Cek Londonun daxmasını necə bölüşdürdülər?

cek-londonun-daxmasi1897-ci ildə Kaliforniya Universitetinin tələbəsi Cek London Alyaskadakı “qızıl qızdırması”ndan xəbər tutur və maddi çətinliklər yaşayan gənc şimala üz tutur. Peşəkar yazıçı karyerası qurmaq istəyən gənc o vaxtlar jurnallar və qəzetlərə yol tapa bilmirdi, çox nadir hallarda dərc olunurdu. Anası və atalığı onu təmin edə bilmirdi və Cek nə iş tapırdısa, onun qulpundan yapışırdı.

Birdən Alyaskada, Klondaykda qızıl axtarışları və varlanmaq şansı barədə eşidən Cek 1897-ci ilin yazında San-Fransisko limanında “Skaquey” gəmisinə əyləşir, Alyaskanın cənub-şərqində sahilə çıxır.

1897-ci ildə 1898-ci ilə keçən sərt qışı Alyaksada qalan yazıçı varlana bilmədi, lakin bu da onun üçün həyatın sınağı idi. Sinqa xəstəliyinə yoluxan gənc yazar evə qızıl yox, Alyaska xatirələrindən ibarət gündəlik gətirdi… Və məhz bu xatirələr də, onun dünya şöhrəti qazanmasına köməkçi oldu.

Əgər o, məşhur yazıçı olmasaydı, heç kim onun Hendersen çayının sahilindəki kasıb daxmasına diqqət yetirməzdi. Bu daxmada Cek London qalmışdı və insanlar bu daxmanı görmək, tanımaq istəyirdi. 1960-cı illərdə yerli poçtalyon köhnə daxmanın divarında bu yazını gördü: “Cek London, mədənçi, müəllif, 27 yanvar 1898-ci il”. Bu qeyri-adi avtoqraf bütün mətbuatı qarışdırdı, təbii ki, siyasi dairələri də. Çünki daxma Kanada ərazisində yerləşir, ABŞ isə öz vətəndaşı olan Cek Londonun irsini qorumağa can atırdı.

Uzun sürən mübahisələrdən sonra, ABŞ və Kanada bu daxmanı ikiyə bölməyi qərara aldılar. Daxmanın odunları iki dövlət arasında bərabər sayda bölüşdürüldü, nəticədə eyni şəkildə olan iki daxma ortaya çıxdı – hər “varis” köhnə odunlara yeni odunlar əlavə etmişdi. Biri yazıçının vətəni Ouklenddə, digəri isə Kanadanın Douson şəhərində. İndi turistlər ABŞ-da da, Kanadada da Cek Londonun qaldığı daxma ilə qarşılaşa bilərlər…

Senzor.Org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR