İctimai dinləmələr Ağdam rayonunda davam etdirilmişdir

2016-05-31-ue8e8v-ombudsman-elmira-suleymanova-balakende-ictimai-dinlemeler-keciribXəbər verildiyi kimi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı rayonlarda ictimai dinləmələr keçirilir. Belə tədbirlərdən biri də Ombudsman Elmira Süleymanova tərəfindən Ağdam rayonunda davam etdirilmişdir.

Ombudsman Aparatının mətbuat xidmətindən  Qafqaznews.az -a verilən məlumata görə,Tədbirdən əvvəl Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad etmişlər.

Quzanlı qəsəbəsində keçirilmiş ictimai dinləməyə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, qaçqın və məcburi köçkünlərin, QHT və KİV-lərin nümayəndələri, habelə əhalinin müxtəlif qrupları, fəal qadınlar qatılmışlar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Ombudsmanı salamlamış, onun tez-tez, o cümlədən aprel döyüşləri zamanı buraya, olduqca gərgin olan təmas xəttinə səfərlər etdiyini, yerli sakinlərlə, əsgər və zabitlərlə, qaçqın və məcburi köçkünlərlə görüşdüyünü, onların vəziyyətlərini, hüquqlarını daim diqqətdə saxladığını yüksək dəyərləndirmişdir. O, döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində rayonda bərpa işlərinin davam etdirildiyi, təmas xəttində yerləşən kəndlərdə evlərin bərpası, zərər dəymiş məktəblərin təmiri, evlərin dam örtüklərinin və hasarların yenilənməsi barədə məlumat vermişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Ağdam rayonunda geniş abadlıq-quruculuq işlərinin davam etdirildiyini söyləmişdir. Qeyd olunmuşdur ki, burada Azərbaycan xəritəsinin təsvir olunduğu Bayraq Meydanı, Bayraq Muzeyi, Şəhidlər Kompleksi, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən Müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Abidə kompleksləri, Mini futbol meydançası, Avtovağzal, İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası, yeni inzibati binalar, ticarət obyektləri, məktəblər istifadəyə verilmiş, Heydər Əliyev prospektində Xiyaban salınmışdır. Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin və Qocalar evinin tikintisi aparılır. Rayonun Evoğlu kəndində, təmas xəttinin yaxınlığında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2 mərtəbəli, 100 yerlik uşaq bağçası tikilib istifadəyə verilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. Əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, onlara göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün müəyyən tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Ağdam rayonunda gündəlik həyat normal tərzdə davam edir, bütün ticarət mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir.

Habelə insan hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və təbliği sahəsində rayondakı tədbirlər haqqında danışılmış, MFP-yə uyğun olaraq vətəndaşların hüquqlarının təmini istiqamətində işlərin davamlı olaraq aparıldığı, vətəndaşların qəbullarının keçirildiyi diqqətə çatdırılmışdır.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil qələbə ilə nəticələnmiş Aprel döyüşləri haqqında məlumat vermiş, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın bir qisminin, o cümlədən strateji yüksəkliklərin, əfsanəvi Lələtəpənin geri qaytarılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətləri, xalqımızın bir qüvvə kimi birləşdiyini və vəhdət təşkil etdiyini vurğulamışdır. Vətən uğrunda şəhid olmuş əsgər və zabitlərin, o cümlədən bu rayondan olan şəhidlərin əziz ruhu ehtiramla yad edilmişdir.

Bildirilmişdir ki, dövlət başçısı və xanımı Mehriban Əliyevanın təmas xəttinə, o cümlədən Ağdam rayonuna, buradakı Mahrızlı kəndinə səfəri yerli sakinlərlə yanaşı, bütün xalqımızda və ordumuzda ruh yüksəkliyini və böyük qələbəyə inamını daha da artırmışdır.

Ombudsman aprelin əvvəli digər döyüş bölgələri ilə yanaşı Ağdam rayonuna da gəldiyini, yerli sakinlərlə görüşdüyünü, Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş nəticəsində azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpəyə kimi getdiyini, orada Dövlət bayrağımızın dalğalanmasını, bunun ölkəmizin əhalisi arasında qələbə təntənəsi və el bayramı kimi qeyd olunmasını müşahidə etdiyini qürurla söyləmişdir.

Sonra Ombudsman dövlət qulluqçularını 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. O, davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən işlərin geniş vüsət aldığını, Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, ölkənin neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da əhəmiyyətini, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırmışdır.

Müvəkkil insan hüquları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm sənəd haqqında danışmış, 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətlərilə bağlı faktiki misallar əsasında fikirlərini bölüşmüşdür.

Dini tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə neqativ halların qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin və səyyar qruplarının uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirmişdir.

Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas mahiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirmişdir.

Ətraflı müzakirələrdə dövlət orqanlarının əməkdaşları, ağsaqqallar, politoloq, fəal qadınlar, rayon ictimaiyyəti nümayəndələrinin çıxışlarında buradakı vəziyyətə, bir sıra mühüm məsələlərə toxunulmuşdur. Eyni zamanda bəzi problemlər, o cümlədən ermənilər tərəfindən hüquqlarının pozulduğu və müharibə şəraitində yaşadıqları, qadınlar arasında intihar hallarının artması, boşanmalar, alimentlərin verilməməsi səsləndirilmişdir.

Ombudsman bu problemlərin aradan qaldırılması, MFP-nin uğurla həyata keçirilməsi üçün rayon sakinlərini birgə səylər göstərməyə və fəal olmağa çağırmışdır. O, MFP-yə uyğun olaraq bələdiyyələrin, xüsusilə qadın bələdiyyə üzvlərinin, sahibkarların fəallığının artırılmasını və  işinin təkmilləşdirilməsini, orta ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsini, ictimai iştirakçılıq haqqında qanunvericiliyin icrası ilə bağlı səylərin artırılmasını tövsiyə etmişdir.

İştirakçılar rayona göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, onun Sərəncamı ilə təsdiq olunmuş MFP-nin icrası məqsədilə əhalinin fəal iştirakı təşkil olunan ictimai dinləməyə və interaktiv müzakirələrin aparılmasına görə burada həmişə sevinclə qarşılanan Müvəkkilə təşəkkür etmişlər.

İctimai dinləmə qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla effektiv müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından əhəmiyyətli olmuşdur.

Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, Uşaq hüquqlarının pilləli tədrisi üzrə kitablar, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər, habelə İctimai iştirakçılıq haqqında qanunvericilik toplusu təqdim olunmuşdur.

Sonra Müvəkkil ona müraciəti olan şəxsləri rayon rəhbərliyi ilə birgə fərdi şəkildə qəbul etmiş, qaldırdırılan məsələlər üzrə yerində araşdırma aparılaraq bir qismi təmin olunmuş və ya aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi ərizələr Ombudsmanın səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.

Habelə rayondakı kənd uşaq bağçasında rəhbərlik və tərbiyəçilər arasında olan anlaşılmazlıq və uzun sürən münaqişə barışdırıcılıq missiyası həyata keçirən Ombudsman tərəfindən araşdırılmış, mübahisə edən tərəflərlə söhbətlər aparılmışdır. Müvəkkilin müdaxiləsi və tövsiyələri nəticəsində bu məsələ öz müsbət həllini tapmış və tərəflər münaqişəyə son qoyacaqlarına, öz işlərinə məsuliyyətli qaydada davam edəcəklərinə razılaşmışlar.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR