Dünyada 20 milyon insan alveri qurbanı var

publika.az1469872585qizNaxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul – İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

Qafqaznews.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai iyulun 30-nun İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü elan edilməsində məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək və buna qarşı birgə mübarizə aparmaqdan ibarət olduğunu deyib.

“Utandırıcı haldır ki, XXI əsrdə biz hələ də insan alverinin müxtəlif növləri ilə rastlaşırıq və hazırda dünyada insan alveri qurbanlarının sayı 20 milyondur. İnsan alveri təkcə ayrı-ayrı ölkələr üçün problem yaratmır, eyni zamanda, transmilli cinayətkarlığa yol açır. Buna görə də biz hamılıqla bu problemə qarşı mübarizə aparmalıyıq” – deyə, əlavə edib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis çıxışında qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla birgə insan alverinə qarşı mübarizə aparır: “İşimizdə uğurlar əldə edilsə də, bu sahədə yenə də problemlər qalır. İnsan alveri ilə məşğul olanlar hələ də hüquq-mühafizə orqanlarından yayına bilirlər. Belə olan halda dövlət və ictimaiyyət bu cinayəti ifşa etmək üçün dəstək verməlidir. Eyni zamanda, dünya dövlətləri bu cinayətlə mübarizədə onun qurbanlarının ehtiyaclarını da təmin etməlidirlər”.

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç, Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados çıxışlarında insan alverini müasir dövrün köləliyi adlandıraraq, bunu insanlığa qarşı cinayət adlandırıblar. Bütün dünya dövlətləri tərəfindən birgə mübarizənin vacibliyini vurğulayan natiqlər Azərbaycan hökumətini bu sahədə göstərdiyi səylərə görə dəstəklədiklərini bildiriblər.

Sonra konfrans işini panel müzakirələri ilə davam etdirib.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev çıxış ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR