Nazir çatışmazlığı göstərdi: bəs kim əlac edəcək?

442143_000Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dünən Azərbaycan Milli Ensiklopediyasının 50-ci il yubileyi münasibətilə çıxışında dünyanın ən böyük veb-məlumat mərkəzi “Vikipediya” haqqında danışıb və “Vikipediyada Azərbaycanla bağlı xeyli sayda yanlış məqalə yerləşdirilib. Bu məqalələri Azərbaycanla ideoloji savaş aparanlar hazırlayır” deyib. Hətta məsləhət görüb ki, öz milli veb-ensiklopediyamızı yaradaq və yanlış məlumatları deyil, gerçək hadisələri hər kəsə nümayiş etdirək.

Əslində isə, belə bir işi görməyə ehtiyac yoxdur. Əvvəla, hamıya məlumdur ki, heç bir Avropa vətəndaşı Vikipediya kimi məşhur bir mənbəni unudub bizim ensiklopediyanı oxumaq zəhmətini çəkməz. İkincisi isə, cənab nazirə bu haqda məlumat verilməlidir ki, sözügedən veb-səhifəyə yerləşdirilən materialları hər hansı vəzifəli şəxs deyil, sıravi internet istifadəçiləri hazırlayırlar.

Təkcə onu demək kifayətdir ki, dünyanın ən populyar “Google” axtarış sistemində istənilən şəxs, dövlət, yaxud şəhər barədə məlumat axtararkən, bizə ilk təklif olunan həmin axtardığımız barədə Vikipediyada yazılmış məqalə olur.

İstənilən azərbaycanlı “Vikipediya”ya daxil olaraq, heç bir icazə almadan məqalələrdə düzəliş edə, yaxud yeni bir yazı əlavə edə bilər. Amma statistika da göstərir ki, ölkəmizdəki internet istifadəçilərində bu sahə haqqında ya məlumat yoxdur, ya da buna, sadəcə olaraq, həvəs çatmır.

2002-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan dilindəki viki səhifəsinə indiyə qədər təxminən 105 min məqalə əlavə edilib. Bu rəqəm hər nə qədər böyük görünsə də, digər ölkələrə nisbətən olduqca kiçikdir.

Qafqaznews.az virtualaz.org-a istinadən bildirir ki, dövlətimizlə bağlı təhrif olunmuş, yalan məlumatları yazmaqda peşəkar olan ermənilərin viki portalına 2005-ci ildən bəri təxminən 200 min ədəd material yerləşdirilib. Bu da bütün dünyada anti-türk fikirlərini təbliğ etməkdə ustalaşan aciz Ermənistan xalqının informasiya müharibəsinə nə qədər kökləndiyini nümayiş etdirir.

Digər sərhəd qonşumuz olan Gürcüstan isə bu məsələdə bizimlə təxminən bərabərdir. Belə ki, gürcü dilindəki ensiklopedik portala 104 min məqalə əlavə edilib. Mərkəzi Asiyada yaşayan soydaşlarımız isə informasiya rəqabətində bizi qabaqlamaqdadır. Qazaxlar 216 min, özbəklər isə 128 min material yerləşdirməklə özlərinə aid məlumatları həm xalqlarına, həm də bütün dünyaya nümayiş etdirməyi bacarıblar. Türkiyə türkləri 273 min yazı yerləşdirsələr də, bu əhali nisbətində o qədər də uğurlu bir rəqəm sayılmır. Çünki serblər 330 min, farslar 490 min, ukraynalılar isə 640 min material hazırlayıblar.

İngilis dilinin beynəlmiləl dil olduğunu nəzərə alsaq, asanlıqla deyə bilərik ki, əhalisinin sayına rəğmən, isveçlilər veb-ensiklopediya yarışında bütün xalqları qabaqlamağı bacarıblar. Belə ki, İsveç dilindəki viki səhifəsində düz 3 milyon 215 min ədəd məqalə təqdim olunub.

Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi dünyanın diqqətini cəlb etməkdə çətinlik çəkəcək bir “milli ensiklopediya” layihəsi əvəzinə, internet istifadəçisi olan azərbaycanlı gənclər arasında “Vikipediya”ya material əlavə etmək barədə təbliğat və təşviqat işləri aparsın. Bu məsələ ilə bağlı xüsusi bir komanda yaratmaq da uğurlu nəticələrə gətirib çıxara bilərdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR