“Azərbaycandan getmişəm, amma dözməyib qayıtmışam… ” – MÜSAHİBƏ

Безымянный copyRüfət Əhmədzadə: “Ədəbi mühitimiz hələ o səviyyədə deyil ki, bütün işimi-gücümü atıb romanlar yazım”

Qafqaznews.az Cəlil Cavanşirin bu günlərdə 30 yaşı olan şair-jurnalist Rüfət Əhmədzadə ilə müsahibəsini oxuculara təqdim edir:

– Rüfət mən səni hövsələsiz, tez özündən çıxan, daima axtarışda olan, bir yerdə qərar tutmayan, hərdən heç nəyi vecinə almayan, üstəlik təhsilli, savadlı və mütaliəli birisi kimi tanıyıram. Yəni yaşıdlarınla müqayisədə sənin fərqli və maraqlı tərəflərin daha çoxdur. Hətta birlikdə işləmişik, çörək kəsmişik, bir-birimizin yazılarını redaktə eləmişik. Bəs sən necə, özün haqqında nə düşünürsən? 30 yaşın astanasında özünü necə təqdim etmək istərdin? Sualı şablonlaşdırmaq istəməzdim, amma istərdim ətraflı danışasan, kimdir Rüfət Əhmədzadə?

– Cəlil bəy, müsahibəyə yaxşı başlamışdın, amma “kimdir Rüfət Əhmədzadə?” sualı bir az şablon səslənir. Necə deyim… Çox zaman hansısa hərəkətə görə ətrafa izahat verməli oluram, ya da lazımsız izahat verirəm. Fikrimi izah etməyə çalışıram… Əslində çox mənasız iş görürəm. Otuz yaşımın astanasında xeyli düşündüm və anladım ki, ən axmaq hərəkətlərimdən biri də özümü anlatmaq cəhdidir.

Öz kefincə yaşayan insanlar daha xoşbəxtmiş…

Mən sadəcə özünü adi insan sayan və bunu tez-tez xatırlamağa çalışan biriyəm. Savadım və istedadım az deyil, yazdığım-yaratdığım bu dili çox sevirəm. Çörəkçi xəmiri sevməsə, yaxşı çörək bişirə bilməz. Bizim də xəmirimiz bu dildir. Ölkəmi bəzən daha çox sevmişəm, bəzən daha çox diksinmişəm və hətta bəzi hallara görə utanmışam. Amma bu dildən heç vaxt utanmayan, usanmayan bir yazaram.

Həm də gördüyü işi yaxşı görməyə çalışan adamam. Ləngliyim var, tənbəlliyim və özündən çıxmağım da var. Amma haqsızlıqdan acığım gəlir… Dindar olmasam da, qul haqqından qorxan bir insanam. Bax belə… Həm də ailəsinə sahib çıxmağı bacaran adamam. Duyğular arta da bilər, azala da… Bəzən özünü “krutoy” zənn edib hər şeyə laqeyd yanaşmaq, azad həyat sürmək də istərsən…

Lakin insan həyatda niyə və kimə görə yaşadığını düşünəndə anlayır ki, yaxşı oğlan evə çörək aparan və ya ən azından aparmağa çalışan oğlandır.

– Həm tərcüməçi, həm siyasətdən yazan jurnalist, həm sosial mövzulara toxunan köşə yazarı və ən önəmlisi şeirdə və nəsrdə qələmini sınamış, uğur qazanmış yazarlardansan. İş karyeran isə enişli-yoxuşludur. Tez-tez işsizlikdən şikayətlənirsən. Amma ölkənin ən nüfuzlu xəbər agentliklərində, portallarında, nəşriyyatda çalışmısan. Bu sualı dostcasına cavablandırmağını istəyirəm, problem kimdədir, sən də yoxsa “onlar” da?

– Deyirlər, günah yıxılandadır. Bəli, razıyam. Amma bu, o cəmiyyətdə keçərli olar ki, orda paxıllıq, intriqa, “yuxarıdan zənglər”, işverənlik və istismar halları yoxdur. Mən heç də “onları” günahlandırmıram. Ya da elə günahı özümdə tapdığımı deməyəcəm. Günahı özümdə axtarmışam, amma az halda tapmışam. Mənim taleyim belə gətirib. Sağlam adam deyiləm, orqanizmim aşırı yüklənməyə dözmür. Gənc yaşlarımdan ailə problemlərini beynimdə qovura-qovura əziyyətə qatlanmışam. Həm səhhətimə vaxt ayıra bilməmişəm, həm də əsəblərim pozulub. İş itirməyimə səbəb də bəzi hallarda yuxusuzluğum və problemlərim olub. Jurnalistika beyin işidir. Beyin işində stabilliyi qorumaq çətindir. Emosionallığım da təsir edir… Amma çox zaman özüm iş yerimdən uzaqlaşmışam.

Subay vaxtlarımda daha çox prinsipial idim. Uşaq doğulub böyüdükcə, insan daha təmkinli, daha tədbirli olmağı öyrənir. Öyrənməsə, vay halına…. Yenə də şükürlər olsun, pis deyil, yenə də az-çox dostlarım var. Məni mənə görə sevənlər yanımdadır.

-İki kitab müəllifisən və mən bilən çapa hazır kitabların da var. Səncə Azərbaycan yazıçısı nə üçün yazdığı kitabların qonararı ilə yaşaya bilmir?

– Yazıçının Azərbaycan kimi kiçik ölkədə ancaq qonorarla yaşamasını düşünmək bir qədər gülməli gələrdi. Amma yazarlar üçün müəyyən proqramlar olmalıdır. Dövlət qrantları, yarımştat işlər, AYB xətti və ya müəyyən fond vasitəsilə ilə yaradıcılıq üçün subsidiyalar ola bilərdi. Bir də ki, iki yaylıqla ağlayan nəşriyyat rəhbərləri ədalətli olsaydı, hər şey yaxşı olardı.

Məsələn, bir nəşriyyatda iki ildir kitabım qalıb, adını çəkmək istəmədiyim naşir hər dəfə deyir guya imkan yoxdur. Kitablar da baha satılır, tələbələr alıb oxuya bilmir. Yalnız yazıçını yox, oxucunu da düşünmək lazımdır.

–Yazmağa nə vaxt başlamısan? Ümumiyyətlə yazar olmasaydın hansı sahədə uğur qazana bilərdin? Ruhuna, ovqatına yaxın bildiyin bir peşə sahəsi varmı?

–Səkkiz yaşımda primitiv şeirlər yazmağa başlamışam. Ədəbiyyata, xüsusilə nəsrə 23 yaşımda gəlmişəm. İlk hekayələrimi “Azadlıq” radiosunda dərc etdirdim. Mənə publisist kimi ilk olaraq dostum Əlişir Əhəd dəstək verirdi. Elə ədəbiyyata və mətbuata o məni ruhlandırdı. Bilmirəm, kim savab, kim günah qazandı… Hazırda Qafqaz Xəbər Agentliyində çalışıram və işimdən narazı da deyiləm.

Amma düzünü deyim Bakıdan, şəhər həyatından sıxılıram.  Yaşlandığım zamanlarda məmnuniyyətlə gedərdim… Həm də səhhətimə faydalı olardı. Məsələn, doğma Xızı rayonunda yaşamaq və yaratmaq istərdim. Əgər 40 yaşıma qədər müəyyən vəsait toplasam, elə Xızıya köçəcəyəm. Orda xudmani ev alaram, maraqlı əsərlər də yazaram…

– Bakıda sıxıldığını deyirsən. Bu həyat şəraitinin çətinliyi ilə bağlıdır, yoxsa Baının gündən-günə genişlənməsi, səs-küylü bir yerə çevrilib yorucu olmasıyla əlaqəlidir? Ümumiyyətlə Bakıdan, Azərbaycandan biryolluq getmək barədə düşünmüsənmi?

– Azərbaycandan getmişəm də, dözməyib qayıtmışam da. Əlaqələrim az deyil. Polşada, Ukraynada az-maz əlaqələr var, vaxtilə yaxşı iş təklifləri də olub… Amma xaricdə yaşamaq çox çətindir, çox darıxırsan, doğulub böyüdüyün yerlərin hər qarışı yuxuna girir. Başqalarında necədir, bilmirəm, amma məndə doğma yerlər üçün darıxmaq hissi çox güclüdür.

Bakıdan sıxılmağa gəlincə isə… Həm bu şəhərdə həyat çox bahadır, həm də hər gün Masazırdan Bakıya yol ölçməkdən yorulmuşam. Vaxt və enerji çox itirirəm. Hələ həyət evində yaşamasaydım, ürəyim partlayardı. Yenə heç olmasa, vaxtaşırı çıxıb bağçada gəzirəm, samovar qaynadıb bir stəkan çay içirəm, rəhmətlik atamı xatırlayıram, duyğularım təzələnir. Yaradıcı adam üçün təbiət lazımdır. Həm də mən sadəcə jurnalist deyiləm axı… Müəyyən yaşdan sonra özümü ancaq yaradıcılığa vermək istəyirəm. Məsələn, Markez kimi… Adam var məndən də yaxşı jurnalistdir, amma bədii üslubu zəifdir. Mənsə özümdə ədib keyfiyyətləri görürəm. Görməsəydim, belə danışmazdım. Çünki hər kəs özünü tanımalı, ayağını yorğanına görə uzatmalıdır.

Əgər istedadsız olsaydım, bir gün də mətbuatda qala bilməzdim. Çünki arxamda duracaq adamım yoxdur. Bizim ölkədə istedadın yoxdursa, “sağlam” adamın olmalıdır ki, istedadsızlığını ört-bastır eləsin.

– İkimiz də bilirik ki, yazıçılıqla yaşamaq, yazdıqlarının hesabına həyatını yüksə səiyyədə təmin etmək çətindir. Özünü bu yaşdan sonra başqa sahədə sınamağı düşünmüsənmi?

– Bəli, səninlə razıyam. Düşünmüşəm də, gəncliyimdə az-maz ticarətlə də məşğul olmuşam. Yaxşı kino çəkə bilərdim. Yaxud,  fiziki cəhətdən sağlam olsaydım, əks-kəşfiyyata, ya da müdafiə sisteminə meyl edərdim. Hərbi mühəndis olmaq da pis olmazdı… Amma hazırda yolum tamam başqadır.

Bu yaşdan sonra isə daha gecdir fərqli şeylər haqda düşünmək… Amma az əvvəl dediyim kimi, müəyyən yaşdan sonra, rayonlardan birinə köçüb yaşamaq istəyirəm. Xaricə isə ancaq gəzmək üçün gedərəm. Dünyaya çıxmaq, Avropanı fəth etmək kimi içimi yandıran bir arzu yoxdur. Mən yaxşı yazıçıyamsa, Xızının Gimçi kəndində belə yazıb-yaratsam, məni Nyu-Yorkda oxuyacaqlar. Amma yaxşı yazıçı olmaq üçün xarici ölkələri gəzmək də vacibdir.

– Ədəbiyyatın dünyanı xilas edəcəyinə inanırsan? Ümumiyyətlə gördüyün işin insanlıq üçün faydalı olduğu haqqında düşünürsənmi?

– Qəribə olsa da, inanıram. Ədəbiyyat mənim hazırkı işimdə çox köməyimə çatır. Qafqaz Xəbər Agentliyində sosial şikayətlərin araşdırmasıyla məşğulam. İş yoldaşlarım mənə “Mirzə Ələkbər” deyirlər. Yazılarda elə ibarələr, elə bədii ifadələr işlədirəm ki, məqalə quru alınmır, hətta hədəfi vura bilirəm. Hansısa şikayətçi zəng edib probleminin həll olunduğunu deyəndə xoşbəxt oluram. İki gün əvvəl mənlə kobud danışam məmur yazımdan sonra zəng edib ilan dili çıxarır, yalvar-yaxar edir… Bax, bundan həzz alıram.

– Bir az gələcək planlarından danışaq. Çap etdirməsən də bir neçə roman başlayıb yarımçıq saxladığını bilirəm. Necə olacaq yarımçıq romanların taleyi?

– Romanları müəyyən zamandan sonra bir-bir işləyəcəm. Gələcək planlarıma 8 roman daxildir. Hamısının skeleti hazırdır. Artıq yazmaq fikrim yoxdur. Vax tapanda bu romanlar haqqında düşünürəm, cızma-qara edirəm. Hər biri fərqli üslubda, ayrı bir subjanrdadır. Hətta elmi fantastika və maliyyə detetktivi də yazmaq fikrim var. Təqlidçiliyi sevmirəm, amma müxtəlif dünya şöhrətli yazıçıların əsərlərini oxuyuram, hərəsindən nəsə götürürəm. Rey Bredböridən, Corc Orueldən, Herman Hessedən, Rudyard Kiplinqdən, Tolstoydan, Bukovskindən ilhamlanıram. Belə başqa planım yoxdur. Hazırda əsas məqsədim ailəmi dolandırmaqdır.

– Yubiley yaşında içində olduğun ədəbi mühiti necə analiz edərdin? Rüfət bu mühitin harasındadır?

– Bayaq dedim, yaxşı oğlan ailəsinə çörək aparan oğlandır. Bunun üçün çalışıram. Onsuz da, ədəbi mühitimiz hələ o səviyyədə deyil ki, bütün işimi-gücümü atıb romanlar yazım. Dəstəbazlıq, ələbaxanlıq bu mühiti iyrənc vəziyyətə salıb.

Mən jurnalist kimi çalışıram, öz işimlə məşğulam. Amma gəncləri də izləyirəm. Bir neçə gün əvvəl gənc dostumuz Nicat Həşimzadə bir yazı yazmışdı, orda gəncləri daim oxuduğumu, məsləhətlər verdiyimi qeyd eləmişdi.

Hər gün axşam bir gənc müəllifin yazısını oxuyuram, üslubunu və istedadını beynimdə müəyyən edirəm. Mən çalışıram ki, əlimdə olan uğurdan kiməsə də pay düşsün. Bir-iki sayta əlim çatırsa, qoy başqa gənclər də faydalansın. Ona görə də, deyə bilərəm ki, Rüfət Əhmədzadə nə mərkəzdədir, nə də kənarda.Mənim öz yerim var. O yerimdə də çox rahatam. Çox məşhur olsam, metroda rahat gedib-gələ bilmərəm.

Mənəvi rahatlığım hər şeydən vacibdir. Ona görə də, mənəvi rahatlığımı pozacaq şöhrət və qalmaqallardan qaçıram. Bir də ki, səni çox istəyirəm. Öz aləmindəsən, öz ampluandasan. İllər keçsə də, Cəlil Cavanşir mahiyyətcə dəyişmədi. Heyif ki, hələ də kirayənişin Cəlilsən… amma olduğu kimi qalanları çox sevirəm.

Belələri bizim ədəbi mühitimizdə çox azdır. O qədər az ki, barmaqla saymaq olar.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR