Növbəti ictimai dinləmə Lerik rayonunda keçirilmişdir

1462016306Məlum olduğu kimi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı ictimai dinləmələr respublikanın regionlarında davam etdirilir. Növbəti belə tədbir Ombudsman Elmira Süleymanova tərəfindən Lerik rayonunda keçirilmişdir.

İlk öncə İnsan Hüquqları üzrə Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad etmişlər.

Sonra MFP üzrə ictimai dinləmə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, milli azlıqların, QHT və KİV nümayəndələrinin, din xadimlərinin, habelə ağsaqqalların, qadınların və gənclərin iştirakı ilə öz işinə başlamışdır.

Qafqaznews.az xəbər verir ki, Məsləhətləşmə məqsədi daşıyan tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ombudsmanı salamlamış, növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində ölkəmizdə, o cümlədən bu rayonda görülən işlərin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulamışdır. İnsan hüquqlarının təmini və təbliği sahəsində rayonda görülmüş işlər, ictimai dinləmələrin qarşıda duran problemlərin müzakirəsi və ictimai iştirakçılıq baxımından əhəmiyyəti, əvvəlki tədbirlər zamanı verilmiş tövsiyələrin icrası, habelə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər haqqında geniş məlumat verilmişdir.

Vətəndaşların müraciətlərinin effektiv təmini baxımından İcra hakimiyyətində Apelyasiya Şurasının yaradıldığı, səyyar qəbulların keçirildiyi, Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq geniş abadlıq-quruculuq işlərinin davam etdirildiyi, yaşayış məntəqələrinin təbii qaz, su və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması sahəsində işlərin sürətləndirildiyi, yol çəkilişi və digər infrastruktur layihələr üzrə kompleks tədbirlərin davam etdirildiyi, sosial-iqtisadi inkişafın əhalinin həyat səviyyəsinin yüksəlməsini, gəlirlərinin və əmək haqqının artmasını təmin etdiyi qeyd olunmuşdur.

Rayonda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Uzunömürlülər muzeyi, yeni inzibati binalar, Lerik Rayon Mərkəzi Xəstəxanası, rəsm qalereyası, mədəniyyət evi, klublar, kitabxanalar fəaliyyət göstərir. Son dövrdə orta məktəb və yeni turizm obyektləri tikilmiş, və ya təmir olunmuş evlərin dam örtükləri yenilənmiş, Lerik şəhərində səkilərə tamet plitəsi döşənmiş, küçə və yollarda asfalt örtüyü salınmış, yeni müasir işıqlanma sistemləri quraşdırılmışdır. Lerik şəhərinin giriş hissəsində yeni istirahət parkı inşa edilmiş, rayon ərazisində digər abadlıq işləri həyata keçirilmişdir. Kənd təsərrüfatı, o cümlədən üzümçülük, arıçılıq, tərəvəzçilik, heyvandarlıq, habelə turizm inkişaf etdirilir.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil yenidən Lerikə səfərindən xoş olduğunu vurğulamış, bu günlərdə müqəddəs Ramazan bayramının qeyd edildiyini bildirərək iştirakçılara, xalqımıza oruc və dualarının qəbul olunmasını arzulamışdır. Dini və milli tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirmişdir.

Ombudsman dövlət müstəqilliyinin ilk illərindən ölkədə həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi insan hüquqları sahəsində ölkəmizdə görülmüş işlər, qəbul edilmiş normativ-hüquqi aktlar, habelə bu sahədə mühüm strateji sənədlər haqqında geniş məlumat vermişdir. O, 2011-ci ilin sonunda dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bu sənədlərin məntiqi davamı olduğunu, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, o cümlədən hüquqi islahatlarla bağlı yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin isə yerli və mərkəzi icra hakimiyyəti orqanları üçün vəzifələr müəyyən etdiyini bildirmiş, insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri ilə bağlı təcrübi misallar əsasında fikirlərini bölüşmüşdür.

Müvəkkil davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən abadlaşma-quruculuq işlərinin geniş vüsət aldığını, Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramının uğurla həyata keçirildiyi, ölkə iqtisadiyyatının ahəngdar inkişafının insan hüquqlarına təsir göstərdiyini diqqətə çatdırmışdır.

E.Süleymanova Aprel döyüşləri haqqında geniş məlumat vermiş, ordumuzun qüdrəti, məğrurluğu və ruh yüksəkliyinin, işğal olunmuş torpaqlarımızın bir qisminin azad olunduğunu, dünya ictimaiyyətinin, o cümlədən bir çox ölkələr və beynəlxalq qurumların rəyində də dönüş yaratdığını bildirmiş, habelə Vətən uğrunda bu rayondan olan şəhidlərin əziz ruhu ehtiramla yad edilmişdir.

Dövlətin humanist siyasəti nəticəsində son illərdə imzalanmış 61 əfv Sərəncamının və 11 amnistiya aktının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılmış, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, habelə 10 min məhkuma şamil edildiyi, 3500 məhkumun isə azadlığa çıxmasını təmin edən sonuncu Amnistiya aktının qüvvəyə mindiyi 15 iyun tarixindən çevik şəkildə icrasına başlanıldığı, Ombudsmanın və əməkdaşlarının bununla bağlı penitensiar müəssisələrdə keçirilən tədbirlərdə iştirak etdiyi, azadlığa qovuşanların və onların ailə üzvlərinin böyük sevinci, ölkə Prezidentinə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdikləri vurğulanmışdır.

Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini söyləmişdir.

İnteraktiv şəraitdə keçən müzakirələrdə rayon icra hakimiyyəti başçısının müavini, rayon polis şöbəsinin rəisi, prokurorluq əməkdaşı, Uzunömürlülər muzeyinin direktoru, bələdiyyə sədrləri, məktəb direktorları, müəllimlər, ağsaqqallar, əmək və müharibə veteranları fəal qadınlar və gənclər, geniş ictimaiyyətinin, milli azlıqların nümayəndələri çıxış edərək mövzu üzrə fikirlərini bölüşmüş, fəaliyyətləri barədə məlumat vermişlər. Eyni zamanda bir sıra mühüm məsələlərə toxunulmuş, yeni iş yerlərinin açılması, qadınların fəallığının artırılmasının vacibliyi, qadınlar üçün yeni iş yerlərinin açılması, o cümlədən xalça və tikiş yerlərinin bərpası, eyni zamanda uşaq bağçalarının az olması, bəzi məktəblərin təmirə ehtiyacı olması, erkən nikah problemi, rayonda həkim və müəllim kadrların çatmadığı, habelə dağ rayonu olduğu nəzərə alınaraq buradan olan ödənişli tələbələr üçün güzəştlərin tətbiqi, 65 yaşdan yuxarı olan şəxslərin təhsil və səhiyyə obyektlərində işləməsinə icazə verilməsi müzakirə edilmişdir.

Ombudsman bu məsələləri və problemləri səlahiyyətli orqanlara çatdıracağını bildirmiş, rayon sakinlərini birgə səylər göstərməyə və fəal iştirakçılığa çağırmışdır. O, MFP-yə uyğun olaraq sahibkarların, bələdiyyələrin, xüsusilə qadın bələdiyyə üzvlərinin işinin təkmilləşdirilməsini və məsuliyyətlərinin artırılmasını, bununla bağlı ictimai müzakirələrin keçirilməsini təcrübə mübadiləsi məqsədilə orta ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsini, habelə ictimai iştirakçılıq haqqında qanunvericiliyin icrasını tövsiyə etmişdir.

Tədbir iştirakçıları rayona göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, MFP-nin icrası məqsədilə əhalinin fəal iştirakı təşkil olunan ictimai dinləməyə və interaktiv müzakirələrin aparılmasına görə burada həmişə sevinclə qarşılanan Müvəkkilə təşəkkür etmişlər.

Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış Uşaq hüquqlarının pilləli tədrisi üzrə və digər maarifləndirici vəsaitlər, həmçinin İctimai iştirakçılıq haqqında qanunvericilik Rayon İcra hakimiyyətinə təqdim olunmuşdur.

İctimai dinləmə qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla effektiv müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından əhəmiyyətli olmuşdur.

Sonra Müvəkkil ona müraciət edən şəxsləri rayon rəhbərliyi ilə birgə fərdi şəkildə qəbul etmiş, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq ərizələr Ombudsmanın səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.

Səfər çərçivəsində Müvəkkil tərəfindən Lerik Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə həyata keçirilmişdir. Milli Preventiv Mexanizm qismində fəaliyyətinin tərkib hissəsi kimi həyata keçirilən başçəkmə zamanı saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən və onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılmış, MSY-nin kameralarına, gəzinti yerinə  baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədləşmə yoxlanılmışdır. Fərdi qaydada qəbul olunmuş şəxslərə hüquqları izah olunmuş və müvafiq tövsiyələr verilmişdir. Həmin şəxslər şərait və rəftarla bağlı narazılıq etməmişlər.

Başçəkmənin sonunda İşgəncə əleyhinə Konvensiya və onun Fakültativ Protokolunun tələbləri polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına izah olunmuş, hər həftə polislər üçün keçirilən dərslərdə tədrisi və tam riayət edilməsi, habelə  saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi tövsiyə olunmuşdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR