Üzeyir bəyin məşhurlaşdırdığı kor musiqiçi -MARAQLI

85042İkinci Dünya müharibəsinə qədər Azərbaycanda Kor Əhəd adlı musiqiçi çox məşhur idi. Onun ifasından vəcdə gələnlər həm də Əhədə çox acıyırdılar. Amma əsas məsələdən xəbərləri yox idi. Doğrudur, göz nuru insan üçün həyatda ən vacib olan bir məsələdir. Göz nurunu itirən insan həyatdan məhrum edilən insana taydır. Amma 3 yaşında üzləşdiyi ağır xəstəlikdən görmə qabiliyyətini itirən bu uşaq üçün anası bir təsəlli mənbəyi tapır. Bu, onu sonradan bütün Azərbaycana tanıtdıracaq qarmon aləti idi. Dünya işığından məhrum olan altı yaşlı uşaq bütün sevincini kiçik uşaq qarmonunda tapırdı. Anasının onu apardığı qadın toylarında ancaq qarmon səsini “görürdü”. Toydan evə qayıdan kimi həmin səsləri öz qarmonunda yenidən dirildirdi Beləcə, 13-14 yaşına kimi toy və valların hesabına qarmonda təmiz ifa etməyə başladı. O yaşdan sonra isə artıq qadın toylarında sərbəst ifası ilə seçilirdi.
Moderator.az aşağıda oxuculara təqdim olunaqn yazıda böyük Üzeyir bəyin qarmonçalan Kor Əhədi necə məşhurlaşdırmasından bəhs edəcək.
Amma bəydən əvvəl bu işi ustad xanəndə Cabbar Qaryağdıoğlu görmüşdü. O, Əhədi əyalətlərdəki toyların birində kəşf etmişdi. O zaman Kor Əhədin 20 yaşı var idi. Əvvəlcə Bakı-Abşeron civarında, sonra isə bölgələrdə kişi toylarında ifa edirdi. Cabbar Qaryağdıoğlu onunla tanışlıqdan sonra getdiyi toylara Əhədi də apardı. Bu zaman Əhədin şöhrəti çox yerlərə yayıldı. Ondan “Segah”, “Bayatı Qacar”, “Tərəkəmə” kimi musiqiləri təkrar-təkrar xahiş edirdilər. Həyatda itirdiyi işığı qarmonun dillərində tapan Əhəd də böyük həvəslə musiqiləri çalırdı, heç kimin xətrinə dəymirdi.
Cabbar əmi onun üçün nə şərait lazım idisə yaratmışdı. Hətta Əhədin özü ifaçı olmasına baxmayaraq başqa ifaçılardan ibarət şəxsi kiçik ansanblı var idi.
Onun səs-sorağı sonradan Üzeyir bəyin yaxın dostu və qohumu, bəstəkar Müslüm Maqomayevə çatır. Maqomayev Əhədi Azərbaycan radiosuna dəvət edir. Üzeyir bəy də məhz bundan sonra xüsusi istedada malik olan musiqiçini özü üçün kəşf edir. Çox keçmir ki, Azərbaycan musiqisinin öndəri sayılan Üzeyir bəy radionun nəzdində yaratdığı “Notlu Şərq orkestri”nə onu da dəvət edir. O zaman musiqinin bütün qaymaqları –Qurban Pirimov, Səid Rüstəmov və başqalarının hamısı bu orkestrdə idi.
Burada əsas muğamlar hər zaman Kor Əhədə tapşırılardı. Onun ifasında “Bayatı Qacar” və “Segah” a daha çox yer ayırardılar. Amma çox keçmir ki, dinləyicilərin tələbi ilə Əhəddən həzin “Segah”dan sonra “Yanıq Kərəm” və “Tərəkəmə” havalarını da ifa edirdi.
Araşdırmaçı Aslan Kənanın tərtib etdiyi musiqçünas Firudin bəy Köçərlinin “Azərbaycan musiqi xəzinəsi” adlı kitabında Kor Əhədlə bağlı maraqlı iki məqamı təqdim edirik. Əhədin oğlunun danışdığı xatirələrdə dpvrün böyük musiqiçilərinin atasına olan məhəbbətdən söhbət açılır:
“Atamın xətrini Üzeyir bəy çox istəyirdi. Bizim evə Cabbar Qaryağdıoğlu, Müslüm Maqomayev, Qurban Pirimov, Zülfi Adıgözəlov tez-tez gələrdilər. Rəhmətlik Cabbar əmi atamın “Bayat-Qacar” çalmasından çox xoşu gələrdi. Zülfü Adıgözəlov isə atamın “Segah”ını bəyənərdi. Atam “Segah”ı bitirən kimi Qurban əmi tarı atama uzadıb deyərdi:
-Əşi, sən mənim canım, o barmaqları tarda da vur!
Sonra atamı qucaqlayıb zarafatyana deyərdi:
-Əşi, bu ərəbi-qiblə haqqı, sən məndən yaxşı ifa edirsən.
Bir gün Teyyub (Əhədin şagirdi) bizə gəlib atama dedi ki, ustad, Üzeyir bəy sizi evinə dəvət edir.
Axşam atamın qolundan tutub Üzeyir bəygilə apardım. Üzeyir bəy bizi çox mehriban qəbul etdi. Süfrəyə çay gəldi.
Üzeyir bəy bir qurtum çay içib sağ əli ilə bığını tumarlayaraq atama dedi:
-Oğlan, dünən radioda “Tərəkəmə” çalırdın, çox xoşuma gəldin. Sənin “Tərəkəmə”n başqalarına bənzəmir. Ona görə də belə qərara gəldim ki, səni opera teatrına dəvət edim. Hə, qoçaq, razısanmı?
Atam bir qədər tərəddüddən sonra Üzeyir bəyə dedi:
-Ay, Üzeyir bəy, mən qarmon ilə operada nə edəcəyəm?
Üzeyir bəy də bığını tumarlayaraq cavab verdi:
-Heç nə, “Arşın mal alan”ın axırıncı toy pərdəsində oyun havalarını, daha doğrusu –“Tərəkəmə”ni çalarsan. Bir bunun xətrinə səni ora dəvət edirəm. – Sonra Üzeyir bəy ayağa qalxıb, sağ əlini atamın çiyninə qoyaraq dedi:-Hə qoçaq razısanmı?
Atam da zarafatla cavab verdi:
-Neynək, bəyin sözündən çıxmaq olmaz”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR