Sələmçilər tərəfindən müflis edilən vətəndaş Prezidentə müraciət etdi

c44583db-676e-417a-8b0b-fc9dbda76da5Sudef Məcidov: “Fatma Yolçiyevanın əməllərini ifşa etdiyimə görə, indi məni şərləyib tutdurmaq istəyir”

Bu günlərdə Fatma Məhəmməd qızı Yolçiyeva və onun rəhbərlik etdiyi sələmçilər şəbəkəsini ifşa edən Sudef Hacıbala oğlu Məcidov dövlət başçısı İlham Əliyevə müraciət etməyə qərar verib. O, müraciətin surətini Qafqaz Xəbər Agentliyinə də göndərib. Sudef Hacıbala oğlu Məcidovun Azərbaycan Prezidentinə müraciətini oxuculara təqdim edirik:

Möhtərəm İlham Heydər oğlu Əliyev cənabları! Siz daim öz çıxışlarınızda haqqı tapdanan sadə vətəndaşları dəstəkləmiş, bu ideayaları yeritdiyiniz siyasi kursda da göstərmisiniz. Bəzi məmurlar və onlarla əlbir olan işbazların özlərinə qeyri-leqal biznes imperiyası qurması, sadə vətəndaşları aldadaraq müflis etməsi kimi hallar Sizin tərəfinizdən daim pislənilmiş, tənqid hədəfi olmuşdur. Bu səbəbdən də, Azərbaycan xalqının qarantı olaraq, sizə müraciət etməyi lazım bildim. Ümid edirəm ki, mənim problemimlə tanış olduqdan sonra, mənim və bir çox vətəndaşın əmlakını mənimsəyən sələmçilər şəbəkəsinin cəzalandırılması üçün aidiyyatı olan qurumlara müvafiq tapşırıqlar verəcəksiniz. Cənab Prezident! Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi. 2011-ci ilin sonunda Fatma Yolçiyeva məni 9 saylı notariat kontoruna apardı, mənə alqı-satqı sənədləri imzalatdıraraq bildirdi ki, “biz alqı-satqı etsək də, əslində bu girovdur, borcu qaytaranda mağazanı da qaytaracam”.

F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Qeyd edim ki, F.Yolçiyevanı mənimlə əlaqələndirən və sələm işlərində davamlı olaraq vasitəçilik edən İradə Vəliyeva da etiraf edib ki, o pulun yarısı “komisyon haqqı” olaraq ona, “Göygöz Vasif” dediyi oğlana və Sima adlı xanıma çatıb.

İstər Fatma Yolçiyevanın, istərsə də İradə Vəliyevanın etirafları ilə bağlı videoçəkilişlər də var. Sələmçi F.Yolçiyevanın şifahi surətdə qarşımda qoyduğu şərtə görə, 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min manat pul vermişəm.

Möhtərəm dövlət başçısı! Mən 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olundum. Həbsdə olduğum vaxtda Fatmaya pul ödəməyə imkanım çatmadı. Mənim yaxınlarım onunla danışmağa və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini tələb etdi və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü başqalarına icarəyə verdi. Artıq 4 ilə yaxındır F.Yolçiyeva mənim obyektimi tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum.

Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir.

Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min manat, Nəsimi Rayon Məhkəməsinə 50 min manat , Konstitusiya Məhkəməsinə 50 min manat, Plenuma 50 min manat və digər instansiyalara rüşvət verdiyini dedi. Artıq 3 aydır ki, Fatma Yolçiyeva ilə məsələni həll edərək, obyektimi geri qaytarmağa çalışıram. O isə məndən sələm faizləri hesablamaqla 850 min manat pul tələb edir.

Eyni zamanda, iddia edir ki, bu əmlak “qanuni yolla” ondadır və mən hara getsəm də, heç nə edə bilmərəm.

Hətta, Fatma Yolçiyeva “arxasında kimlərinsə durduğunu” və sələmə verdiyi pulların başqa imkanlı şəxslərə aid olduğunu deyir. Təəssüflər olsun ki, bu sələmçilər şəbəkəsinin əməlləri ictimaiyyətdə ifşa olunmasına baxmayaraq, hüquq mühafizə orqanları Fatma Yolçiyeva barəsində ölçü götürmür. Fatma Yolçiyeva mənim və başqa vətəndaşların əmlaklarını mənimsəyib, eyni zamanda bir neçə instansiyaya rüşvət verdiyini etiraf edib. Mətbuatda yayılan videoyazılar da bunu sübut edir.

Mən öz hüquqlarımın müdafiəsi məqsədi ilə onun bu əməllərini ifşa edən materialları ictimailəşdirmişəm və müstəqil mətbuat nümayəndələri də mövzunu araşdırıb. Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər.

Mənimlə yanaşı, Nadir Zeynalov adlı vətəndaş da Fatma Yolçiyevanın əməllərindən Qafqaz Xəbər Agentliyinə şikayət edib və bu məsələ faktlarla ictimailəşdirilib. Bundan başqa, Fatma Yolçiyevaya daim vasitəçilik edən İradə Vəliyeva özü etiraf edib ki, F.Yolçiyevanın sələmə salıb əmlakını mənimsədiyi şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərov da olub.

Hörmətli İlham Əliyev! Sizdən xahiş edirəm, mənim və sələmçilərin qurbanı olan başqa vətəndaşların da haqqının bərpası üçün, müvafiq tapşırıqlar verəsiniz. İnanıram ki, ən yaxın zamanda bizim problemimiz həllini tapacaq və mənim sələmçilər tərəfindən şərlənməyimə imkan verməyəcəksiniz.

 Hörmətlə, Sudef Hacıbala oğlu Məcidov

Mövzuya aid linklər:

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-cinay-tkar-s-b-k-yaradib/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-notariusa-bohtan-atib/

 http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-hakiml-r-pul-buraxir/

http://qafqaznews.az/2016/05/s-l-mcil-r-s-b-k-sinin-sima-si-ozunu-ifsa-etdi-video/

http://qafqaznews.az/2016/06/131479/

http://qafqaznews.az/2016/06/134166/
http://qafqaznews.az/2016/05/huquq-muhafiz-orqanlarinda-s-l-mci-fatma-yolcuyevani-kim-himay-edir/
http://qafqaznews.az/2016/05/s-l-mci-fatma-yolciyevaya-vasit-cilik-ed-n-qadinin-etiraflari-video/

http://qafqaznews.az/2016/06/v-t-ndaslari-muflis-ed-n-s-l-mci-fatma-yolciyeva-kimin-adamidir-video/
http://qafqaznews.az/2016/06/fatma-yolciyeva-m-nims-diyi-obyektl-ri-satisa-cixardi-t-cili/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR