Sayca 30-cu ictimai dinləmə Ombudsman tərəfindən Mingəçevirdə təşkil olunmuşdur

http_95.86.135.60_bpictures_picture132800Xəbər verildiyi kimi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı rayonlarda ictimai dinləmələr keçirilir. Sayca 30-cu belə tədbir Ombudsman Elmira Süleymanova tərəfindən Mingəçevir şəhərində təşkil olunmuşdur.

Ombudsman Aparatının mətbuat xidmətindən Qafqaznews.az-a verilən məlumata görə,tədbirdən əvvəl Müvəkkil və şəhər rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad etmişlər.

Sonra Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV-in nümayəndələrinin, habelə geniş ictimaiyyətin, əhalinin müxtəlif qruplarının, ağsaqqalların, qadınların və gənclərin iştirak etdiyi ictimai dinləmə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ictimaiyyəti adından Ombudsmanı salamlamış və onun insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmişdir. O, insan hüquqlarının təmini və təbliği sahəsində şəhərdə görülmüş işlərlə bağlı giriş nitqi söyləmiş, növbəti ictimai dinləmənin burada keçirilməsinə görə təşəkkürünü bildirmiş, bu tədbirin qarşıda duran problemlərin müzakirəsi və ictimai iştirakçılıq baxımından əhəmiyyətini, habelə şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işləri vurğulamışdır.

Şəhər İcra Hakimiyyətinin başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində Mingəçevirdə görülən işlərdən danışmış, MFP-yə uyğun olaraq vətəndaşların müraciətlərinin effektiv təmini baxımından müvafiq komissiyaların yaradıldığını, geniş abadlıq-quruculuq sahəsində işlərin davam etdirildiyini, məktəb binalarının, uşaq bağçalarının, tibb müəssisələrinin təmir olunduğunu və ya yenidən tikilərək istifadəyə verildiyini, habelə mövcud ehtiyaclar, infrasturuktur islahatları üzrə kompleks tədbirlərin gerçəkləşdiyini qeyd etmişdir.

Bildirilmişdir ki, “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC, şəhərdə “Kür” Elektron Avadanlıqları İstehsalı” MMC, “İnterenerji” Elektrik beton dayaqları istehsalı MMC, “Mingəçevir İzolit” ASC, “Azneftmaş”ASC, “Akkord” Mingəçevir Maşınqayırma zavodu”, çörək bişirmə, ət kombinatı, asfalt zavodu və digər müəssisələr, habelə Mingəçevir Dövlət Universiteti, Mingəçevir  Tibb  Kolleci, Mingəçevir Turizm Kolleci fəaliyyət göstərir. Son dövrdə şəhərdə Heydər Əliyev Mərkəzi, Şəhidlərin Xatirə Muzeyi, Kür Olimpiya Tədris İdman Mərkəzi, yeni mehmanxanalar, məktəblər tikilmiş, parklar salınmış, turizm inkişaf etmişdir.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil Mingəçevirin də sürətlə inkişaf etdiyini söyləmişdir. O, bildirmişdir ki, bu günlərdə Bakı şəhərində Formula 1 yarışlarının yüksək səviyyədə keçirildiyi Azərbaycan dövlətinin beynəlxalq idman yarışlarının təşkilində qazandığı böyük nüfuzunun daha bir təzahürüdür və sevindirici haldır ki, ölkəmiz bir çox mötəbər tədbirlərə ev sahibliyi edir.

Ombudsman davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən işlərin geniş vüsət aldığını, Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, ölkənin neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da əhəmiyyətini, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırmışdır.

Eyni zamanda Müvəkkil qələbə müjdəsi ilə nəticələnmiş Aprel döyüşləri haqqında geniş məlumat vermiş, Vətən uğrunda şəhid olmuş hərbçilərin, o cümlədən bu şəhərdən olan şəhidlərin əziz ruhu ehtiramla yad edilmişdir. Qeyd olunmuşdur ki, Ermənistan tərəfi daim öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır. Onların törətdikləri qeyri-insani əməllərə qarşı beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, o cümlədən AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal etdiyi ərazilərdən, Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırmışlar.

Daha sonra Ombudsman insan hüquları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm sənəd haqqında danışmış, 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətlərilə bağlı təcrübi misallar əsasında fikirlərini bölüşmüşdür.

Dini tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin və səyyar qruplarının uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirmişdir.

Dövlətin humanist siyasəti nəticəsində qısa müddət ərzində  imzalanmış 61 əfv Sərəncamının və 11 amnistiya aktının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılmış, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, 10 min məhkuma şamil edildiyi, 3500 məhkumun isə azadlığa çıxmasını təmin edən sonuncu Amnistiya aktının 15 iyun – Milli Qurtuluş günü tarixindən çevik şəkildə icrasına başlanıldığı, 350 məhkumun azadlığa buraxıldığı həmin gün  Ombudsmanın bununla bağlı penitensiar müəssisələrdə keçirilən tədbirlərdə iştirak etdiyi vurğulanmışdır.

Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirmişdir.

Ətraflı müzakirələrdə uşaq bağçasının müdiri, jurnalistlər, ağsaqqallar, Qarabağ əlilləri, fəal qadınlar, şəhər ictimaiyyəti nümayəndələrinin çıxışlarında şəhərdəki vəziyyətə, bir sıra mühüm məsələlərə toxunulmuş, eyni zamanda devalvasiyadan sonra dollarla götürülən kreditlərin qaytarılmasında çətinliklər, Qarabağ əlillərinin sığorta pullarının ala bilməməsi, ictimai tərbiyənin kifayət qədər olmaması ilə bağlı bəzi problemlər səsləndirilmişdir.

Ombudsman bu problemlərin aradan qaldırılması, MFP-nin uğurla həyata keçirilməsi üçün sakinləri birgə səylər göstərməyə və fəal olmağa çağırmışdır. O, MFP-yə uyğun olaraq bələdiyyələrin, xüsusilə qadın bələdiyyə üzvlərinin, sahibkarların işinin təkmilləşdirilməsini, orta ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsini tövsiyə etmişdir.

İştirakçılar şəhərə göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, onun Sərəncamı ilə təsdiq olunmuş MFP-nin icrası məqsədilə əhalinin fəal iştirakı təşkil olunan ictimai dinləməyə və interaktiv müzakirələrin aparılmasına görə burada həmişə sevinclə qarşılanan Müvəkkilə təşəkkür etmişlər.

Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, İctimai iştirakçılıq haqqında qanunvericilik toplusu, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər Şəhər İcra hakimiyyətinə təqdim olunmuşdur.

İctimai dinləmə qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla effektiv müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından əhəmiyyətli olmuşdur.

Sonra Müvəkkil ona müraciət edən şəxsləri də şəhər rəhbərliyi ilə birgə fərdi şəkildə qəbul etmiş, qaldırdırılan məsələlər üzrə yerində araşdırma aparılaraq bir qismi təmin edilmiş və ya aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər üzrə ərizələr Ombudsmanın səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.

Səfər çərçivəsində E.Süleymanova müasir texnika və yüksək səviyyəli avadanlıqla təchiz edilmiş, ətraf şəhər və rayonlara da xidmət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedərək hemodializ, doğum, cərrahiyyə və digər şöbələrin işi ilə tanış olmuş, palatalarda müalicələri ilə razı qalan pasientlərlə görüşmüş, müəssisənin uğurlu fəaliyyəti barədə məlumat almışdır. Xəstəxanada xidmətlərin ödənişsiz olduğu, imtiyazlı xəstələrə dövlət tərəfindən pulsuz dərman preparatları verildiyi diqqətə çatdırılmışdır. Ombudsman müntəzəm olaraq hamilə qadınlara patronaj xidmətin göstərilməsini, ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasını, pasientlərin sağlamlıq hüquqlarının diqqətdə saxlanılmasını, bu hüquqların təmini baxımından işin daha da təkmilləşdirilməsini tövsiyə etmişdir.

Ombudsman tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) də başçəkmə həyata keçirilmişdir. Milli Preventiv Mexanizm qismində fəaliyyətinin tərkib hissəsi kimi həyata keçirilən başçəkmə zamanı saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən və onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılmış, MSY-nin kameralarına baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədləşmə yoxlanılmışdır. Fərdi qaydada qəbul olunmuş saxlanılan şəxslər şərait və rəftarla bağlı narazılıq etməmiş, onlara hüquqları izah olunmuş və hüquqpozmalardan uzaq olmaları ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Eyni zamanda kobud rəftarın yolverilməzliyi, İşgəncə əleyhinə Konvensiya və onun Fakultativ Protokolunun tələbləri polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına izah olunmuş, hər həftə polislər üçün keçirilən dərslərdə tədris edilməsi, habelə  saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi tövsiyə olunmuşdur.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR