Ebola Azərbaycanda yayıla bilər? – ARAŞDIRMA

ebola_478t7636623Qorxunc xəstəliyin yayılması təhlükəsi ilə bağlı Azərbaycanın gördüyü tədbirlər nə dərəcədə effektlidir?

Dünya təşviş içndə növbəti Apokalipsisin gəlişini gözləyir. Bir vaxtlar Yer kürəsini donuz və quş qripi qorxudurdu, indi isə Ebola vəlvələsi yaşanır. Amma etiraf etmək lazımdır ki, yeni virus daha təhlükəli və ölümcüldür, qloballaşmanı və insanların təbii yerdəyişməsini nəzərə alanda isə heç kəs heç harada özünü tam təhlükəsiz hiss edə bilməz. Bəs, bizim dövlətimiz öz vətəndaşlarını müdafiə etmək üçün hansı addımları atır?

Təhlükə yaxınlaşır?
Şəbəkədə Ebola haqda məlumatların intensivliyi bu virusun qurbanlarının sayı ilə eyni sürətlə artır. Cəmi bir ay əvvəl uzaq Afrika ölkələrində tüğyan edən virus qorxulu görünmürdü, amma indi təhlükə yaxınlaşır. Artıq oktyabrın 24-də Rusiyada ilk xəstənin qeydə alınacağı proqnozlaşdırılır. Qonşu Gürcüstanda Afrika ölkələrindən gəlmiş onlarla insan (əsasən, tələbələr) nəzarətə götürülüb, özü də onların arasında Liberiyada işləmiş bir Gürcüstan vətəndaşı da var. Düzdür, onlar stasionar müalicədə deyillər. Hazırda 89 nəfər müayinədən keçib və onlardan heç birində virusun simptomları aşkarlanmayıb. Bununla yanaşı, şübhəli hal baş verdikdə aşağıdakı mexanizm işə düşür: Qərbi Afrika ölkələrindən gələnlər qeydiyyata alınır, sonra inkubasiya dövründə – 21 gün boyunca potensial xəstə nəzarət altında saxlanılır. Düzü, bu olduqca formal və profilaktik sistem təsiri bağışlayır.
Yaranmış vəziyyət bizim vətəndaşlarımızı da narahat etməyə bilməz, amma ümumilikdə görülən tədbirləri ciddi saymaq olar. Məsələn, Səhiyyə Nazirliyi nəzdində Respublika Taun Əleyhinə Stansiyasından “R+”a bildiriblər ki, Ebola virusu təhlükəsilə bağlı “Qaynar xətt” açılıb. Stansiyanın direktor müavini Şaiq Qurbanovun sözlərinə görə, onlar əhalinin virus və yoluxma təhlükələri haqda mütəmadi olaraq məlumatlandırmaq niyyətindədirlər. Amma o qeyd edir ki, Ebolanın Azərbaycanda peyda olması təhlükəsi real görünmür, çünki bu xəstəliyin qeydə alındığı ölkələrlə yaxın münasibətlərimiz yoxdur. Ölkədə Afrikadan olan tələbə və turistlərin sayı da çox azdır. Nəzarət-keçid məntəqələrində Karantin İnspeksiyası tərəfindən nəzarət gücləndirilib. Ölkəyə gələnlərin bədən hərarəti yoxlanılır, həkim baxış keçirir. 3 həftəlik inkubasiya dövrü də nəzərə alınmaqla, bu şəxslər hər gün yaxınlıqda yerləşən poliklinikaya gələrək müayinədən keçməlidirlər.
Ş.Qurbanov əlavə edib ki, Ebola virusu ilə bağlı “Qaynar xətt”ə (530-32-13) artıq çoxlu zənglər daxl olur: “Virus haqda məlumatlar birtərəfli şəkildə yayıldığından, bir çox insanlar panikaya düşürlər: zəng edib bədən hərarətinin yüksəkliyindən, özlərini pis hiss etdiyindən şikayətlənirlər. Biz onlara başa salırıq ki, ölkədən kənara çıxmadan və əcnəbilərlə əlaqədə olmadan xəstələnmək qeyri-mümkündür”.
Bundan başqa, çoxları unudur ki, Ebola virusuna hava-damcı yolu ilə yoluxmaq mümkün deyil – yalnız ifrazat və xəstə insanın əşyaları ilə virus daşıyıcısına çevrilmək təhlükəsi var. Odur ki, əsas profilaktika şəxsi gigiyenadır. Məsələn, vəba olduqca təhlükəli xəstəlikdir, amma hər dəfə yeməkdən əvvəl əlləri yumaq və qaynamamış su içməməklə bu xəstəlikdən qorunmaq olur. Eyni şeyi Ebola haqda da söyləmək olar. Amma istənilən halda, stansiya direktorunun müavini narahatlıq keçirənlərə “Qaynar xətt”ə zəng vurmağı tövsiyə edir.

Bütün risklər
Səhiyyə Nazirliyindən bildirirlər ki, Ebola virusunun Azərbaycana keçmək təhlükəsi yoxdur. Bütün preventiv tədbirlər və sərhəddə nəzarətin gücləndirilməsi profilaktik xarakter daşıyır. Bu xəstəliyin əsas faktorlarından biri heyvanlarla təmasdır. Amma Kənd Təsərrüfatı Nazirliyindən “R+”a verilən məlumata görə, xoşbəxtlikdən, bu xəstəliyin yayıldığı ölkələrlə bizim iqtisadi əlaqələrimiz yoxdur, oradan heç bir kənd təsərrüfatı məhsulu alınmır. “Biz daim Ümumdünya Səhiyyə Təşkilatından gələn məlumatlarla tanış oluruq. Bundan başqa, biz bu xəstəliyin nadir hallarda belə qeydə alındığı ölkələrdən də kənd təsərrüfatı məhsullarının alınmasını dayandırmışıq”, – deyə nazirliyin mətbuat xidmətindən bildiriblər. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov “R+”a bildirib ki, nazirlik nəzdində virusa yoluxmaqda şübhəli bilinənlər üçün xüsusi otaqlar təşkil olunub. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görüb. “Bu virusun spesifik müalicəsi yoxdur. Amma bizdə simptomatik və ən müasir tematik müalicə üçün lazım olan bütün preparatlar var”, – deyə Viktor Qasımov vurğulayıb. Bundan başqa, onun sözlərinə görə, sərhəd məntəqələrində teplovizorlar – yüksək bədən hərarətini qeydə alan cihazların quraşdırılması da təklif olunub. Bəzi məlumatlara görə, atrıq bu cür cihazların quraşdırılmasına başlanıb.

Ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov profilaktik və epidemiyaya qarşı tədbirlərin gücləndirilməsi və Ebola virusunun Azərbaycana keçməsinin qarşısının alınmasına dair əmr imzalayıb. Bu əmrdə tibb xidmətlərinin, həmçinin gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Amma istənilən halda şəhər sakinləri arasında panikanın yayılması qaçılmazdır. Turizm agentliyinin əməkdaşı Sevil Məmmədova deyir ki, tez-tez xaricə gedir, turistlərlə təmasda olur. Və əlbəttə ki, Ebola virusundan profilaktika məsələlərilə maraqlanır. Digər paytaxt sakini isə danışır ki, bu yaxınlarda xaricdən qayıdıb, amma ciddi yoxlamanın şahidi olmayıb: “Biz hamımız – afroamerikalılar, qaradərili ərəblər və s. – birgə növbəyə dayanmışdıq, hər asqıran adam növbəni təşvişə salırdı”.

Bir çoxları xaricdəki tibbi strukturların hazırlıq səviyyəsindən də narazıdır. “Məsələn, Böyük Britaniyada gəlmələrin yalnız bədən temperaturunu yoxlayırlar və anket doldurmağa məcbir edirlər: anketdə virus daşıyıcıları ilə təmasda olub-olmadığını göstərməlisən. Amma kim təminat verə bilər ki, hamı həqiqəti yazır?” – deyə bu yaxınlarda xaricdən qayıtmış soydaşlarımızdan biri danışır: “Üstəlik, təyyarədə temperaturu aşağı salmaq olar və test heç nə göstərməyəcək”.
Bir sözlə, insanların müxtəlif emosiyaları fonunda bizlərə yalnız Səhiyyə Nazirliyinin bütün tədbirlərin görüldüyü haqda iddialarına inanmaq qalır.

“Region Plyus”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR