“Uşaq dozası”

12356675_10205872942928103_1862704046243567658_oKitabsevərlər Hərəkatı və Senzor.org Fariz Bayramovun yazısını təqdim edir:
 Dostlarım məni bir “uşaq ədəbiyyatı həvəskarı” kimi tanıyırlar. Hətta tanıyanların çoxu elə bilir ki, mən ən çox uşaq kitabları oxumaqla məşğulam, onların təbiriycə desək “ciddi əsərlər”dən çox uşaq romanlarına üstünlük verirəm. Əslində onlara haqq verməyə məcburam. O romanları uşaqlıqdan çox sevmişəm, hələ də çox sevirəm. Ancaq bu heç də indiki mütaliə tələbatımın daha çox bu cür romanlara olması demək deyil.
Sadəcə mən uşaq romanlarını daha çox təbliğ edirəm. Mənimlə bərabər və məndən ayrı, tanıdığım kitab təbliği ilə məşğul olan kəslərin arasında yəqin ki, ən çox uşaq romanlarını təbliğ edən mənəm. Buna görə də tanışlar bir qədər yanlış anlayırlar. Uşaq ədəbiyyatını təbliğ etməkdə məqsədim barədə bir qədər sonra.
Saytların birində iki ədəbiyyat nəhənginin – biri türk, biri rus ədəbiyyatının nəhəngi olan Yaşar Kamal və Anton Çexovun uşaq ədəbiyyatı barədə fikirlərini oxumuşdum. Yanaşmaları ilk baxışdan fərqli görünsə də əslində tam olmasa da elə mənim düşündüyüm fikirlər idi. Sadəcə mən təbii ki onlar kimi fikrimi ifadə etmək bacarığına malik deyiləm.
Yaşar Kamal: “Uşaqlar üçün ayrı bir ədəbiyyat yoxdur. Yalnız doza təyin edilir. Əsl məsələ uşaqların anlayacağı bir roman deyil, uşaqları araşdıran romanlar,hekayələr yazmaqdır.Uşaqlara ayrı varlıqlar kimi baxılması məni dəli edir! Bir sənət əsərini uşaqların da anlamasını istəyiriksə, başqa nəqletmə yolları, başqa üsullar axtarmalıyıq.”
Anton Çexov: “Uşaqlara böyüklərə də yarayan ədəbiyyatı vermək lazımdır. Andersen, “Freqat Pallada”, Qoqolu uşaqlar da həvəslə oxuyurlar, böyüklər də. Uşaqlar üçün yazmaq lazım deyil, artıq böyüklər üçün yazılmışlar arasından seçmək lazımdır. Xəstələr üçün sırf uşaq olduğuna görə hansısa xüsusi dərman buraxmaqdansa, əsl bədii əsərlər arasından dərmanı düzgün seçmək və dozanı müəyyən etməyi bacarmaq gərəkdir.”
Gördüyünüz kimi hər iki yazıçı uşaqların anlaya biləcəyi tərzdə yazılan kitabları uşaqlara məsləhət görürlər. Əslində mən də qismən bu fikirdəyəm. Uşaqların anladığı “doza”da olan, onların qavraya biləcəyi dərəcədə intellekt yükü ilə yüklənmiş bütün əsərlər uşaq ədəbiyyatı sayıla bilər.
Uşaq romanlarının heç də sırf uşaqlar üçün yazıldığı qənaətində olmamışam. Böyük siyasi, satirik, ironik, həyati romanlar var ki, uşaqlar üçün yazıldığı sanılsa da əslində böyüklər üçündür. “Qulliverin səyahəti”, “Don Kixot”, “Çelsomino yalançılar ölkəsində” kimi romanları uşaqlar nağıl kimi oxusa da şüuraltı olaraq bəzi mesajlar alırlar, böyüyəndə isə artıq o romanın əsl məğzini anlamış olurlar. Əslində bu sözlər dəfələrlə deyilib və bununla əksəriyyət razılaşır. Amma nədənsə hələ də bu tip romanların adını çəkərək “filan romanı oxumusan?” deyəndə adama qəribə baxışlarla baxanlar var. Hətta ikrahla “əşi mən elə romanlar oxumuram” deyənlər də tapılır.
Facebook sosial şəbəkəsində #bookchallange haştağı ilə keçirilən sorğuda demək olar ki, əksəriyyət oxucuların siyahısında uşaq romanı var idi. Mütaliəsinə güvəndiyimiz bir çox tanınmış şəxslərin, yazıçıların, jurnalistlərin, tənqidçilərin, naşirlərin, kitabxanaçıların siyahısında “Balaca və damda yaşayan Karlson”, “Tom Soyyerin macəraları” kimi əsərlər ilk sıralarda dururdu. Bundan bir müddət sonra #uşaqromanlarım haştağı ilə aparılan sorğu da əksəriyyət tərəfindən maraqla qarşılandı və bu dəfə də məlum oldu ki, həmin romanlar kifayət qədər böyük insanların hələ də ən sevimli kitablarından olaraq qalırlar.
Demək istəyirəm ki, sıxmayın özünüzü dostlar. Bu kitablar heç də “qeyri- ciddi” kitablar deyil. Onlar sizin mütaliənizin bünövrəsidir. Əksəriyyətinizin kitab oxumaqda ilk addımlarınızdır. Onlardan imtina etməyin. Əksinə çalışın ki, təbliğ edəsiz onları. Təbliğ edin ki, ətrafınızda olan və hətta ətrafınızda olmayan uşaqlar da bu kitabları elə uşaq ikən oxusunlar. Çünki bu kitablarla qurulan mütaliə təməli daha möhkəm olur. Mənim də yuxarıda dediyim, bu romanları təbliğ etməkdə olan əsas məqsədim budur.
Harper Linin “Bülbülü öldürmək” romanında uşaqların mütaliəsi ilə bağlı incə işlənmiş məqamlar var. Əsərin qəhrəmanları olan bacı-qardaş Cem və Luiza, dostları Dill ilə birlikdə oyun oynayarkən, kitablardan götürülmüş səhnələri canlandırırlar. Oxuduqları kitablardan xoşlarına gələn hissəni səhnələşdirirlər. Hər hansı bir iddia ilə mərc gələndə, ortaya pul, qiymətli əşya deyil, məhz kitab qoyurlar, uduzan udana öz kitabından birini verir. Nə gözəl olardı bizim cəmiyyətdə də uşaqları belə görmək, deyilmi? Uşaqlar vəkil işləyən ataları Attikusun kitabxanasında olan bütün kitabları oxuyub bitirdikdən sonra qanun məcəllələri, konstitusiya kimi əllərinə keçən bütün yazıları oxuyurlar və zamanla, böyüdükcə bu oxuduqları onların məntiq süzgəcindən keçərək öz yerlərinə oturur. Təbii ki bu yolda onların bütün suallarına həvəslə, acıqlanmadan, səbrlə cavab verən Attikusun da rolu danılmaz olur. Anaları dünyadan tez köçən uşaqların mütaliəsinin nizamına fikir verə bilməyən ata, əvəzində uşaqların bütün suallarını səbrlə cavablayır. Yazıçı bununla həm də demək istəyir ki, uşaqları sıxmaq lazım deyil, onlara anlamağa çətinlik çəkəcəyi bir kitabı göstərərək “bunu oxuma” deməkdənsə, anlayacağı bir kitabı göstərib “bunu oxu” demək daha düzgündür.
Dünya ədəbiyyatının Heklberri Finn, Tom Soyyer, Cin Luiza, Cem Finç, Remi, Alisa, Çerven, Pelle, Volka Kostılkov, Timur, Balaca, Karlson, Linnebrqli Emil kimi sevimli obrazları var. Bu obrazlar uşaqlarla onların öz dillərində danışırlar, onları daha yaxşı anladırlar. Çox istərdim ki, ətrafımızdakı uşaqları bunlardan məhrum etməyək. Təbii ki, bu işdə nəşriyyatlar, aidiyyatı qurumlar, kitab evləri daha çox fəaliyyət göstərməlidir. Çünki uşaqları mütaliəyə həvəsləndirmək, onları gələcəyin kitabsevər gəncləri kimi yetişdirmək deməkdir ki, bu da dolayısıyla kitab bazarına və ümumiyyətlə kitab aləminə öz töhfəsini verəcəkdir. Amma yenə də ən geniş təbliğatı məhz oxucular, kitabsevər gənclər, ən əsası isə kitabsevər valideynlər edə biləcəklər.
Hər zaman dediyim kimi, kitablarla daha doğru- düzgün bir gənclik yetişdirmək mümkündür, əgər belə bir gənclik arzulayırıqsa, gərək kitabları təbliğ edək. Gəlin daha yaxşı, daha doğru, daha dürüst bir gənclik naminə bunu edək!

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR