“Qafqaznews.az saytı yaxın günlərdə bağlana bilər” – MÜSAHİBƏ

13340592_1721854014741135_408967191_oAraz Məmmədov: “Bəzi məkrli məmurlar və maliyyə çətinlikləri mübarizəmizi davam etdirməyə mane olur”

Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədovun müsahibəsini oxuculara təqdim edirik:

– Araz müəllim, Qafqaz Xəbər Agentiyinin tərkibindəki Qafqaznews.az saytı artıq 3 ildir fəaliyyət göstərir. Bu üç ildə nə kimi çətinliklərlə, problemlərlə üzləşdiniz?

– Əgər məqsədimiz uğur qazanmaq, adına layiqli müstəqil bir sayt yaratmaqdırsa… bu yolda çətinliklərin olması da normaldır. Təbii ki, bu müddətdə bizi plagiatda, hətta qanunsuz faəliyyətdə ittiham edənlər də oldu. Belə düşünən və danışanların da bəziləri vəzifəsini itirdi, digərləri isə məğlub olub geri çəkildilər. Üç ildə yüzlərlə vətəndaşın şikayətini dinlədik, problemini araşdırdıq. Hər araşdırma zamanı da ya müxtəlif məmurların qohumlarını, ya da onların himayələrində olan şirkətləri ifşa etdik. Hətta dəfələrlə yüksək vəzifəli məmurların bilavasitə törətdiyi qansuzluqları da üzə çıxardıq.  Kimsə öz vəzifə və səlahiyyətlərindən, dövlət başçısının etimadından sui-istifadə edirsə, əlindəki imkanları ancaq şəxsi mənfəətinə yönəldirsə, bizim də borcumuz buna mane olmaqdır. Biz siyasi proseslərə müdaxilə etmirik, heç bir siyasətçiyə və dövlət xadiminə qarşı qara piar kampaniyalarına qoşulmuruq. Siyasətdə iqtidara da, müxalifətə də hörmətlə yanaşırıq. Diqqətimizi əsasən sosial problemlərin işıqlandırılmasına yönəltmişik. Ən əsası, faktsız hərəkət etmirik. Yazılarımızda daim qarşı tərəfin mövqeyini işıqlandırır, müxtəlif mütəxəssislərin rəylərinə yer veririk.

– İfşa etdiyiniz şəxslər və ya qurumlar hansısa yollarla sizə təzyiq göstərməyə çalışıbmı?

– Bəziləri deyir ki, guya ölkədə demokratiya yoxdur. Amma bizim saytımıza baxdıqda demokratiyanın da, tənqidin də olduğunu aydın görmək olar. Ötən il “kredit oliqarxları” ilə, onların çoxunun məskən tapdığı   Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasındakı (EEİG) maxinasiyalarla bağlı bir sıra araşdırma yazıları dərc etdik. İş o səviyyəyə çatdı ki, EEİG-nin spikeri Kərim Əlirzayev sabiq Latviya prezidenti, sonradan EEİG-nin prezidenti olan Vayra Vike Frayberqanın vasitəsi ilə ölkə rəhbərliyinə şikayət göndərtmişdi.

K.Əlirzayev xanım Frayberqanı inandırmışdı ki, guya Qafqaz Xəbər Agentliyi “nüfuzlu beynəlxalq təşkilatın işgüzar imicinə xələl gətirməyə” çalışır. O müraciətə görə, bizi hətta DİN-in BMCMİ-ə dəvət etdilər və biz idarədə izahat verərək haqlı olduğumuzu və obyektiv araşdırma aparmağımızı bildirdik. Sonra isə EEİG-dəki bəzi rəhbər şəxslərin MTN çətəsindəki cinayətkarlara xidmət etməsinin üstü açıldı və ictimaiyyət EEİG-nin ölkəmizdə nə işlə məşğul olduğunu bildi. Vaxtilə, “MTN çətəsi” kimi tanınan cinayətkar qrupun nümayəndələri tərəfindən də müxtəlif təzyiqlərə məruz qalmışıq.

“O biznesmen bizim adamdır, o məmur bizim dostumuzdur” kimi sözləri çox eşitmişik. Əlbəttə, belə bir məsəl var ki, “yaxşı sərkərdə vaxtında geri çəkilməyi bacaran sərkərdədir”.

Apardığımız mübarizədə ehtiyatı da əldən verməmişik. Lakin qaldırdığımız problem həllini tapana qədər öz dediyimizdə də qalmışıq. Biz haqqı tapdanan zəhmətkeş vətəndaşların da yanında olmuşuq, bürokratik süründürməçilikdən əziyyət çəkən sahibkarın da.

Məsələn, Miqrasiya Xidməti tərəfindən bir şirkətə əsassız olaraq 35 min manat həcmində cərimə yazılmışdı. Bizim yazılarımız və araşdırmalarımızdan sonra, şəxsən Firudin Nəbiyevin imzası ilə yazılan cərimə ləğv olundu.

İşini düzgün görən, dövlətçiliyə sidq ürəklə xidmət göstərən insanlara qarşı cəbhə tutmamış, onları hədəfə çevirməmişik. Sifarişli yazı təkliflərinə həmişə biganə olmuşuq. Bizi məbləğ yox, fakt maraqlandırıb. Ayrı-ayrı polis məmurları ilə də, icra başçıları ilə də, Dövlət Gömrük Komitəsində və SOCAR rəhbərliyindəki müxtəlif şəxslərlə münaqişələrimiz olub. Hər şey də yazıya görə… Bizi məhkəməyə verən icra başçıları, polis rəisləri və məmurlar da olub. Lakin onların bir çoxu məhkəmə qərarı çıxmadan vəzifələrini itiriblər.

Şəxsi bir qərəzimiz olmadığı halda, məkrli məmurlar və işbazlar müxtəlif vasitələrlə bizə təzyiqlər göstəriblər. Gah saytımızı dağıtmağa çalışıblar, gah müxtəlif provayderlərə yol tapıb, Qafqaznews.az-ın yayımını məhdudlaşdırmağa çalışıblar… Hətta keçən il rusdilli saytımız olan Kavkaznews.az-a xaker hücumu edərək, Krımla bağlı bir yazı yerləşdirmişdilər ki, Rusiyada oxunmağımıza problem yaratsınlar. Lakin Rusiyanın aidiyyatı qurumları ilə məsələni aydınlaşdırdıqdan sonra, RF-də yayımla bağlı məhdudiyyət də aradan qalxdı.

– Yeri gəlmişkən, nə kimi sifarişlərdən imtina etmisiniz?

– Bir ara ölkə mətbuatında çox hörmətli bir şəxsə qarşı qara piar kampaniyası gedirdi. MTN çətəsi bizə də təzyiq göstərirdi ki, müasir dövlətçiliyimizin qorunmasında böyük rolu olan bir dövlət xadiminə qarşı yaratdıqları cəbhədə yer tutaq. Lakin biz qəti şəkildə bundan imtina etdik. Belə boşa çıxan təzyiqlər, “xahiş”lər, sifarişlər az olmayıb…

– Bəs nə əcəb sizi hələ susdura bilməyiblər? Necə olub ki, istədiyinizi yazmısınız, amma kimsə heç nə edə bilməyib?

– “Biz heç nədən və heç kimdən qorxmuruq” və “istədiyimizi yazırıq” desəm, yalançı olaram. Biz vicdanımızdan və vicdanlı insanların ikrahından qorxuruq. Biz istədiyimizi yox, əldə etdiyimiz faktları yazırıq. Bəzən hansısa qəzetdə, məsələn, “Yeni Müsavat”da bir qurum haqqında məqalə dərc olunur. Amma Rəşad Rüstəmov, Rüfət Əhmədzadə, Sənan Məmmədli, Tamerlan Zeynallı kimi araşdırmaçılarımız yeni faktlar üzə çıxararaq, daha fərqli və geniş yazılar ortaya qoyurlar. Uzun illər bizimlə çiyin-çiyinə döyüşən, mübarizə aparan İmran Kərimlinin də adını vurğulamaq lazımdır. Həmçinin, daim bizə dəstək olan tanınmış hüquqşünaslar Elmar Süleymanov və Tağı Hüseynovu xatırlamaq yerinə düşər.

Çoxunun bizdən üz çevirdiyi zamanda bu insanlar yanımızda olub, bizə dəyərli tövsiyələr veriblər. Saytın təsisçisi Mahmud Rasimoğlu estafeti biz gənclərə versə də, dəstəyini heç vaxt əsirgəmir. Dostların məsləhətləri, tövsiyələri bizim üçün hər zaman önəmlidir. Getdiyimiz yolda ölçüb-biçmək bizim əsas prinsipimizdir. Bu da ondan irəli gəlir ki, 13324230_1721854018074468_1429152754_oməsuliyyətimizi başa düşürük və işimizi hər zaman orijinal görməyə çalışırıq.

“Susdurmaq” məsələsinə gəlincə isə, Cənab Prezident dəfələrlə tapşırıq verib ki, məmurlar medianı, sahibkarları və umumiyyətlə vətəndaşları incitməsinlər. Dövlət başçısı mətbuatı öz dostu bilib, biz jurnalistləri obyektiv olmağa səsləyib. Biz də bu çağırışdan yola çıxır, araşdırmalarımızı da dövlətçilik çərçivəsində aparırıq. Hərdən elə hallarla qarşılaşmışıq ki, hörmət etdiyimiz bir şəxsə yaxın olan hansısa sahibkar öz işçilərini istismar edir, haqqını tapdalayır. Və hər yerdə də öz əlaqələrindən, tanışlıqlarından bəhs edərək, özünü “toxunulmaz” hesab edir. Lakin belə hallar bizdə keçərli deyil. Biz bu cür insanların da əməllərini ifşa etmiş və göstərmişik ki, belələrinə etibar etmək olmaz.

 – Düşmən qazanmaqdan qorxmamısınız?

– Belə sualları bizə çox veriblər. Amma bizim Cənab Prezident kimi dostumuz var, problemlərini həll etdiyimiz sadiq oxucularımız var. Hətta 3 il əvvəl hansısa problemini həll etdiyimiz adamlar indi də bizə zəng edir, müxtəlif yazılara fikir bildirir, yeni məlumatları bölüşürlər. Özümüz də bilmədən, bu 3 il ərzində səmimi dostlardan ibarət informasiya şəbəkəmiz yarandı. Ola bilər ki, hansısa korrupsioner məmur üçün bizim sayt “reket mətbuatı”dır. Lakin illərlə məhkəmələrdə, idarə dəhlizlərində süründürülən sadə vətəndaşlar problemini saytımız vasitəsilə həll edirsə, onlar üçün biz 1 nömrəli media qurumuyuq. Hamı ilə dost olmaq da mümkün deyil. Ondan yazma, bundan yazma, onu təriflə, bunu reklam et… O zaman biz hansı haqla özümüzə jurnalist deyəcəyik?!

Bəzi adamlar var ki, vaxtilə bizdə çalışıb, sonra adımızdan istifadə edərək bölgələrdə saxtakarlıq və “reket”liklə məşğul olub. Bu kimi halları da eşitdikdə, dərhal hüquq mühafizə orqanlarına müraciət etmişik. Şükürlər olsun, kiçik kollektivlə də olsa, 3 ildə uzun bir yol qət edə bildik.

– Bəs dostlardan maddi dəstək gəlirmi?

– Biz heç bir dostdan maddi dəstək ummuruq. Əsas gəlirimiz reklamdan idi. Müxtəlif məkrli məmurlar davamlı olaraq bizim maliyyə rıçaqlarımızı kəsməyə, problemlər yaratmağa çalışıblar. Hətta bəzən, hansısa işimiz alınmayanda növbəti gün müəyyən yerlərdən zəng gəlib ki, “kömək lazımdırsa, edə bilərik”.

O zaman dərhal anlamışıq ki, bizə problemi kimlər yaradır və hansı məqsədlə yardım təklif edirlər. Bəzi banklar və şirkətlər bizə reklam verirdi. Lakin bu reklamlar da dayandı. Kim isə iqtisadi çətinliklərdən şikayətlənir, kim isə bizə hiss etdirməsə də, hansısa məmurun sifarişini yerinə yetirir…

Amma nə etmək olar? Hədəflərimiz böyük idi. Biz də istərdik ki, müxtəlif bölgələrdə şöbələrimiz olsun, dünya paytaxtlarına və beynəlxalq tədbirlərə müxbir ezam edək… Hər şey biz istəməklə deyil ki, nə deyə bilərəm? Maliyyə çətinlikləri bizi çıxılmaz duruma salıb. Və çox güman ki, oxucularımız hər zaman dərdlərini deyə bildikləri, onların ürəyindən “tikan çıxaran” bir saytla vidalaşsınlar. Bu, ən yaxın zamanda baş verə bilər. Çünki, bəzi məkrli məmurlar və maliyyə çətinlikləri mübarizəmizi davam etdirməyə mane olur. Dövlətə və dövlətçiliyə sadiq olmaq heç də hər zaman sığorta sayılmır. Görünür ki, bu cəmiyyətdə ya kiminsə adamı olmalısan, ya da şəxsi mənfəətinin köləsi… Korrupsioner məmur müstəqil mətbuatı necə sevə bilər? Əgər doyunca özünü təriflətdirə, haqqındakı şikayətləri sildirə bilmirsə… Bu sayta necə “yaxşı” deyə bilər? Qafqaznews.az-ın durumu belədir…

 – Nə etmək fikrindəsiniz?

– Dəqiq olaraq, bir planımız yoxdur. Amma mübarizəmiz davam edəcək. Kollektivimizdə istedadlı və qətiyyətli qələm xadimləri var. Yaxşı jurnalist bir orduya bərabərdir. Məğlub olana qədər döyüşəcəyik.

Söhbətləşdi: Mikayıl Balayev

Legion.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR