Bulvara giriş bağlandı

baki_bulvari_02587Bulvara giriş bağlandı.

Qafqaznews.az ansprerss-ə istinadən bildirir ki, Formula 1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağlanıb. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq. “Formula 1” yarışına bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-sı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.

İyunun 16-sı, günorta saat 12:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.

Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.

Plana əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlıdır. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunurdu.

Xəritədə qırmızı rənglə göstərilən küçələrdə 14-21 iyun tarixlərində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, mavi rənglə göstərilən küçələrdə isə nəqliyyatın hərəkətinə icazə veriləcək, ancaq bu yerlərdə parklanma qadağan olunacaq. Çəhrayı rəngdə olan küçələrdə ancaq yarışla əlaqədar akkreditasiyaya sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR