Kimlər oruc tuta bilməz? – HƏKİM MƏSLƏHƏTİ

da9cc7efa088b3fc62b82b6236170c31“Orqanizm əvvəlcədən orucluğa hazırlanmalıdır”…

“Qan-damar problemləri olanlar və şəkər xəstələri həkimləri ilə məsləhətləşərək orucluğa mərhələli şəkildə keçməlidirlər”…

“Böyrəyi çıxarılan, xroniki böyrək xəstəliyi olanların uzun müddət susuz qalması onlarda kəskin böyrək çatışmazlığına səbəb ola bilər”…

“Stress də orqanizmin mübadiləsini sürətləndirir, həm susuzlaşmasına, həm də acmasına səbəb olur”…

“Oruc tutmaq uşaqlar üçün mütləq şəkildə əks göstərişdir, uşaqların oruc tutmaları məsləhət deyil”…

“İnsulindən asılı şəkərli diabet xəstələrinin qəti şəkildə oruc tutmaları tövsiyə olunmur”…

“Orucluğu yuxu rejimində keçirmək sonrakı müddətdə yuxu pozğunluğuna səbəb olacaq”…

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, həkim-qastroenteroloq Fərrux Nağıyev deyib.

Həkim aclığın orqanizmə faydalarından danışıb: “Faydalı şəkildə uzun müddət ac qaldıqda, orqanizm zərərli maddələrdən təmizlənir, xaricdən qida qəbul olunmur və orqanizm dincəlir. Oruc tutanlar xüsusilə gec saatlarda çox qidalanmazlarsa, insan özünü daha rahat hiss edir. Gec saatlarda lazımsız, artıq şəkildə qəbul olunan qida orqanizmin yorulmasına səbəb ola bilər. Bəzi adamlar düşünür ki, uzun müddət ac qalmışam və yaxşı qidalanmalıyam, kifayət qədər kalorili qidalar qəbul etməliyəm. Bu, tam yanlış fikirdir”.
Fərrux Nağıyev orqanizmin əvvəlcədən orucluğa hazırlanmasını vacib hesab edir: “Bunun üçün orucluğa bir müddət qalmış gec saatlarda qidalardan imtina olunmalıdır, qidanın miqdarı azaldılmalıdır, mümkün qədər sudan az istifadə olunmalıdır. Normal qidalanmadan qəfil orucluğa keçmək orqanizmi yanıldır. Xüsusən də mədə-bağırsaq xəstələrində problemlər daha da dərinləşə bilər. Qan-damar problemləri olan və şəkər xəstələri həkimləri ilə məsləhətləşərək orucluğa mərhələli şəkildə keçməlidirlər”.

Qonaq orucluq bitdikdən sonra da birbaşa normal qidalanmağa keçməyi məsləhət görmür: “Orucluq bitən kimi qurbanlar kəsilir, qəfil yağlı yeməklər, qovurma, kabab yeyilirsə, bu sonradan orqanizmin fəsadlarına səbəb ola bilər. Orucluq vaxtı orqanizm az qidaya öyrəşir, bayram müddətində ağır yeməklərə keçdikdə, təbii ki, ciddi fəsadlar ola bilər. Bizim tövsiyəmiz odur ki, sahur daha tutumlu olmalıdır. Oruc tutanlar bilməlidir ki, sahurdan iftara qədər 17-18 saat müddətində ac qalacaqlar. Həmin dövrdə yaxşı olar ki, tutumlu qidalardan, məsələn, düyü yeməklərindən, yumurtadan, hətta ət xörəklərindən istifadə eləsinlər. Portağal suyu da içmək olar. Tərəvəz qidalarından, göyərtidən sahurda mümkün qədər az istifadə etmək lazımdır, çünki bu qidalar az tutumlu olduğuna görə, mədədə yer tutur, doyumluluq hissi verir, daha sonra tez həzm olunur. Karbohidrat doyumluluq hissi üçün daha önəmlidir, zülal isə adətən orqanizmin qurumasına xidmət edir. İftarı açmaq üçün az miqdarda su içilir, sonra yaxşı olar ki, ilk qida olaraq şorba yesinlər. 10-15 dəqiqə sonra ət, toyuq, balıq xörəklərdən az miqdarda istifadə etsinlər. Çünki onsuz da iftarla sahur arasında vaxt azdır. Yeməkdən sonra rahat yata bilmək üçün iftarda mümkün qədər az qidalanmaq lazımdır. Burada önəmli olan yuxudur ki, az qida ilə rahat 4-5 saat yatıb sahurda kalorili qida qəbul etmək lazımdır”.

Həkim orucluq  zamanı susuzluğun orqanizmə təsiri barədə də danışıb: “Xüsusilə də, bir böyrəyi çıxarılan, xroniki böyrək xəstəliyi olanların uzun müddət susuz qalması onlarda kəskin böyrək çatışmazlığına səbəb ola bilər ki, bunun sonu ölümlə və ya böyrək dəyişməsi ilə nəticələnə bilər. Ona görə də bu şəxslərin mütləq həkimlə məsləhətləşməsi lazımdır. Susuzluğa dözə bilmək üçün sahurdan faydalı istifadə etmək lazımdır. Sonrakı müddətdə isə mümkün qədər az hərəkət etmək, geyimlərə xüsusi diqqət vermək, sintetik geyimlərdən uzaq olmaq lazımdır. Çünki, bunlar orqanizmin daha çox tərləməsinə, su itirməsinə səbəb olur. Stress amili də çox böyük rol oynayır, bu, orqanizmdə maddələr mübadiləsini sürətləndirir, orqanizmin həm susuzlaşmasına, həm də acmasına səbəb olur”.

Fərrux Nağıyev hipertoniya, şəkərli diabet və böyrək çatışmazlığı olanları xüsusən diqqətli olmağa çağırıb: “Əgər mütləq olaraq oruc tutmaq istəyirlərsə, əvvəlcə özlərini hazırlamalıdırlar, mərhələli şəkildə başlamalıdırlar, həkim nəzarətində olmalıdırlar. Şəkərli diabeti olanlar qanda şəkərin, insulinin miqdarını, böyrək problemi olanlar kreaitini yoxlatmalıdır. Hipertoniya xəstələri də kardioloji testlərdən keçməlidirlər”.

Qonaq uşaqların da oruc tutması ilə bağlı fikirlərini bildirib: “Oruc tutmaq uşaqlar üçün mütləq şəkildə əks göstərişdir, uşaqların oruc tutmaları məsləhət deyil. Dinin də uyğun gördüyü müəyyən yaş həddi var. Xüsusən də keçid dövründə, 14 yaşa qədər olan uşaqların kifayət qədər lazım olan faydalı elementlərə, vitaminlərə, minerallara ehtiyacı var. Onların oruc tutmaları bir ay müddətində faydalı elementlərdən uzaq olması deməkdir. Bu onların əqli inkişafına, boy inkişafına təsir edə bilər”.

Həkim xurmanın əhəmiyyəti barədə də danışıb: “Uzun müddət şəkərdən uzaq qalan orqanizm hiperqlikemiyaya girir, orqanizm az şəkər istifadə elədiyinə görə kifayət qədər yorulur. Xurma C vitamini ilə zəngin qidadır ki, orqanizmin möhkəmlənməsinə kömək edir, eyni zamanda xurma şəkər ehtiyatının bərpa olunmasına xidmət edir. Bu zaman orqanizm gümrahlaşır”.

Fərrux Nağıyev diabetli xəstələrin hansı hallarda oruc tuta bilməsi ilə bağlı da məlumat verib: “Şəkərli diabetin bəzi tiplərində qanda şəkərin miqdarı 24 saatlıq dərman qəbulu ilə tənzimlənir. Amma bəzi insulindən asılı xəstələrimiz var ki, onlara 8 saatdan bir insulin təyin edilir. Belə şəxslərin oruc tutması sonradan hipoqlikemik şoka girmələrinə səbəb ola bilər ki, bu da həyati təhlükəlidir. Ona görə də insulindən asılı şəkərli diabet xəstələrinin qəti şəkildə oruc tutmaları tövsiyə olunmur. İnsulindən asılı olmayan, 24 saat ərzində həblərlə nəzarət olunan xəstələr həkimin tövsiyəsi ilə oruc tuta bilər. Lakin həmin müddətdə xəstəlik dərinləşə bilər, bu da orqanizmə daha ciddi zərər vura bilər”.

Həkim orucluqla bağlı vacib olan məqamları da qeyd edib: “Rahat yatmaq üçün iftarda qida rejiminə diqqət etmək lazımdır. Doyma siqnalı beyinə 15 dəqiqə gec çatır, ona görə də doyana qədər yemək 15 dəqiqə artıq yeməkdir. Mədə çox qida qəbul edərsə, bu, yuxuya mane olacaq. Mütləq gecə yuxusuna əməl etmək lazımdır. Orucluğu yuxu rejimində keçirmək sonrakı müddətdə yuxu pozğunluğuna səbəb olacaq ki, bu da nevroz və psixozlara səbəb ola bilər. İftarda duzdan normal istifadə sahura qədər kompensasiya olunur, su qəbul edə bilərsən. Amma sahurda duzdan istifadə orqanizmin daha çox susuzlaşmasına səbəb ola bilər. Sahura oyanmaq mütləq vacibdir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR