Abdin Fərzəliyevin kürəkəni rəis müavini oldu

abdin-ferzeliyevŞikayətlərlə vəzifəsi endirilən Pərviz Vəliyev isə 25-ci polis bölməsinə transfer olundu

Bir müddət əvvəl Bakı şəhəri BPİ-nin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Pərviz Vəliyev barədə bir neçə yazı dərc etmişdik. Qafqaznews.az saytı bundan əvvəl bildirmişdi ki, onunla bağlı bir neçə vətəndaşın DİN-in rəhbərliyinə etdiyi müraciət əsasında xidməti yoxlama keçirilmiş, P.Vəliyev tutduğu vəzifəsindən azad olunaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə sahə inispektoru vəzifəsinə təyin olunmuşdu. Qısa xatırlatma üçün qeyd edək ki, bir qrup Biləcəri sakini, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Pərviz Vəliyevdən şikayət edərək bildirirdilər ki, dəfələrlə Pərviz onlara xəbərdarlıq göndərib ki, onların övladları həbs olunacaq. Bir sözlə, şikayətçilərin sözünə görə, Biləcəridə Pərviz Vəliyev hər yeniyetməyə “potensial dustaq” kimi baxır.

Hətta Pərviz Vəliyev məhəllə uşaqlarını məxfi əməkdaşlığa məcbur etməyə cəhd edib. Prezident Administrasiyasında vəzifə tutan Sərvər Vəliyevin öz qardaşını şikayətlərdən qorumaq və məktubları arxivə göndərmək cəhdlərinin də nəticəsiz qalması barədə oxuculara xəbər vermişdik. Məlumatda bildirilir ki, ancaq onun barəsində görülən cəza tədbirləri şikayətçiləri qane etmədiyi üçün, onlar yenidən DİN-nin rəhbərliyinə müraciət etdiklərinə görə P.Vəliyev Nəsimi RPİ-nin 21- ci polis bölməsində sahə inspektoru vəzifəsindən azad olunaraq, Nərimanov RPİ-nin 16-cı polis bölməsinin növbətçi hissəsində növbətçi vəzifəsinə təyin olunur.

Təxminən bir il əvvəl Qafqaznews.az-da da bildirilmişdi ki, Pərviz Vəliyev ona qarşı edilənlərdən Prezident Administrasiyasında işləyən qardaşı Sərvərə şikayət edib. Mənbənin məlumatına görə, Sərvər Vəliyev bu məsələdə canfəşanlıq etsə də, ona “qulaq asan” olmayıb. Nəticədə, qardaşlar təmkinli olmağı və münasib zamanı gözləməyə qərar veriblər. Həmin vaxt Nəsimi RPİ 16-cı polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində Nərimanov RİH başçısı Abdin Fərzəliyevin kürəkəni Elnur Əliyev xidmət edirdi. Əldə etdiyimiz məlumata görə, P.Vəliyev əvvəlcədən planlaşdıraraq E.Əliyevlə dostluq münasibəti qurmağa müvəffəq olub.

Hətta E.Əliyevi inandırıb ki, güya o paytaxta narkotiklərlə mübarizə şöbəsində çalışarkən peşəkar əməliyyatçı olub. Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda E.Əliyev baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Nizami RPİ-nin 25-ci polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub. Üstündən bir müddət keçdiyindən sonra, P.Vəliyev xahiş edib ki, onu da özü ilə birlikdə 25-ci polis bölməsinə transfer etsin.

E.Əliyev P.Vəliyevin 25-ci polis bölməsinin növbətçi hissəsinə növbətçi vəzifəsinə keçirməyə müvəffəq olub. Əldə etdiyimiz məlumata görə, E.Əliyev əvvəl P.Vəliyevi 25 -ci polis bölməsində əməliyyatçı vəzifəsinə aparmaq istəyib. Ancaq P.Vəliyevin şəxsi işində ki, cəzalar bunu etməyə imkan verməyib. E. Əliyevin yaxın ətrafının dediyinə görə, P.Vəliyev E.Əliyevə söz verib ki, guya bir gün növbətçi olaraq, digər iki istirahət günlərində ona cinayətkarlıqla mübarizədə yardımçı olacaq . Görünür, Elnur Əliyevin ya Pərviz Vəliyev kimi şəxsi işində ləkəsi olan işçiyə ehtiyacı var və yaxud da E.Əliyevin yaxın ətrafının dedikləri sadəcə şayiədir. Çünki E.Əliyev peşəkar əməliyyatçı olduğu üçün P. Vəliyev kimi növbətçiyə heç bir ehtiyacı ola bilməz.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR