Dövlət Statistika Komitəsində dövlət qulluqçularının peşə bayramı qeyd olunub

2İyunun 23-də Dövlət Statistika Komitəsində dövlət qulluqçularının peşə bayramına həsr olunan tədbir keçirilib.

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi tarixə düşüb. Bu bayram BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən 2003-cü ildən BMT-nin Dövlət Qulluğu Günü kimi bütün dünyada keçirilir.  Ölkəmizdə isə 2006-cı ildən təntənəli qeyd olunur.

Dövlət  Statistika  Komitəsinin Mətbuat Xidmətindən Qafqaznews.az-a verilən məlumata görə tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilk öncə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlif olunan Komitənin 5 əməkdaşını təbrik edib. Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə gördüyü işlərin nəticəsi olaraq dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul olunduğunu və “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışlarının gündəmə gəldiyini xatırladıb. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilib. Nəticədə ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılıb. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Həmin tarixdən etibarən dövlət idarəetmə orqanlarında çalışanlar dövlət qulluqçusu adlandırılıblar. Dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirən bu Qanun Avropa İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri prinsiplərə uyğundur.

Qeyd olunub ki, bu gün ümummilli liderin siyasi kursu və mükəmməl dövlətçilik məktəbi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Dövlət başçısının rəhbərliyi ilə müasir dünyada qəbul edilən dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsidir. Həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır.

Dövlət Statistika Komitəsi Aparat rəhbərinin müavini Xosrov Əbdürəhmanov Azərbaycanda dövlət qulluğunun yaranması və formalaşdırılması mövzusunda çıxış edib.

Tədbirdə ulu öndər Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu sahəsində müstəsna xidmətləri yüksək qiymətləndirilib, dövlət idarəetmə sistemində çalışanların əməyinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və digər sahələrdə böyük uğurlar qazanılıb.

Toplantıda komitənin bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və mükafatlar təqdim olunub.

1 3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR