Eyyub Hüseynov filtrsiz siqaret çəkənləri eksperimentə dəvət etdi

152122_res_01Şəki şəhərində istehsal olunan filtrsiz siqaretlərin tərkibinin yoxlanılması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Azad İstehlakçılar Birliyinin müraciətinə Nazirlər Kabinetinin xüsusi məxfi şöbəsi reaksiya verib.

Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, siqaretin ekspertizası üçün 2 ölkədə laboratoriya ilə danışıqlar aparılıb. “Şəki şəhəri, D.Bünyadzadə küçəsində yerləşən “Azəri” korporasiyası (VÖEN № 3000012891) və Şəki şəhəri, Baş Küngüt kəndində yerləşən “Mehdi” firması tərəfindən filtrsiz siqaret istehsalına başlanılıb. 50 qəpiyə satışa çıxarılan siqaretlər təhlükəlidir”, – deyə təşkilat rəhbəri əlavə edib.

E.Hüseynov xatırladıb ki, 2001-ci ildə Şəki şəhərində və Bakıda yerləşən filtrsiz siqaret istehsal edən müəssisələrin istehsal etdiyi siqaretlərin Londonda yerləşən beynəlxalq laboratoriyada ekspertizaları keçirilib. Həmin siqaretlərin ağciyər xərçənginə tutulma ehtimalını artırdığı təsdiqlənib, filtrsiz siqaret istehsal edən 5-dən çox müəssisənin fəaliyyəti dayandırılıb: “Hökumət tərəfindən sahibkarlıq subyektləri üçün yaradılan rahat şəraitdən sahibkarlar sui-istifadə edir, ölkənin əmtəə bazarı yerli və xarici məhsularla çirklənir, insanların sağlamlığı təhlükə altına atılır”.

Təşkilat rəhbəri iddia edir ki. “Azəri” korporasiyası və “Mehdi” firması heç bir hüququ sənədi olmadan, siqaret istehsalı üçün mövcud olan AZS335-2009 standartının 5.1.1.9; 5.1.1.10; 5.1.1.11; 5.1.1.12; 5.1.1.13 bəndlərinin tələblərinə məhəl qoymadan tərkibi (təhlükəli maddələrin miqdarı yol verilən həddən çox olan) naməlum olan filtrsiz “Karvan” və “Şəki” siqaretlərini satışa çıxarmaqla, əhalinin sağlamlığı üçün təhlükə törədir. “Əhalini marketlərdə 40-50 qəpiyə satışa çıxarılan “Karvan” və “Şəki” siqaretlərinin çəkməkdən imtina etməyə çağırırıq. Bu siqaretlərin istehsalının dayandırılması, satışının qadağan edilməsi vacibdir”.

E.Hüseynov məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib: “Bir çox dövlət orqanlarına müarciət edilib. İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin açıldığını əsas gətirərək siqaret istehsalına haqq qazandırmağa çalışır. Bütün dünya filtrsiz siqaretlərdən imtina edir. Biz beynəlxalq sənədləri də nazirliyə təqdim etmişik”.

Hüquq müdafiəçisi bu siqaretlərdən istifadə edənləri müayinəyə dəvət edir: “Onları təşkilatın hesabına müayinədən keçirə bilərik. 2 aydan sonra təkrar müayinələrlə siqaretin vurduğu zərəri sübut edəcəyik”.

Bu siqaretlər xüsusilə də şimal-qərb bölgəsindəki mağazalarda satılır. Paytaxt mağazalarının əksəriyyəti bu siqaretin satışından imtina edib. “Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi ilə danışıqlar aparılacaq. Onlar da siqaretlərin keyfiyyətinə rəy bildirsinlər”, – təşkilat sədri əlavə edib.

 

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR