Ombudsmanın nümayəndəsi beynəlxalq konfransda iştirak etmişdir

dusk-before-dawn-paris-franceBu günlərdə Fransa Respublikasının paytaxtı Paris şəhərində Avropa Şurasının və Fransa Ombudsman təsisatının təşkilatçılığı ilə “Avropada uşaqların vəziyyəti: miqrant uşaqların müdafiəsi və gələcəyi” mövzusuna həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir.

Ombudsman Aparatının mətbuat xidmətindən Qafqaznews.az -a verilən məlumata görə, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) uşaq hüquqları üzrə ombudsmanlarının, insan hüquqları sahəsində tanınmış mütəxəssislərin, beynəlxalq ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə UNESCO-nun binasında keçirilən həmin mötəbər tədbirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova da qatılmışdır.

Ombudsmanın nümayəndəsi tədbirdə çıxış edərək, Respublikamızda qaçqın və miqrant vəziyyətində yaşayan uşaqların hüquqlarının müdafiəsi, bu istiqamətində aparılan hüquqi islahatlar, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın miqrantların, o cümlədən miqrant uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat vermiş, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərliyin Ombudsmana tövsiyə edildiyini, Proqramın icrası ilə bağlı məsləhətləşmələrin aparıldığını, vətəndaş cəmiyyətinin MFP-də fəal iştirakının təmini məqsədilə ölkəmizdə keçirilən regional ictimai dinləmələrin hazırda da davam etdirildiyini diqqətə çatdırmışdır.

T.Cahangirova son illərdə münaqişə və böhran zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsinin öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artması ilə müşayiət olunduğunu, beynəlxalq ictimaiyyətin ilk növbədə yeni silahlı münaqişələrin baş verməsinə imkan verməməyinə və mövcud olan münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq səmərəli şəkildə həll yolları axtarmalı olduğunu xüsusi vurğulamışdır. O, Azərbaycan Respublikasının hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşdiyini, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların öz vətənlərindən didərgin salındığını, nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkünün ölkə ərazisində məslunlaşdığını, onlardan 300 min nəfərinin uşaq olduğunu, 9,7 milyon əhalisi olan Azərbaycanın adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biri olduğunu bildirmişdir.

Bununla yanaşı, qeyd olunmuşdur ki, Azərbaycan Hökuməti öz doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini öz üzərinə götürmüş, belə ki ötən illər ərzində bu qəbildən olan insanların ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırmış, son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənmiş, bu da ilk növbədə daha yaxşı mənzil şəraiti və məcburi köçkünlər arasında yoxsulluq dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnmişdir. Qaçqın və məcburi köçkünlərin hüquqlarının hazırkı vaxtadək pozulmasının davam etdirildiyi, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində beynəlxalq hüquqi vasitələrdən istifadə edilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələrdə T.Cahangirova fəal iştirak etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırmışdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR