Yaşar Seyidov: ”Bakı”nın vəziyyətdən iki çıxış yolu var”

img2098626“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov sportnet.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:
 
– Futbolda və həyatda ən böyük qazancınız nə olub?
– Övladlarımızın uğuru hər bir valideyn üçün böyük nemətdir. Mən də ali təhsil verdiyim övladlarımdan böyük uğurlar gözləyirəm. 30 ilə yaxındır Azərbaycan futbolundayam. Özüm oynamışam. Bakı çempionatında “Ulduz”, “Metallist” komandalarında hücumçu kimi çıxış etmişəm. Əvvəl “Dinamo”, sonra isə “Bakı”ya çevrilən komanda ilə uğurlarımız olub. Mən sizi səmimi olaraq deyirəm ki, klubda biliyimin, bacarığımının, düşüncələrimin 10 faizdən artıq həyata keçirə bilmədim.
– Nə mane oldu?
– “Bakı” klubu ilə bağlı böyük planlarım vardı. Ancaq etiraf edirəm ki, səlahiyyətlər mənə verilmədiyinə görə öz bilik və bacarığımı tətbiq edə bilmədim. Baxmayaraq ki, klubda vitse-prezident idim. İş mövcud Azərbaycan cəmiyyətindəki vəziyyətə, reallığa uyğun quruldu. “Bakı”nın sələfi olan “Dinamo”nun baş məşqçisi rəhmətlik Ruslan Abdullayev bir dəfə mənə çox təəssüflə dedi ki, biz bilik və bacarığımızı Azərbaycan futbolu üçün tətbiq edə bilmədik. Ruslan müəllim söylədi ki, mən ölüb gedəcəyəm, amma bütün bu ideyalar, düşüncələr mənimlə gedəcək. Doğrudan da çox keçmədi ki, Abdullayev dünyasını dəyişdi. Onun qəbrini ziyarət edəndə, rəhmət diləyərək həmin vaxt söylədiyi fikri yadıma salıram. İnsan nə qədər bilsən də, cəmiyyət üçün nə qədər xeyirli işlər görmək istəsən də, səlahiyyət səndə olmayanda bunları görmək qeyri-mümkündür.
– Hər halda, “Bakı”nın yaxşı vaxtlarında çox işlər görə bilərdiniz…
– “Bakı”ın ən yaxşı vaxtında da həmin ideyaları həyata keçirmək üçün mənə səlahiyyətlər verilmədi. Hərçənd, “Bakı” “Dinamo”nun hüquqi varisidir.
– “Bakı”nın prezidenti Hafiz Məmmədovla ideyalarla bağlı fikir mübadiləsi aparmışdınız?
– Sözsüz ki, Hafiz müəllimlə geniş müzakirələrimiz olub. Ancaq bu gün etiraf edirəm ki, düşündüklərimi həyata keçirmək üçün o səlahiyyətləri ala bilmədim. Elə məsələlər var ki, mətbuata açıqlamaq istəmirəm.
– Hansı ideyaları həyata keçirmək istəyirdiniz?
– Mən elə bir sistem qurmaq fikrində idim ki, düşündüyüm klub heç vaxt sponsora ehtiyac, maddi çətinliyə düçar olmayacaqdı. “Bakı”nın problem yaşamayacaq bir kluba çevrilməsini düşünürdüm.
– Yəni, siz gələcəyi düşünərək bu addımı atmaq fikrində idiniz…
– Bəli. Biz dediyimizin 10 faizini qura bildik. Bu da sistemli şəkildə uşaq komandalarını, futbol akademiyasını yaratmaq idi. Həmin akademiyanın futbolçuları “Bakı”nı ən çətin vaxtında sonadək arxasınca apardılar. Ancaq burada başqa bir nüans da var. Orda elə bir struktur da qurulmalı idi ki, akademiyanın özündə müəyyən gəlir gətirən sahələr olsun. Nəticədə ən çətin vaxtda bazaların idarə olunması, səfərlərə getməklə bağlı müəyyən adamların sponsorluğuna ehtiyac görməməli idik. Nəzərdə tutulan bəzi layihələri həyata keçirə bilmədik.
      “Futbolumuzda vəziyyət düzəlməsə, əvvəlki dövrdən də pis olacaq”
– “Bakı”nın indiki durumu mənə “Dinamo”nun çətin vaxtlarını xatırladır. Belə bir müqayisə aparırsınızmı?
– O vaxt da klubun müəyyən çətinlikləri var idi. Sonra futbolumuza böyük bir dirçəliş dövrü oldu. Hafiz Məmmədov və digər iş adamlarının futbola gəlişi ilə bu sahədə böyük irəliləyişlərə nail olduq. Bütün bunlar böyük pullar olsa da, işlərin düzgün qurulmaması belə vəziyyətə gətirib çıxardı. Özü də başqa klublarda da. “Şahdağ”da da Hafiz Məmmədov yoxdur ki? Futbolun siyasəti düzgün aparılmadığından, hazırda bu böhran yaşanır.
– Bu vəziyyətdən necə çıxmaq olar?
– Həmişə demişəm ki, AFFA prezidenti Rövnəq Abdullayev mövcud vəziyyətlə əlaqədar bütün klub rəhbərlərinin iştirakı ilə toplantı keçirməlidir. Hər kəs vəziyyətdən çıxış yollarını hörmətli Rövnəq müəllimlə birbaşa müzakirə etməlidir. AFFA prezidenti də bu təklifləri alandan sonra ölkə başçısı səviyyəsində futbolun inkişafı ilə bağlı proqram qəbul olunmalıdır. Gəlin, özümüz-özümüzü aldatmayaq, məsələlərə real baxaq. “Dinamo”nun vaxtında dəvət etdiyimiz baş məşqçi Oleq Bazileviç gözəl fikir söyləyirdi ki, futbol çox bahalı bir əyləncəli idman növüdür. Bu, Yuri Lobanovskinin sözü idi. Klubların sponsorlarının böyük maliyyə imkanı olmalıdır ki, onun bir hissəsini də futbola qoysunlar. Ancaq indi istər Premyer Liqa, istərsə də I Divizionda klubların əksəriyyətinin maddi dəstəyi daha çox neft sektoru ilə bağlıdır. Ölkə prezidenti cənab İlham Əliyevin apardığı dövlət siyasəti bizim üçün bir örnək, nümunədir. Digər insanlar da həmin addımları atsalar, vəziyyətdən çıxış yollarını onun düşündüyü kimi düşünsələr, inanıram ki, bu vəziyyətdən çıxa biləcəyik. Yox, futbolun inkişafı ilə bağlı ciddi qərarlar qəbul olunmasa, futbol ələbaxan idman növünə çevriləcək.
– Yəni köhnə dövrə qayıdacağıq…
– Ondan da pis olacaq. Azərbaycanın iki həssas regionu var – Qusar və Lənkəran. Bunları futbolsuz qoymağı təsəvvür etmirəm. “Şahdağ” da bir vaxtlar Premyer Liqada oynayırdı. Səkkiz regional futbol federasiyasının birləşməsindən AFFA yaranıb. Bu regionların tərkibinə olan klubların vəziyyətdən çıxmaları üçün proqram qəbul olunmasa, get-gedə tənəzzülə uğrayacaqlar. AFFA-da 95 min futbolçu qeydiyyatdan keçib. Ancaq Avropa çempionatında U-17 yığmamız 5 legionerlə çıxış edirdi. Bu, nəyin göstəricidir? Əsas odur ki, biz keyfiyyətə fikir verməliyik. Sözsüz ki, kütləvilik lazımdır. Ancaq kütləviliklə peşəkarlığı qarışdırmaq olmaz. Ona görə futbolun inkişafı üçün peşəkar düşüncəyə sahib, futbolu bilən insanlar futbolda olmalıdırlar. Bu gün hamı uşaq futbolundan danışır, ancaq gəlin görək, bu sahədə kim nə iş görüb? “Spartak” filmində çox önəmli bir epizod var. Spartakın dəstəsi dar ağacından asılanada silahdaşlarından oğlu qədər sevidyi Antonino ona sual verir ki, biz niyə məğlub olduq? Spartak cavabında deyir ki, azadlığı hamı sevir, ancaq onun uğrunda heç kim ölümə getmək istəmir. Məğlubiyyətin səbəbi budur. Uşaq futbolu ilə bağlı kimsə ortaya ciddi proqram qoyaraq həyata keçiribmi? Yox. Yaxşı ki, “Bakı”nın, “Qəbələ”nin Futbol Akademiyası var. Mən hərdən yolumu Qəbələyə salıram, görülən işlərə baxıb sevinirəm. Maddi dəstək olmasa, olan-qalanlar da çox bərbad vəziyyətə düşəcək. “Bakı”nın FİFA standartlarına cavab verən 5 meydançası var. Hər meydançanın saxlanması, suvarılması üçün hər gün ən azı 60-70 kub su lazımdır. Bunun xərci gündəlik 700-800 manatdır. Ona görə heç kəs təbii meydança salmır, süni meydança salır. Bu meydançalarda isə futbolçuların uşaqlıqdan əzələləri məhv olur. Biz onları uşaqlıqdan məhv edirik. Ona görə uşaqlar təbii meydançada oynamalıdır.
– Buna isə maddi vəsait lazımdır…
– Təbii meydanşalar bahalı olduğundan, iş adamlarına sərf etmir. Tamaşaşı isə bilmir ki, futbolçu hansı meydançada məşğul olub? Yaxud götürək vitaminləşməni. Avropada uşaq futbolunda buna ayrılan vəsait böyük olduğundan, böyük işlərə də iddialıdırlar. Biz nə qədər uşaq futboluna vəsait ayırmayacağıqsa, Azərbaycan yığması qrupda sondan 2-ci yeri tutmaqla kifayətlənməlidir. Azərbaycan xalqı bilməlidir ki, bu düşüncə ilə heç vaxt nəticədən söhbət gedə bilməz. Ona görə özümüz-özümüzü aldatmayaq.
“AFFA-da klublara nəzarət komitəsi yaradılmalı idi”
– Futbolumuzda ən böyük səhvimiz nə oldu ki, vaxtında onu əldən qaçırdıq?
– Əsas səhv idaraetmədə oldu. Bir çox ölkələrdə klublara nəzarət komitəsi var. Bizdə də vaxtında belə bir komitə yaradılmalı idi. 2005 – 2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramında klublara nəzarətlə bağlı bənd nəzərdə tutulmalı idi. Bu komitə olsaydı, futbolçularımız xarici ölkələrdə oynayacaqdı. Azərbaycanın hansı futbolusu gedib Avropada oynayır?
– Siz komitənin yaradılması təklifi ilə çıxış etmisiniz?
– Mən eyni zamanda 2 dəfə AFFA İcraiyyə Komitəsinin üzvü olmuşam. İş ondadır ki, mənim təkliflərim dəstəklənmir… Belədirsə, “Spartak” filmindəki həmin söz yada düşür. Bu gün hamı futbolu istəyir. Ancaq futbolu bilən insanları toplayaraq fikrini heç kəs dinləmir.
– Səbəb nədir?
– Deyə bilmərəm, səbəbini siz jurnalistlər araşdırın. Mənə deyə bilərsinizmi ki, son 10 ildə bütün regionların, bütün klubların iştirakı ilə toplantı keçirilərək futbolun inkişafı müzakirə olunsun? Mənim yadıma gəlmir.
– Belə qənaətə gəldim ki, futbolumuzun əsas idaretmə qurumu olan AFFA İcraiyə Komitəsinin işini qənaətbəxş saymırısınız?
– Bəli, saymıram. İcraiyyə Komitəsi heç olmasa, bütün klub rəhbərlərini yığıb, böyük bir toplantı keçirib proqblemləri ilə tanış olmalı, çıxış yollarını müzakirə etməli, heç olmasa AFFA prezidenti səviyəsində hansısa məsələləri qaldırmalı idi. Dövlət səviyyəsində dəstəklənməsə, futbolun inkişafından söhbət gedə bilməz.
“Ən böyük səhvimiz transfer siyasətində oldu”
– Bəs “Bakı”da nə ən böyük səhviniz nə oldu ki, klub bu vəziyyətə düşdü?
– Sözsüz ki, ən böyük səhvimiz transfer siyasətində oldu. Problem yanlış legionerlərin, laızmsız məşqçilərin tez-tez gətirilməsi, 6 aydan bir komandanın heyətinin dəyişdirilməsi oldu. Bu səhvlərin acı nəticəsini indi çəkirik.
– Bunlar klubu maddi cəhətdən çox geri saldı…
– Premyer Liqada iştirak etməklə bağlı lisenziyalaşdırmada 5 meyardan 4-nə cavab veririk. Yalnız maliyyə meyarına cavab vermirik. Tranfer siyasətində yanlışlıqlar olmasaydı, I Divizionda rahat lisenziyamızı alıb Premyer Liqada oynayardıq. Səmimi etiraf edirəm ki, bu gün birinci divizionda heç bir klub Premyer Liqada oynamağa hazır deyil. Mən bunu istənilən adamla da müzakirə etməyə hazıram. Bu, o demək deyl ki, 25-30 futbolçuya əməkhaqqı verdinsə, Premyer Liqada oynaya bilərsən. Mənə I Divionda infrastkturu, heç olmasa 3-4 meydançası olan klub adı çəkə bilməzsiniz. O demək deyil ki, eyforiyadan, utopiyadan uzaq olmalıyıq. Reallığı deməliyik ki, çətinliklər nədir, vəziyyətdən çıxış yolları nədir. Futbolda futbolu bilən insanlar olmalı və futbolun inkişafına xidmət göstərməlidir. Bir də görürsən ki, tanımadığın bir adam futbol adamı olur. Belə bir tendensiya yaranıb. Deyirlər ki, bu ölkənin aparıcı futbol adamına çevrilib. Sən ondan nə gözləyə bilərsən? 2-3 ildən sonra görürsən ki, həmin adam yoxa çıxdı. Ona görə də təsadüfi adamlar gəlir-gedir. Təsadüflər belə vəziyyətə gətirib çıxarır. Vəziyyət düzəlməsə, yaxın illərdə Avropa çempionatlarda komandalarımızı görməyəcəyik.
“Yeni yaradılan klub “Bakı”nın yox, “Dinamo”nun varisi ola bilər”
– “Bakı”nın gələcəyini real olaraq necə görürsünüz?
– “Bakı”nın vəziyyətdən 2 çıxış yolu var. FİFA-nın çıxardığı qərar əsasında legionerlərə borc ödənməzsə, heç vaxt Premyer Liqada çıxış edə bilmərik. Birinci yol bu borcun ödənilməsidir. Əks təqdirdə, yenidən Premyer Liqada çıxış etmək xəyaldır.
– Məbləğ böyükdür?
– Ola bilər ki, əvvəl az idi, indi üçün böyük məbləğdir. İkinci çıxış yolu “Bakı”nın strukturu əsasında yeni bir klubun yaradılmasıdır. Həmin klub “Bakı”nın varisi ola bilməz. Olsa, FİFA deyəcək ki, “Bakı”nın borclarını ödəməyənədək çıxış edə bilməz. Yeni bir klub olmalıdır. “Dinamo”nun varisi hesab edilə və çempionatda yer tutaraq avrokuboklara gedə bilər. Üstəlik, “Dinamo” da vaxtilə avrokuboklarda oynayıb.
“Hafiz Məmmədovla tanışlığım təsadüfən olub”
– “Dinamo”dan söz düşdüsə, onun yaranması dövrünü xatırlayaq…
– Mən o vaxtlar Səttarxan adına zavodun stadionunun direktoru idim. “Neftçi”nin əvəzedici heyəti, Daxili İşləri Nazirliyinin “Qartal” komandası onda oyunlarını orada keçirirdi. Novruz Əzimov “Qartal”da işləyirdi. Təklif etdi ki, yüksək liqada oynayan komanda yaradaq. Bu, mənə çox cəlbedici göründü. Zavodun direktoru rəhmətlik Əyyam Musayev Milli Məclisin də deputatı idi. Mən təklifimizi Əyyam müəllimə dedim, o da müsbət cavab verdi. Yüksək liqada oynayan “Polis Akademiyası”, “Qartal” isə birinci liqada 3-cü yeri tutmuşdu. Birinci divizionun qalibi olmuş Göyçayın “Çinar” komandası yüksək liqaya çıxmaqdan imtina etdiyinə görə, şans “Qartal”a verildi. “Qartal”la “Polis Akademiyası”nı birləşdirərək “Dinamo” komandasını yaratdıq. Təsisçiləri Daxili İşlər Nazirliyi, Səttərxan adına zavod oldu. 1997-ci ildə yarandığından “Bakı”nın loqosunda həmin tarix göstərilib.
– Bəs Hafiz Məmmədovla tanışlığınız necə olub?
– Təsadüfən. 2003-cü ildə komanda ilə məşqdə idim. Mənə bir zəng gəldi. Bu, Hafiz Məmmədov idi. “Dinamo”nun sponsoru olmaq və bununla əlaqədar mənimlə görüşüb söhbətləşmək istədiyini dedi. Söylədiyi ünvana yollandım. Baxdım ki, futbolla bağlı fikirləri daha parlaq, daha böyükdür. İlk görüşdəcə futbolu necə sevməsi ilə ürəyimə yatdı. Razılığa gəldik və həmin vaxtdan əməkdaşlığımız başladı. 2003/2004 mövsümündə “Dinamo”, 2004-cü ildən “Bakı” kimi çıxış etməyə başladıq.
– Niyə ad kimi “Bakı” seçildi?
– Bu təklif Hafiz müəllimin oldu. Rəmzi olaraq paytaxtın adı seçildi. Hafiz müəllim həqiqətən Bakıya layiqli bir iş gördü, böyük bir klub, infrastruktur yaratdı. “Bakı”nın Futbol Akademiyasında Azərbaycanın bütün regionlarının futbolçuları olub.
“Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi üçün keçirilən ilk iclasın katibi mən olmuşam”
 
– Fəaliyyətinizlə bağlı indiyədək elə bir olay olubmu ki, indi ilk dəfə bu haqda danışmaq istərdiniz?
– Siz məni futbol adamı kimi tanıyırsınız. Ancaq mənim futboldan kənarda da fəaliyyətim olub. Sizə maraqlı açıqlama verim ki, bu, mənim fəxrlə xatırladığım məsələdir. 1992-ci ildə Azərbaycanda çox gərgin bir vəziyyət yaranmışdı. Həmin çətin dövrdə ulu öndər Heydər Əliyev əvvəl Moskvada, sonra Naxçıvanda idi. Həmin illərdə hakimiyyətə gəlməməsi üçün yaş amili ilə əlaqədar Milli Məclisdə müakirələr aparılmışdı. Bu gün qürurla demək istəyirəm ki, ulu öndərin hakimiyyətə gəlməsi üçün biz yüzlərlə fəal çox mübariz bir komitə yaratmışdıq. Biz indiki Səttarxan, köhnə Leytenant Şmidt adına zavodda çoxlu mitinqlər, toplantılar keçirmişdik. Ən maraqlısı odur ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi üçün keçirilən ilk iclasın katibi mən olmuşam.
– Bəs sədr kim idi?
– Mustafa Həsənov adlı bir şəxs. Biz mübarizəmizdə dəfələrlə təzyiqlərə, təhqirlərə məruz qalmışıq. Bizim üçün həyati təhlükələr də olub. Ancaq buna baxmayaraq, öz əqidəmizdən, fikrimizdən dönməmişik. Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün qətiyyətlə mübarizə aparmışıq. İndiki kimi yadımdadır ki, həmin iclası keçirəndə mühasirədə saxlanmışdıq. İclasın protokolunu təsdiqləmək lazım idi. Bunun üçün kadrlar idarəsi möhür vurmalı idi. Ad çəkmək istəmirəm, ancaq kadrlar idarəsinin rəisi olmuş həmin adam hazırda Mədəniyyət və Turizm Nazirliyində işləyir. Onun cəsarəti sayəsində təsdiq elədik. Həmin sənədləri Naxçıvana apardıq və Mustafa Həsənov ulu öndərə təqdim etdi. Apardığımız iş bəhrəsini verdi. Mən fəxr hissi ilə deyirəm ki, ulu öndərin hakimiyyətin gəlməsində az da olsa, əməyimiz olub. O da bizim işimizi həqiqətən yüksək qiymətləndirdi. Ən böyük arzumuz ölkəmizin müstəqilliyi, ərazi böyüvlüyünün bərpa olunmasıdır. Ölkə başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləyirik.
– Nə vaxtsa risk etmisiniz?
– Bəli. 2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatı üçün məşq meydançası kimi “Bakı”nın bazası nəzərdə tutulmuşdu. Amma baza tikilərkən, materialların pulu vaxtında ödənilmədiyindən, tikinti şirkətləri material vermirdilər. Nəticədə tikinti işləri dayandırılmışdı. FİFA-nın stadionlara məsul nümayəndələri isə bir həftə vaxt vermişdi. Hafiz Məmmədov isə həmin vaxt xaricdə idi. Bu zaman mən evimi banklardan birində girov qoyaraq, lazımi məbləğdə kredit götürdüm və tikinti işlərini bərpa etdirdim. Düzdür, Hafiz müəllim ölkəyə qayıtdıqdan sonra qoyduğum vəsait qaytarıldı. Amma çempionatın Azərbaycanda keçirilməsi naminə əmlakımı girov qoymaqdan da çəkinmədim.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR