“Azərbaycan diasporçuları bir-biri ilə ədavət aparır”

46593_src-1İyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində” mövzusunda panel iclası keçirilib. APA-nın məlumatına görə, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bəhs edilib.

“Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqal isə lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulmasının vacibliyini önə çəkib. Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva isə deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır: “Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız vacib problemlərdəndir. Çünki Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı bir lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadığı ölkənin siyasi-ictimai həyatında da fəal rol oynamağa çalışmalıdır”. Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə isə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ölkədə müəyyən qanunlar çərçivəsində həyata keçirilir: “Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik” (APA).

Xatırladaq ki, lobbiçilik erməni diasporunun əsas istiqaməti sayılır. Məhz erməni diasporunun lobbiçilik fəaliyyəti sayəsində, Uruqvay parlamenti 1965-ci ildə qondarma “erməni genosidi”ni tanıyıb. Bəs niyə ermənilərdən sayca üstün olan Azərbaycan diasporunun nümayəndələri xaricdə yüksək nəticəyə nail ola bilmirlər? Milli Məclisin üzvü, müstəqil deputat Zahid Orucun fikrincə, dünya erməniliyi hələ dövlət olmadan, öz fəaliyyətini koordinə edə bilib.

“Buna bir çox sosial, etnik, tarixi səbəblər sadalamaq olar. Nəticədə onların məqsəd naminə daxili konfliktlərdən qaçmaq bacarığı formalaşıb”. Deputat vurğulayıb ki, bu gün Almaniya parlamentininn uydurma “erməni soyqırımı”nı tanıması geniş müzakirə olunur.

“Amma buna qədər, 2015-ci ildə “erməni soyqırımı”nın tanıyıb. Katolik kilsəsi 1915-ci ildə həlak olan bütün erməniləri müqəddəs elan edib. Katolik kilsəsinin qərarı isə gec-tez Avropa ölkələrinin qəbul etdiyi sənədlərdə əksini tapır”, – deyə siyasətçi bildirib. Onun sözlərinə görə, “erməni soyqırımı”nı tanıyan müxtəlif dövlətlərin sənədlərinin mətni bir-birini təkrarlayır.

“Belə təəssürat yaranır ki, bu mətnləri eyni adam yazıb”, – deyə Z.Oruc qeyd edib.

“Azərbaycan və erməni diasporları arasında fərq ondan ibarətdir ki, bizim diaspor təşkilatlarını dövlət yaradır, amma erməni diasporları dövləti yaradır. Bu yaxınlarda dövlət başçısı da qeyd etmişdi ki, Azərbaycan diasporu çoxsaylı olmasına baxmayaraq, yaşadığı ölkələrdə informasiya mühitinə lazımi təsir göstərə bilmir”, – deyə millət vəkili xatırladıb. O, təəssüflə əlavə edib ki, Azərbaycan diasporçuları çox zaman bir-biri ilə ədavət aparır.

“Biz onlardan xahiş etdik ki, əgər birləşə bilmirlərsə, heç olmasa, fərdi olaraq Azərbaycan maraqlarının lobbiçiliyi ilə məşğul olsunlar”, – deyə Z.Oruc bildirib.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR