: “Səfirliyə 2 ildir ki, məktub göndərmişik, hələ də xəbər yoxdur”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev isə Ukraynada müdafiə və təhlükəsizlik orqanlarında böyük vəzifələrdə azərbaycanlıların çalışdığını nəzərə çatdırıb: “Mən özüm Ukrayna Millətlər Assambleyasının rəhbəriyəm, Milli Razılıq Komissiyasının üzvüyəm. Ukraynanın keçmiş prezidentləri və hazırkı prezidenti ilə yaxın əlaqələrimiz var. Ukraynada parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı təşəbbüslərin qarşısını almışıq. Biz Azərbaycanı sevirik, eyni zamanda Ukrayna dilini öyrənirik, Ukrayna cəmiyyətinə inteqrasiya olmağa çalışırıq. Bizim uğurların əsasında da bu durur”.

Kipr və Azərbaycan Dostluq Dərnəyinin sədri Orhan Həsənoğlu isə Azərbaycandan xaricə tələbələr göndərilməzdən əvvəl həmin ölkələrdə Azərbaycanın necə təbliğ olunması barədə təlimlər keçirilməsini təklif edib.
Panel müzakirələrlə davam edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR