“Bəzi gənclər gəlib tapança satıb-satmadığımızı soruşur” – Bakıda

img2112572 (1)Silah mağazalarında satışa necə nəzarət edilir; ən ucuzu 950, ən bahalısı isə 7000 manata satılan “Vinçester”lər…

Bir neçə gün öncə ABŞ-ın Florida ştatının Orlando şəhərində terror hadisəsi baş verib. Bu qanlı terror 11 sentyabr terrorundan sonra ən qanlı terror aktı hesab olunur. Gecə klubunda törədilən gülləbaran nəticəsində 50 nəfər ölüb, 53-ü yaralanıb. Ağ Ev rəhbəri Barak Obama son hadisələrin hakimiyyəti və ictimaiyyəti odlu silah dövriyyəsinə nəzarətin gücləndirilməsi üzərində daha ciddi düşünməyə vadar edəcəyinə ümidvar olduğunu bildirib.
Bu məsələ, həmçinin son vaxtlar ölkəmizdə odlu silahla törədilən qətllərin sayının artması Azərbaycanda da silah mağazalarına nəzarətin gücləndirilməsi məsələsini gündəmə gətirir. Azərbaycanda mağazalarda yalnız ov silahlarının satıldığı deyilsə də, iddialara görə, qanunla qadağan olunmuş silahlar da əldə etmək mümkündür. Faktlar göstərir ki, ölkədə odlu silahla törədilən cinayət olaylarının sayında ciddi artım tendensiyası var. Bu da əhalidə kifayət qədər tüfəng olduğunu deməyə əsas verir. Odu silahla törədilən əksər cinayətlərdə bu silahın qanunsuz saxlanıldığı da aşkara çıxır. Bu isə o deməkdir ki, silah mağazalarında kimə gəldi silah satırlar. Təbii ki, bunu bütün silah mağazalarına aid etmək olmaz.
Ümumiyyətlə, silahların qiyməti, alıcıları ilə maraqlanmaq üçün yolumuzu silah mağazalarından saldıq.
Metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən ov tüfəngi mağazasında silahları sifarişlə gətirdiklərini dedilər. Hazırda orada olan silahlar isə əsasən tir tüfəngləri idi. Satıcı Cabir Nəsirov silahların müxtəlif qiymətə olduğunu dedi: “Bizdə ov tüfənglərinin əksəri Türkiyə istehsalıdır. Rusiya istehsalı olan ov tüfəngləri də olur. Qoşa lüləli Türkiyə istehsalı olan ov tüfənginin qiyməti 1050-1150 manatdır. Tək lüləli tüfənglər 950 manatdır. ”Vinçester”, əsl adı “Beşatılan” olan tüfəngin qiyməti isə 950 manatadır. Bunun 3 min manata olan növü də var. Qiymətlər bu tüfənglərin düzəldilməsinə, quruluşuna görə fərqlənir.  Bizdə ən bahalı ov tüfəngi 3 min manatadır. Türkiyə istehsalıdır. Biz tir tüfəngləri də satırıq. Gəlib maraqlanırlar. Tir silahlarını tək şəxsiyyət vəsiqəsi ilə sata bilirik. Bunların patronu 4,5-mm-dir. 4,5-dən yuxarı olanlar artıq odlu silah sayılır ki, onları satmaq üçün psixoloji, narkotik mərkəzindən arayış tələb edirik. Çox vaxt gənclər gəlib yivli silah, tapança olub-olmaması ilə maraqlanırlar. Bu cür silahlar heç yerdə yoxdur. Satışı da qadağandır. Kimsə gəlib ov tüfəngi almaq istəyəndə onun üzünə baxanda bilmək olur ki, bu adam silahı nə məqsədlə almaq istəyir. Bəzən elə olur biri gəlib onda silah olduğunu və mağazamıza satmaq istədiyini deyir. Biz heç o adamı dinləmirik, dərhal mağazadan çıxarırıq”.
Vitrində olan soyuq silah adlanan bıçaqlar da diqqətimizdən yayınmadı. Qiyməti 25 manatdan başlayan bu bıçaqların şəxsiyyət vəsiqəsi ilə satıldığını deyən satıcı bununla da maraqlananların olduğunu dedi.
Digər baş çəkdiyimiz silah mağazasında isə “Vinçester” markalı silahın ən ucuzu 1200-2000 manat, ən bahalısı isə 7000 manat dəyərində idi. Onu da qeyd edək ki, ovçu mağazalarında əsasən Türkiyə, Rusiya, İtaliya istehsalı olan silahlar satılır.
Qeyd edək ki, ölkəmizdə silah almaq, gəzdirməklə bağlı xeyli məhdudiyyətlər və sərt qaydalar var.
Hüquqşünas Müzəffər Baxış qanunsuz silah gəzdirmə ilə bağlı Azərbaycan qanunvericiliyində xeyli sərt cəzaların olduğunu dedi: “Azərbaycan Respublikası qanunvericiliyinə görə, yivsiz olan od silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, qanunsuz olaraq digər odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Bu qəbildən olan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təsnif olunur və bu şəxslər 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Eyni əməllər qabaqcadan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 228.1 və  228.2-ci maddələri ilə eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Hətta bizim Cinayət Məcəlləsinin tələblərinə görə təkcə odlu silahlar yox, qanunsuz olaraq qaz silahı, soyuq silahlar, o cümlədən soyuq atıcı silah əldə etmək, satma və ya gəzdirmək, (soyuq silahın milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq gəzdirmə halları istisna olmaqla) bu əməllər Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təsnif olunur. Və 3 il 20 saatdan 4 il 80 saatadək ictimai işlər və ya 3 ilədək islah işləri, ya da 1 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Bundan əlavə, qanunsuz silah hazırlamağa görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229-cu maddəsində bu əməllərə görə də cinayət məsuliyyəti nəzərdə tutulur və qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə 3 ilədək azadlıqdan etmə cəzası ilə cəzalandırılır. Yəni qanunvericilikdə bu məsələlər öz həllini tapıb. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, bizdə qanunsuz yollarla qadağan edilmiş odlu silahların əldə edilməsi mümkündür”.
M.Baxış qanunvericiliyin tələblərinə görə silah almaq istəyən şəxs əvvəlcə polisə və psixoterapiya mərkəzinə müraciət etməli, sənəd almalıdır: “Bizim qanunvericiliyin tələblərinə görə, yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı əldə edən şəxslər bunu əldə etməmişdən əvvəl polis orqanlarına müraciət etməli, həmçinin arayış təqdim etməlidirlər ki, psixi vəziyyətləri sağlamdır. Bu arayış, habelə onların məhkum olunmaması, cinayət törətməməsi barədə sənədlər polis orqanlarına təqdim olunmalı və şəxsin almaq istədiyi silah polis orqanlarında qeydiyyatdan keçməlidir. Silah qeydiyyatdan keçdikdən sonra onun həmin şəxsə məxsus olması barədə polis orqanları tərəfindən onlara xüsusi vəsiqə verilir. Şəxs bu vəsiqəyə əsasən odlu silahı saxlaya bilər.  Hətta vəsiqəsi olan şəxs əgər odlu silahı diqqətsiz saxlasa, buna görə Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulub. Yəni odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda 2 ilədək islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Məsələn, şəxs silahı diqqətsiz saxlayıb və uşaq götürüb atəş açıbsa və nəticədə kimsə xəsarət alıb, ölübsə, bu əməllər Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təsnif olunur. Yaxud da yivsiz odlu silahı kimsə qeydiyyatla əldə edib, amma polis orqanlarında onu qeydiyyatdan keçirməyib. Bu əmələ görə də İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Yəni Azərbaycan reallığına uyğun silahlarla bağlı normativ hüququ aktlar kifayət qədərdir. Amma buna baxmayaraq, bizdə qadağan olunmuş odlu silahların saxlanması, əldə edilməsi, gəzdirilməsi və digər bu kimi hallar müəyyən edilir”.
Günel MANAFLI
musavat.com




  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR