“Nə meyvə qaldı, nə kartof, nə də taxıl” – VİDEO

441196Ötən gün Şəmkir rayonuna düşən dolu xeyli evin dam örtüyünü sıradan çıxarıb, əkin sahələrini və meyvə bağlarını yararsız hala salıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, kəndin ərazisindən keçən çay isə məcrasından çıxaraq rayon mərkəzi ilə əlaqəni kəsib. Dolu Samux və Daşkəsəndə də fəsadlar törədib.

Əvvəlcə leysan yağış yağmağa başlayıb. Bir qədər sonra isə yağış irihəcmli doluya çevrilib. Təbii fəlakət daha çox rayonun dağ kəndlərində fəsadlar törədib. Ən çox ziyan görənlər isə Tatarlı kəndinin sakinləri olublar.

Vaqif Sadıqov – sakin: “Heç yerdən ümidimiz yoxdur. Deyək ki, bunu əkib-biçib uşaqlarımızı dolandıracağıq. Nə edəcəyimizi bilmirik”.

Leysan yağışları və dolu səbəbindən əksər mənzillərin dam örtüyü sıradan çıxıb. Hektarlarla taxıl və kartof sahələri, eləcə də meyvə bağları yararsız hala düşüb.

Alim Əliyev – sakin: “Nə meyvə qaldı, nə kartof, nə də taxıl. Hamısını dolu məhv etdi. Hətta evlərə də ziyan vurub. Elə evlər var ki, çardaq çəkiblər”.

Mehman Sadıqov – sakin: “100 faiz taxıl sahələri məhv olub. Sahələrə kombayn salmağa ehtiyac yoxdur. Demək olar ki, bir manat xeyir yoxdur”.

Aramsız yağan yağışlar səbəbindən çaylarda suyun səviyyəsi də artıb. Nəticədə Tatarlı kəndinin ərazisindən keçən Zada çayı məcrasından çıxaraq sakinlərin rayon mərkəzi ilə əlaqəsini kəsib. Hətta çay suları evlərin həyətinə doub. Sakinlər isə min bir əzab-əziyyətlə çayın bir hissəsindən digər hissəsinə keçməli olurlar.

Aydın Mustafayev – sakin: “Ümumi kəndin yolu kəsilib. Heç bir köməyimiz yoxdur. Xahiş edirik, bizim kəndin giriş hissəsindəki yolu düzəltsinlər”.

Artıq Tatarlı kəndində əhaliyə dəyən ziyanın miqdarı müəyyənləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyası müvafiq tədbirlər həyata keçirir.

Nəriman Hüseynov – Tatarlı kənd icra nümayəndəsi: “Ötən gün təkcə Dağ Tatarlı kəndində 130 hektar taxıl sahəsinə, 50 hektar kartof sahəsinə ziyan dəyib. 25 evin dam örtüyü yararsız hala düşüb”.

Samux rayonunda da güclü leysan və dolu müşahidə olunub. İri buz parçaları rayonun əsasən Qarayeri qəsəbəsində fəsadlar törədib. Təxminən 20 dəqiqə davam edən dolu bəzi evlərin dam örtüyünə və kənd təsərrüfatına ciddi ziyan vurub. Daşkəsən rayonunda isə güclü leysan son iki gün ərzində müntəzəm olaraq yağıb. Burada da yağış doluya çevrilib və əsasən rayonun Yuxarı Daşkəsən və Mədənçilər qəsəbəsində əkin sahələrinə ziyan vurub. Məlumata görə, bu ərazilərə düşən dolunun diametri 30 mm-ə çatıb.

Videonu izləmək üçün şəklə klikləyin:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR