“Rus qəbiristanlığı” yanğından sonra

146631_res_01Dünən Yasamal qəbiristanlığında yanğın baş verib. Alov 2 hektar əraziyə ziyan vurub. Yanğınla bağlı məlumatlarda qeyd edilir ki, qəbir sahibləri ərazidə ilan olmaması üçün quru otları yandırır və bu səbəbdən də ərazidə tez-tez yanğın olur.

Mətbuatda isə qəbiristanlığın qəsdən yandırıldığı, köhnə məzar yerlərinin satıldığı haqda məlumatlar yer alıb.

Virtualaz.org saytı xəbər verir ki, “milyonerlər qəbiristanlığı”nın bir addımlığında yerləşən və “rus qəbiristanlığı” kimi tanınan ərazi baxımsız hala düşüb. Yanğın bir neçə köhnə məzara ziyan vurub. Məzar daşları qırılıb, xaç nişanları yanıb.

Yanğından ziyan çəkməyən qəbirlərin ətrafı da bərbad gündədir. Məzarların ətrafına tullantılar atılıb. Butulka, dondurma paketləri, tərəvəz qalıqları ilə bura hansısa istirahət mərkəzinin zibilxanasını xatırladır.

Qəbiristanlığın girəcəyində yerləşən məzar daşları sexində çalışanlar da ərazidə tez-tez yanğın baş verdiyini deyirlər. “Rusların əksəriyyəti Azərbaycandan köçüb. Buna görə də məzarların çoxu uzun illərdir ziyarət olunmur. Qəbirlərin ətrafı quru otlardan təmizlənmir. Yasamal qəbiristanlığının zibilləri bura atılır”,- fəhlələrdən biri əlavə edir.

Qəbiristanlıqda 1900-cü ilə aid olan məzarlar da var. Ətrafını ot basmış belə məzarlar dağılmaq üzrədir. Dəmirdən düzəlmiş xaçlar aşıb, daşlar iki yerə parçalanıb. Ağac qırıntıları, tullantılar bəzi qəbirlərə gedən yolu bağlayıb.

Fəhlələrdən biri deyir ki, ilan olmaması üçün quru otların yandırılması xəbəri yalandır: “İsti havalarda bütün qəbiristanlıqlarda ilan olur. Elə Yasamal qəbiristanlığında da ilan var. Burada daha çox koramal var, o da zəhərsizdir. Ara-sıra gürzəyə rast gəlirik. Amma hələ heç kimi ilan sancmayıb”.

Adının Namiq olduğunu söyləyən fəhlə isə deyir ki, ay ərzində heç 10-15 adam ziyarətə gəlmir. “Yalnız rusların bayramlarında ziyarət edənlər çox olur. Əvvəlki illərə baxmayın, son vaxtlar gələnlər azdır. Heç kim təmizliklə məşğul olmur. Məzar sahibi özbaşına quru ot yandırmaz. Ot quruduğundan adi siqaretdən də yanğın əmələ gəlir”,-Namiq əlavə edir.

Məzarlıqda slavyanlarla yanaşı azərbaycanlılar da dəfn edilib. Azərbaycanlıların qəbirləri qara mərmər daşı ilə fərqlənir.

Şəhərin mərkəzində baxımsızlıqdan bərbad hala düşən bu məzarlıq axşamlar sahibsiz heyvanların məskəninə çevrilir. Buranı Yasamal qəbiristanlığı ilə cəmi bir yol ayırsa da, ayrı-ayrı ölkələrin ərazisi təəssüratını yaradır.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR