“Şəfqət” Klinikası uğursuz əməliyyata görə cavabdehlik daşıyırmı?

34623225İyunun 14-də Qafqaznews.az saytında  “Xəstə həkimi məhkəməyə verməyə hazırlaşır” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirildi ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı sakini Sevinc Mirzəyeva müraciət edib. O, 2014-cü ildə qarın nahiyyəsində ağrı hiss etdiyini bildirdi. “Mənə Sumqayıtdakı 45 saylı xəstəxanada Şaban Əhmədova müraciət etməyi məsləhət gördülər. O, həmçinin “Şəfqət” adlı özəl klinikada çalışır”, – deyə S.Mirzəyeva Kavkaznews.az-a qeyd edib. S.Mirzəyevanın sözlərinə görə, doktor onu müayinə etmədən deyib ki, onun sol yumurtalığında kista var. “Mənə təcili əməliyat etdirməli olduğumu dedi”, – deyə S.Mirzəyeva qeyd edib. Onun sözlərinə görə, Şaban Əhmədov ondan 1500 manat tələb edib, amma sonda 450 manata razılaşıblar. O, heç bir UZİ müayinəsi edilmədən əməliyyata salındığını deyib.

“Əməliyyatdan sonra Şaban doktordan xəstəliyimin epikrizini tələb etdim. O dedi ki, kistanın götürülməsi uğurla keçib, lakin bu çox mürəkkəb əməliyyat idi. Mənə dedi ki, məndə “xərçəng” var imiş”, – deyə S.Mirzəyeva bildirdi. Onun sözlərinə görə, “Şəfqət” Klinikası uzun müddət ona epikriz verməkdən boyun qaçırıb: “Ancaq 7 aydan sonra mənə epikrizi verdilər”. Ona epikrizlə birlikdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən arayış verilib.

“Bu sənəddə deyilir ki, kista ilə birlikdə bütün uşaqlığımı çıxarıblar. Bu yaxınlarda burnumdan əməliyyat olundum. Hər ehtimala qarşı, qan analizi elətdirdim və məlum oldu ki, mənim “xərçəng”im olmayıb”, – deyə Kavkaznews.az saytına bildirib. S.Mirzəyeva onu aldadan həkimi məhkəməyə verəcəyini deyib.

Biz adıkeçən həkim Şaban Əhmədovla əlaqə saxladıq. “Məgər əməliyyatı “xərçəng” zamanı edirlər? Bəlkə, onun ciddi fibromioması olub?”, – deyə Şaban Əhmədov bildirdi. O, Sevinc Mirzəyeva adlı xəstəni xatırlamadığını qeyd etdi. “Mən çox əməliyyat eləmişəm”, – deyə Ş.əhmədov cavab verib. Onun sözlərinə görə, belə hallarda vəkil tuturlar ki, xəstəlik tarixçəsi ilə maraqlansın.

“Siz Sevinc Mirzəyevaya rentgen müayinəsi etmişdiniz?” – deyə soruşduq. “Mən hardan bilim?” – deyə Şaban Əhmədov suala sualla cavab verdi (kavkaznews.az).

“Biz klinikamızın həkimləri tərəfindən aparılan əməliyyatların nəticələrinə görə cavab verməyə hazırıq”, – deyə “Şəfqət” Klinikasının əməkdaşı Legion.az-a bildirdi. “Sizin klinikanız Şaban Əhmədovun da etdiyi əməliyyata görə cavab verməyə hazırdır?” – deyə soruşduq. “Siz ən yaxşısı, bununla bağlı doktor Əhmədovun özünə müraciət edin”, – deyə klinika əməkdaşı cavab verdi.

“Niyə” deyə soruşsaq da, “Şəfqət” Klinikasının əməkdaşı sualımızı cavabsız qoydu. Klinika əməkdaşı dəstəyi asdı.

Mahmud Suanlı

Legion.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR