İctimai dinləmələr Yardımlı rayonunda davam etdirilmişdir

yardimli_girishAzərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı ictimai dinləmələr rayonlarda davam etdirilir. Növbəti belə tədbir Ombudsman Elmira Süleymanova tərəfindən Yardımlı rayonunda keçirilmişdir.

İlk öncə İnsan Hüquqları üzrə Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad etmişlər.

Sonra ictimai dinləməyə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV-lərin nümayəndələri, geniş ictimaiyyət, din xadimləri, habelə ağsaqqallar, əmək və müharibə veteranları, qadınlar və gənclər qatılmışlar.

Məsləhətləşmə məqsədi daşıyan tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ombudsmanı salamlamış, burada hər dəfə sevinclə qarşılandığını söyləmiş qarşılanan növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində ölkəmizdə, o cümlədən bu rayonda görülən mühüm işlərin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulamış, insan hüquqlarının təmini və təbliği sahəsində rayonda görülmüş işlər, ictimai dinləmələrin qarşıda duran problemlərin müzakirəsi və ictimai iştirakçılıq baxımından əhəmiyyəti, əvvəlki tədbirlər zamanı verilmiş tövsiyələrin icrası, habelə rayonun sosial-iqtisadi inkişafı istiqamətində fəaliyyət haqqında geniş məlumat vermişdir.

Sakinlərin müraciətlərinin effektiv təmini baxımından İcra hakimiyyətində Apelyasiya Şurasının yaradıldığı, yerlərdə səyyar qəbulların keçirildiyi, Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq abadlıq-quruculuq işlərinin davam etdirildiyi, çətin relyefə baxmayaraq elektrik enerjisi bir sıra yaşayış məntəqələrinin təbii qaz, təchizatının daha da yaxşılaşdırılması sahəsində işlərin sürətləndirildiyi, yol çəkilişi və digər infrastruktur layihələr üzrə kompleks tədbirlərin davam etdirildiyi qeyd olunmuşdur.

Qafqaznews.az xəbər verir ki,rayonda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Mədəniyyət evi, rayon kinoteatrı, Mərkəzi Xəstəxana fəaliyyət göstərir. Son dövrlər yeni inzibati binalar, məktəblər tikilir və ya təmir olunur, yollarda təmir-bərpa işləri aparılır, su təchizatı yaxşılaşdırılır, kanalizasiya sistemi çəkilir. Rayonda kənd təsərrüfatı, o cümlədən tütünçülük inkişaf etdirilir.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil yenidən Yardımlıya səfərindən xoş olduğunu vurğulamış, bu günlərdə müqəddəs Ramazan bayramının qeyd edildiyini bildirərək iştirakçılara, xalqımıza oruc və dualarının qəbul olunmasını arzulamışdır. O, 25 ildir ki,  müstəqil dövlət olan Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulamış, davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən abadlaşma-quruculuq işlərinin geniş vüsət aldığını, Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramının uğurla həyata keçirildiyi, ölkə iqtisadiyyatının ahəngdar inkişafının insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırmışdır.

Müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin uğurlu fəaliyyətini nümunə göstərməklə əhali tərəfindən yüksək dəyərləndirildiyini bildirmişdir.

E.Süleymanova Aprel döyüşləri haqqında geniş məlumat vermiş, ordumuzun qüdrəti, məğrurluğu və ruh yüksəkliyinin dünya ictimaiyyətinin, bir çox dövlətlər və beynəlxalq təşkilatların rəyində də dönüş yaratdığını bildirmiş, habelə Vətən uğrunda canlarını fəda edən  hərbiçilərin, o cümlədən bu rayondan olan şəhidin əziz ruhu ehtiramla yad edilmişdir.

Ombudsman ölkədə həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi insan hüquqları sahəsində görülmüş işlər, qəbul edilmiş normativ-hüquqi aktlar, habelə bu sahədə mühüm strateji sənədlər haqqında geniş məlumat vermişdir. O, 2011-ci ilin sonunda dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bu sənədlərin məntiqi davamı olduğunu, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, o cümlədən hüquqi islahatlarla bağlı yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin yerli və mərkəzi icra hakimiyyəti orqanları üçün vəzifələr müəyyən etdiyini bildirmiş, insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri və Müvəkkilin fəaliyyəti barədə danışmışdır.

Dövlətin humanist siyasəti nəticəsində son illərdə imzalanmış 61 əfv Sərəncamının və 11 amnistiya aktının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılmış, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, habelə 10 min məhkuma şamil edildiyi, 3500 məhkumun isə azadlığa çıxmasını təmin edən sonuncu Amnistiya aktının qüvvəyə mindiyi 15 iyun tarixindən icrasına başlanıldığı, Ombudsmanın və əməkdaşlarının bununla bağlı penitensiar müəssisələrdə keçirilən tədbirlərdə iştirak etdiyi, azadlığa qovuşanların və onların ailə üzvlərinin böyük sevinci, ölkə Prezidentinə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdikləri vurğulanmışdır.

Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin mahiyyətini vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini söyləmişdir.

İnteraktiv şəraitdə keçən müzakirələrdə Heydər Əliyev Mərkəzinin direktoru, rayon Ağsaqqallar Şurasının sədri, dindarlar, fəal qadınlar, ictimaiyyətinin nümayəndələri çıxış edərək Ombudsmanın fəaliyyətini və bu rayona səfərlərini yüksək dəyərləndirmiş, mövzu üzrə fikirlərini bölüşmüş, görülmüş işlər barədə məlumat vermişlər. Eyni zamanda bir sıra problemlər, o cümlədən erkən nikahlar, dövlət nikahları olmadan dini nikahların sayının artması, boşanma halları, habelə məktəblərdə əvvəllər olduğu kimi ailə fənninin tədrisinin vacibliyi müzakirə edilmişdir.

Ombudsman bu problemləri səlahiyyətli dövlət orqanlarına çatdıracağını bildirmişdir. O, MFP-nin uğurla həyata keçirilməsi üçün rayon sakinlərini birgə səylər göstərməyə və fəal iştirakçılığa çağırmış, MFP-yə uyğun olaraq sahibkarların, bələdiyyələrin, xüsusilə qadın bələdiyyə üzvlərinin işinin təkmilləşdirilməsini və məsuliyyətlərinin artırılmasını, bununla bağlı olaraq müsbət təcrübə mübadiləsi məqsədilə müzakirələrin təşkilini, orta məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsini, habelə ictimai iştirakçılıq haqqında qanunvericiliyin icrasını tövsiyə etmişdir.

Tədbir iştirakçıları rayona göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, MFP-nin icrası məqsədilə əhalinin fəal iştirakı təşkil olunan ictimai dinləməyə və interaktiv müzakirələrin aparılmasına görə Müvəkkilə təşəkkür etmişlər.

Tədbirin sonunda MFP-nın hər il həyata keçirilməsi üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış Uşaq hüquqlarının pilləli tədrisi üzrə və digər maarifləndirici vəsaitlər, həmçinin İctimai iştirakçılıq haqqında qanunvericilik aktlarının toplusu Rayon İcra hakimiyyətinə təqdim olunmuşdur.

İctimai dinləmə qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla effektiv müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından əhəmiyyətli olmuşdur.

Sonra Müvəkkil ona müraciət edən şəxsləri rayon rəhbərliyi ilə birgə fərdi şəkildə qəbul etmiş, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq bir qismi təmin edilmiş və ya aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi ərizələr Ombudsmanın səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.

Səfər çərçivəsində Müvəkkil tərəfindən Yardımlı Rayon Polis Şöbəsinin standartlara uyğun binasında müvəqqəti saxlama yerinə (MSY) başçəkmə həyata keçirilmişdir. Milli Preventiv Mexanizm qismində fəaliyyətinin tərkib hissəsi kimi həyata keçirilən başçəkmə zamanı saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən və onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılmış, MSY-nin kameralarına, gəzinti yerinə baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədləşmə yoxlanılmışdır. Fərdi qaydada qəbul olunmuş şəxsə hüquqları izah olunmuş və müvafiq tövsiyələr verilmişdir. Həmin şəxs şərait və rəftarla bağlı narazılıq etməmişdir.

Başçəkmənin sonunda İşgəncə əleyhinə Konvensiya və onun Fakultativ Protokolunun tələbləri polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına izah olunmuş, hər həftə polislər üçün keçirilən dərslərdə tədrisi və tam riayət edilməsi, habelə  saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi tövsiyə olunmuşdur.

 

Mətbuat xidməti

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR