Mənzil bazarında son durum necədir?

img1681976Makler: “6-7 aydır ki, ev alqı-satqısı nədir bilmirik”; Ramil Osmanlı: “Bütövlükdə bazarda müxtəlif göstəricilərdə azalmalar var”

Hələ bu ilin əvvəlindən ekspertlər mənzil bazarında bahalaşma olacağı ilə bağlı proqnozlar verirdilər. Bunu isə manatın devalvasiyası, tikinti materiallarının qiymətlərinin durmadan artması ilə əlaqələndirirdilər.
Bəs hazırda mənzil bazarında hansı dəyişikliklər var?
Mənzil bazarındakı son durumu öyrənmək üçün “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən, mənzil alqı-satqısı ilə məşğul olan ofislərə baş çəkdik. Makler Həsənağa Alcanovun sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında passivlik hökm sürür: “6-7 aydır ki, ev alqı-satqısı nədir bilmirik. Notariusun da ünvanını unutmuşuq artıq. Alqı-satqı, demək olar ki, sıfıra bərabər olub. Deyirdilər ki, ”Sovetski”dəki söküntülərə görə ev almaq istəyənlər  çox olacaq. Amma hələ buna rast gəlmirik. Devalvasiyadan sonra qiymətlər qalxdı. Əvvəllər satış dollarla idi. Amma indi manatladır, bu da sərf etmir. Heç manatla da alqı-satqı yoxdur. İndi birotaqlı evin qiyməti (mərkəzdə olmayan) 40-55 min manat dəyərindədir. Halbuki əvvəllər birotaqlı ev ən yaxşı halda 40 min dollardan yuxarı deyildi. İndi isə 40 min manata yalnız çox təmirsiz ev almaq olar. Ev sahibi olmaq  istəyənlər isə evi kreditlə, pulunu hissə-hissə ödəməklə almaq istəyirlər. Məsələn, əvvəlcədən 10 min manat verib, qalan pulu isə sonrakı bir neçə ayda vermək istəyirlər”.
Həsənağa Alcanov kirayə evlərin qiymətinin ucuzlaşdığını dedi. Lakin onu da qeyd etdi ki, əhalinin gəlirləri az olduğundan kirayə ödənişlərində problemlər  yaşanır: “Bir otaq əvvəllər 250 manat idisə, indi qiymət 180-200 manat arasında dəyişir. Kondisioneri, paltaryuyanı olan əla təmirli ev 250-270 manat arasındadır. Üçotaqlı evlər isə 250-300 manatdır. Əvvəllər isə 350-400 manat idi”.
Maklerin sözlərinə görə, torpaq sahələrinə maraq da azalıb: “Çünki tikintiyə icazə yoxdur”.
Ev alqı-satqısı ilə məşğul olan Elman adlı makler isə ev almaq istəyənlərin sayının nisbətən artdığını bildirdi. Onun sözlərinə görə, ev sahibi olmaq istəyənlər torpaq sahəsi alıb ev tikməkdənsə daha çox hazır ev almağa üstünlük verir: “Ev tikmək baha başa gəldiyindən hazır evlərə üstünlük verilir”.
Maklerlərlə söhbətimizdən məlum oldu ki, kirayə ev bazarında gözlənilən ucuzlaşma müşahidə olunur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ ilə əlaqədar “Yeni Müsavat”a danışıb. Ekspert daşınmaz əmlak bazarında hələ qiymət artımından söz açmağın tez olduğunu bildirdi. Onun sözlərinə görə, ümumilikdə müəyyən dövrlərdə qiymətlərin artması konkret situasiyalardan asılı olan bir məsələdir:“2013-2014-cü illərdə şəhərsalma ilə bağlı hökumət söküntüyə, daha doğrusu, mənzil söküntüsünə külli miqdarda vəsait ayırdı. Bu vəsait yenidən geriyə, daşınmaz əmlak bazarına qayıtdı və kəskin şəkildə tələbi artırdı. Mahiyyət etibarilə bu süni tələb idi. Amma faktiki olaraq mövcud vəziyyətdə bazarda tələb artıbsa, qiymət artımı baş verməli idi, bu, təbii proses idi. İnzibati təsirlər istər ilkin, istər təkrar bazara, istərsə də ayrı-ayrı seqmentlərə bu və ya digər şəkildə özünü göstərir. Məsələn, devalvasiya baş verdi, manat öz dəyərini 20-30 faiz itirdi və bu özünü daşınmaz əmlak bazarında özünü göstərdi. Və yaxud Vergilər Nazirliyi qərar qəbul etdi, qərarın icrasına başlanılan andan öz təsirini əmlak bazarında göstərməyə başladı.  Yəni bütün bu proseslərin hamısı üst-üstə yükləndiyi üçün bazarda xaos vəziyyət müşahidə olunmağa başladı”.
Ekspert ümumilikdə daşınmaz əmlak bazarında olduqca passiv bir dövr yaşandığını vurğuladı: “Doğrudur, ilin əvvəlində, birinci rübdə olduğu kimi, kəskin qiymət azalmaları müşahidə olunmur, qiymətlər stabilləşib. Amma bütövlükdə bazarda müxtəlif göstəricilərdə azalmalar var. Yəni iki rəqəmli qiymət azalmaları olmasa da təxminən 2-3 faiz azalma baş verəcək. Bu da mövsümlə əlaqədar olan bir məsələdir”.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR