Alıcıları bazarlardan uzaq salan bahalaşmadan xilas yolları – VİDEO

img2116653Respublika ərazisində havaların qeyri-sabit keçməsi bazara çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına səbəb olub. Bu da öz növbəsində alıcı qıtlığı yaradıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, ekspertlər həm satıcıların, həm də alıcıların bu vəziyyətdən çıxış yolu tapması üçün fermerə dəyən ziyanın ya birbaşa, ya da dolayısı yolla kompensasiya edilməsini məqsədəuyğun hesab edirlər.
Hava şəraitinin mövsüm normalarına uyğun keçməməsi, əksər ərazilərə dolu və leysan yağışların yağması əkin sahələrinə ciddi ziyan vurub. Kəndliyə dəyən ziyanın fəsadları isə bazara çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətində özünü biruzə verir. Belə ki, əkin sahələrinin məhv olması bazara çıxarılan məhsulun miqdarını azaldıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Bunu satıcılar da təsdiq edir.
Satıcı: “Yağan yağışlarla əlaqədar olaraq göyərtilərimiz çox batdı. Alıcılar şikayət edirlər. Keşniş, şüyüd, soğan 20 qəpiyə, ispanaq isə 15 qəpiyədir”.
Satıcı: “Hər şey bahadır. Çox bahalıqdır. Ərik bahadır, gilas bahadır, pomidor, xiyar, bir sözlə hər şey bahadır”.
Müşahidə olunan vəziyyətdən ən çox əziyyət çəkən isə təbii ki, alıcılardır. Bir çox meyvələrdən mürəbbə hazırlandığını nəzərə alsaq, deyə bilərik ki, bahalaşmanın fəsadı özünü qışa tədarükdə də göstərəcək.
 
Alıcı: “Meyvələr bahadır. Gilas, şaftalı, ərik, bunlar çox bahadır. Əriyi 4 manata satırlar.  4 manata kim ərik ala bilər. Səbəb isə odur ki, havalar pis keçib, meyvələr zay olub”.
Alıcı: “Qiymətlər belə də, nə bahadır, nə də ucuz. Adam bilmir ki, nə desin”.
Ekspertlər isə belə hallarda kəndliyə dəyən ziyanın kompensasiya olunmasının tərəfdarıdır. Əks halda, bazar qiymətlərinin tənzimlənməsində çətinlik müşahidə olunacaq.
Nicat Nəsirli- iqtisadçı ekspert: “Belə hal baş verən ölkələrdə dövlət birbaşa və ya dolayısıyla subsidiya sistemini işə salır. Bu, nədən ibarətdir? Deyək ki, heyvandarlıq təsərrüfatına ziyan dəyibsə, burada dolayısı subsidiya mexanizmi işə düşür. Deyək ki, mal-qara tələf olub. Dövlət həmin mal-qaranın dəyərini elə natural qaydada fermerə ödəyir. Və yaxud bostan bitkilərinə ziyan dəyibsə, dövlət onu toxum şəklində, şitil şəkilində və başqa maddi formada dəstəkləyərək, fermerin çox da ziyana düşməməsinin qarşısını alır”.
Daha bir çıxış yolu isə məhsulun sığortalanmasıdır. Ancaq bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Həm fermerlər, həm də kəndlilər demək olar ki, sığorta sistemindən istifadə etmirlər. Nəticədə baş verən hər bir təbii fəlakət məhsulun qiymətinə, o isə vətəndaşın büdcəsinə mənfi təsir edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR