Məhəmməd Əlinin əlcəkləri hərraca çıxarıldı – 1.000.000 dollar

publika.az1468306043elcekKaryerasında ilk məğlubiyyəti Co Freyzerdən alan boks dünyasının əfsanəsi Məhəmməd Əlinin həmin döyüşdə geyindiyi əlcəklər auksiona çıxarılıb.

Publika.az xəbər verir ki, 1971-ci ildə “ilin döyüşü” adlanan qarşılaşmada Məhəmməd Əli karyerasında ilk dəfə məğlub olmuşdu. Həmin əlcəklərin 1 milyon dollara satılacağı güman edilir. Bu iddianı “Goldin Auctions” saytı irəli sürüb. Auksion rəhbərinin “Royter” agentliyinə verdiyi açıqlamaya görə, əlcəklərin ilkin qiyməti 250 min dollar olacaq: “Məhəmməd Əlinin əlcəkləri vaxtilə 1 milyon dollara yaxın qiymətə satılıb. Bu, onun sağlığında baş verib”.

Yeri gəlmişkən, həmin məşhur döyüşün digər iştirakçısı Co Freyzerin balıqqulağına oxşayan sarğısı da hərraca çıxarılıb. Agentliyin məlumatına görə, sarğının qiyməti minimal hədd sayılan 5 min dollara çatıb. Ancaq qiymətin 10 min dollara çatacağı gözlənilir.

Məhəmməd Əli iyunun 3-də ABŞ-da 74 yaşında vəfat edib. Freyzer isə 2011-ci il noyabrın 7-də Filadelfiyada dünyasını dəyişib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR