“SOCAR-da əmək mühafizəsindən söz belə gedə bilməz”

socar-1İyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, N.Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb. Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək (trend). “Neftqaztikinti” trestindəki faciənin səbəbi nə idi? Bu trestdə təhlükəsizlik qaydalarında riayət olunubmu? Bu suala cavab almaq üçün, “Neftqaztikinti” rəisinin köməkçisi Mais Bədəlova müraciət etdik. “Faciənin səbəblərini müəyyən etmək üçün, xüsusi komissiya yaradılıb. Əgər sizin bu barədə suallarınız varsa, SOCAR-ın mətbuat xidmətinə müraciət edin”, – deyə trest rəisinin köməkçisi bizə tövsiyə etdi. Biz dəfələrlə SOCAR-ın mətbuat xidmətiylə əlaqə saxlamağa çalışdıq, lakin təəssüf ki, cəhdlərimiz nəticəsiz oldu. “Bundan əvvəl tərəfimizdən“Neftqaztikinti”də təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı yoxlama aparılıb”, – deyə Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttişi İsrafil Əliyev Kavkaznews.az-a bildirdi.

İ.Əliyevin sözlərinə görə, bu trestdə təhlükəsizlik qaydalarına tamamilə riayət olunur. “Orda kran aşıb. Hazırda trestdə Dövlət Əmək Müfəttişliyi xidmətinin xüsusi komissiyası tərəfindən faciənin səbəblərinin araşdırılması üzrə işlər aparılır”, – deyə İ.Əliyev qeyd etdi. “Əgər kran aşıbsa, bu, o demək deyil ki,146462_src-1 təhlükəsizlik qaydalarına tam riayət olunmur?”, – deyə soruşduq. “Doğrudan da, təhlükəsizlik qaydalarına riayət olunsaydı, kran qətiyyən aşmazdı”, – deyə İsrafil Əliyev razılaşdı. “Axı özünüz dediniz ki, yoxlama zamanı təhlükəsizlik qaydalarının pozulması müşahidə olunmayıb…”, – deyə xatırlatdıq.

“Trestdə faciənin səbəblərinin araşdırılması aparılır”, – deyə müfəttiş cavab verdi. “İstehsalatda bədbəxt hadisələr ya əmək mühafizəsi tələblərinə riayət olunmaması üzündən, ya da zərərçəkənin öz günahı üzündən baş verir”, – deyə hüquqşünas Azər Quliyev bildirdi. O xatırlatdı ki, “Neftqaztikinti” trestində 2013, 2014 və 2016-cı illərdə bədbəxt hadisələr olub. “Əgər bir strukturda bu qədər faciə baş verirsə, hansı təhlükəsizlik texnikasından söz gedə bilər?”, – deyə hüquqşünas sualla çıxış edir.

“Son sözü dövlət Dövlət Əmək Müfəttişliyi Xidməti deyəcək. Estakadalarda quraşdırılan kranlar ən güclü küləkdə işləməyə hesablanıb. Əgər kran aşıbsa, bu o deməkdir ki, SOCAR-da təhlükəsizlik texnikasına əməl olunmur. Dövlət Neft Şirkətində baş verən qəzalar nəticəsində hər il fəhlələr ölür. Bu, ondan xəbər verir ki, sözügedən strukturda əmək mühafizəsindən söz belə gedə bilməz”, – deyə Azər Quliyev Kavkaznews.az-a əlavə etdi.

Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR