Bakıya gələn qonaqlar dolma kababı, gil toyuğu yeyəcəklər

439758İyun ayının 17-dən 19-na kimi dünya ictimaiyyətinin diqqəti Azərbaycanın paytaxtı Bakıda olacaq. 500 milyondan çox televiziya tamaşaçısı olan yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtın ən qədim hissəsi olan və YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək.

“Formula 1” yarışlarına hazırlıq məqsədilə artıq bir çox dövlət qurumları gücləndirilmiş iş rejimində çalışır. Ölkəyə gələn turistlərin rahatlığının təmin olunması üçün hər bir şey tam hazır vəziyyətə gətirilib. Yarışlar həm də ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir. I Avropa Oyunları çərçivəsində turistlərə Şah İsmayıl, Şah Qacarın daddığı təamlardan təklif edən kulinarlarımız bu dəfə milli mətbəxin təbliğatı baxımından hansı işləri görür?

Qafqaznews.az bildirir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov modern.az-a açıqlamasında təkcə yarış günləri deyil, hər zaman müştəri məmnunluğu üçün çalışdıqlarını deyib: “Biz təkcə keçiriləcək yarışlara görə deyil, iş standartlarımızın tələbidir deyə bu işləri görürük. Xanədan restoranında hər gün xüsusi təqdimatlar keçirilir”.

T.Əmiraslanov ölkəmizə təşrif buyuracaq turistlərə təklif ediləcək özəl yemək reseptləri hazırladıqlarını deyib:

“Qonaq gələcək turistlərə 12-16-cı əsrlərə məxsus qədim reseptlərlə hazırlanan dolma şorbaları, dolma kababları, əmən-kömənci dolması, limon dolması, əncir yarpağında közdə bişirilmiş balıq, gilin içində bişirilmiş toyuq təqdim edəcəyik. Bundan başqa müxtəlif yumşaq şirniyyatlar bişirilir.

Amma bir məsələ var ki, bəzi xörəklərin hazırlanması uzun çəkdiyindən müştərilər gəlmədən 2 gün əvvəl sifariş verməlidir. Məsələn, gildə toyuq hazırlamaq üçün vaxt lazımdır. Gilin özü bahalıdır-kilosu 15-20 manata alınır, əncir yarpağı bağlardan yığılmalır. Sifariş verilir, onun əsasında da dadlı təamlar hazırlanır. Bundan başqa daimi menyularımız da var”.

Xüsusi reseptlər əsasında hazırlanan xörəklərin fərqinə gəldikdə, baş kulinar bildirib ki, bunun üçün həmin yeməkləri dadmaq lazımdır:

“Gildə hazırlanan toyuğun dadına baxanlar sümüyünə qədər yemək istəyir. Sözlə onun dadını tərif etmək mümkün deyil. Ən tox adam belə o yeməyi axıradək yeyir”.

T.Əmiraslanov açıldığı gündən indiyədək restorandan gəlir götürmədiyini qeyd edib: “Restoranımız 100 yerlikdir. Bir dəfə bizə qonaq gələn restorandan əl çəkmir. Müştəri sarıdan korluq çəkmirik. Onu da deyim ki, biz qarşımıza məqsəd qoymuşuq ki, bu restoran 2 il müddətində gəlir gətirməməlidir. Çünki, restoran daha çox təbliğat xarakteri daşıyır. İndiyə qədər restorandan bir qəpik də olsa gəlir götürməmişik.

Əvvəlcə biznesmen maliyyələşdirdi, daha sonra öz-özünü təmin etməyə başladı. Hələlik gəlir barədə düşünmürük.

Çünki restoran gəlir gətirdiyi zaman “ölür”.” “Qiymətlər də Azərbaycanın restoran bazarındakından çox aşağıdır”, – deyən baş kulinar gələn qonaqların zövqünü oxşamaq üçün restoranda Azərbaycan milli musiqisi – muğam səsləndirildiyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR