“Prezidentin ipoteka ilə bağlı son fərmanı müsbət addım oldu”

5dd0830941f2Vahid Əhmədov: “Ölkəmizdə bir çox vətəndaşı üç əsas məsələ narahat edir: ilkin ödəniş, faiz dərəcəsi və ümumi məbləğ”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb.Bu fərmanda Azərbaycan İpoteka Fondu ilə bağlı bəzi məsələlər həllini tapıb.

Sözügedən sənədlə, dövlət başçısı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ni təsdiq edib. Fərman həmçinin “Elektron hökumət” portalına “Elektron ipoteka” sisteminin yaradılmasını da ehtiva edir.

Fərmanda qeyd olunur ki, “Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir: ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini; ipoteka kreditinin alınması üçün tələb olunan və bu fərmanın 7.2.1–7.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınmasını; ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;  ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını; ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını (Azərtac).

Dövlət başçısının sözügedən fərmanıyla bağlı Qafqaznews.az-a danışan iqtisadçı alim, müstəqil deputat Vahid Əhmədov bildirib ki, əsas etibarilə, İpoteka Fondunun nizamnaməsinin təsdiq olunmasını cəmiyyət çoxdan gözləyirdi.

“Əvvəl İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi. İndi isə 300 milyon manatdan çox nizamnamə kapitalı ilə yeni ASC yaradıldı. Düzdür, bu qurum 2017-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq, hələ köhnə qaydada qalır. Prezidentin son fərmanı ilə bir çox suallara aydınlıq gətirildi, o cümlədən, sosial ipoteka məsələsi ilə bağlı müəyyənləşmə oldu. Həmçinin, sosial kateqoriyalar müəyyən edildi ki, kimlərə ipoteka verilə bilər. Ziyalı təbəqə bu ipoteka kreditlərindən yararlana biləcək. Prezidentin ipoteka ilə bağlı son fərmanı çox müsbət və yerində atılmış bir addımdır. Lakin baxaq görək, yanvarın 1-dən ASC-nin Müşahidə Şurası faiz dərəcələri, ümumi məbləğ və ilkin ödənişlərlə bağlı hansı şərtlər açıqlayacaq”, – deyə deputat vurğulayıb.

O qeyd edib ki, ipoteka kreditindən söz gedərkən, ölkəmizdə bir çox vətəndaşı üç əsas məsələ narahat edir: ilkin ödəniş, faiz dərəcəsi və ümumi məbləğ.

“İlkin ödəniş hazırda ümumi məbləğin 15 faizidir. Ümumi məbləğ də 50 min manatdır. İlkin ödəniş olaraq 7500 manat isə böyük məbləğdir.Həmçinin faiz məsələsi bizi də narahat edir. Fikrimcə, dörd faiz belə yüksəkdir, 1-2 faiz olmalıdır. Ümumi məbləğ də artırılmalıdır ki, insanlar normal səviyyədə bir mənzil ala bilsinlər. Ümid edirəm ki, 2017-ci il yanvarın 1-dək bu məsələlər öz həllini tapacaq”, – deyə Vahid Əhmədov əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR