Zorakılıq edilmədən zorakılıq, ölümsüz ölüm…

pervane-rehimlBu sətirlərə  R.Bredberinin “Edilməyən cinayətin cəzası” hekayəsində rast gəlmişdim. Xeyli düşündürücüdür, deyilmi?

Ədəbi, psixoloji polemika açmaq, nə də Don Kixotluq etmək niyyətində deyiləm. Məgər devalvasiya çəmbərinin ətrafımızı daraltdığı  bir vaxtda yaxın-uzaq çevrəmizdə baş verən, bizlərə “aidiyyatı” olmayan, ya da “əlaqədar etməyən”  hadisələrin əslində bizi yavaş-yavaş “öldürdüyünün”, insani keyfiyyətlərdən, humanizmdən uzaqlaşdırdığının fərqinə vara bilsəydik, ruhumuzun irinlənmiş yaralarına məlhəm olmazdımı?!

Mənəvi cəhətdən  iflic oluruq, desəm vəziyyəti dramatikləşdirmiş sayılmaram. Nə qədər az əndişələndirici dəyəri olsa da nəticədə insanıq. Ömründə bir kitab vərəqləməyən qadınların övlad doğurduğu, ”böyütdüyü” cəmiyyətdə yaşayırıq. Cəhalət, bilgisizlik qədər dəhşətli düşmənlə bir qəlbdə, bir ruhda zaman keçirmənin nə demək olduğunu anlamayan bir cəmiyyətdə…

Axı nə qədər məndən ötüb qardaşıma dəysin?!

Təxminən 20-25 gün öncə  “Semaşko” da onlarla qadınlarının faciəsinə şahid oldum: əksəriyyəti süni doğuş, həmçinin qeysəriyyə əməliyyatı ilə  hamiləliyi sonlandırılan  (əsasən də 6-7 aylıq hamiləlik) təxminən 23-24 yaşlı gənc qadınlardı. Bəziləri acı çəkib günahkar olaraq qaynanalarını göstərir (vaxtında həkim məsləhətinə getməyə mane olduğu üçün), bəziləri heç nə olmamış kimi həyatlarına gülə-gülə davam edir, bəziləri də qadın məsləhətxanalarındakı həkimlərin rüşvətxorluğundan, özbaşınalıqdan, vaxtında müayinəyə göndərilmədiklərindən şikayətlənirdilər. Nə acı ki, bütün bunların  səhiyyə  və təhsil sistemindən qaynaqlandığını görmək məni daha çox üzdü. Mən övladımın gələcəyini nə tövr yalnız cibini güdən təhsil və səhiyyə sisteminə etibar edə bilərəm?! Onsuz da çox həqiqətlərdən xəbərdarıq: qadın məsləhətxanalarında əksər ginekoloqların pula görə taleyi savadsız anaların bilgisizliyinə buraxılan hələ doğulmamış uşaqların yarımçıq ölüm halları, qeysəriyyə və təbii doğuşun “bəlli qiymət” ləri, məktəblərdən yarımçıq çıxarılıb ərə verilərək təhsilə yolu birbaşa bağlanan qızların faciəsi, həmçinin təhsil sistemində bu barədə hansısa ciddi tədbirlər paketinin olmaması…Bütün bunlar bəlli idi. Amma və lakin…

Gözümüzdən yayınan, zira daha dəhşətli problemlərə yol açan nüanslar da varmış.Söyləyəcəklərimə qulaq verin: nağıl deyil, şahidi olduğum, dinlədiyim həyat faciələrindən birini xatırlamaq istərdim.

Təxminən bu ilin  mart ayının  4-də Semaşkonun doğum şöbəsinə gənc bir qadın yerləşdirdilər. O çox saf və gözəldi. Cəmi 23 yaşı yaşı vardı, lakin onunla  olduğum səkkiz gün ərzində üzündə heç vaxt kiçik bir  gülümsəmə işarəsi görmədim. Özünə qapanmış, az danışan, salamı belə almaz, qəşəng, heç bir ifadə etməyən gözlərini  altı işıq lampasından yalnız üçü işləyən tavana zilləyər, beləcə saatlarla susardı.Yeddi aylıq körpəsi qeysəriyyə yolu ilə  hamiləlik başa çatmamış sonlandırılmışdı. Üstəlik yara yerinə qan yığılmışdı. Lakin durumuna səssiz-səmirsiz tamaşa edirdi. Bu, məndə qəribə maraq oyatdı. Onu anlamağa çalışır, psixoloji vəziyyətinə müsbət təsir edəcək mövzularda danışır , ailə vəziyyətini öyrənməyə cəhd edir, inamını qazanmağa çalışırdım. İstəyirdim ki o kiməsə inansın, güvənsin. O isə susaraq dinləmə mövqeyində gözləyər, bəzən saatlarla  gözlərini  qapayardı. Cəhdlərim, müsbət nəticə verdi: danışmağa başladı. Qaynanası onu çox incitmiş, oğlunu öyrədərək qadını ilk doğulacaq körpəni abort etdirməyə məcbur edib. Gənc qadın razı olmadıqda əri onun qarın nahiyəsinə zərbələr endirib. Məqsədsə uşağın bu cür  iyrənc vəhşiliklə olsa belə dünyaya gəlməsini əngəlləmək olub. Qaynana və ərin gətirdiyi “səbəblərə” görə uşaq artıq xərcdir. O bu çirkin əməli anasına belə söyləməmiş, gizlətmiş, yenidən ərinə dönməyi planlaşdırırdı. Boşanarsa nə edəcəyini düşünə bilmir: işləyə bilərmi, axı harda , necə deyə özünə suallar verirdi.

Dəhşətli vəziyyətdir. Cinayət törətmiş ərin fiziki zərbələrinə , savadsız , hegemon qaynananın mənəvi “terror” una məruz qalaraq psixologiyası zədələnmiş, dünyası darmadağın olmuş qadın niyə yenə onu mıəhv edən ocağa dönməli, həyatını kimlərinsə zəhər etməsin icazə verməlidir? Növbəti baş verəcək cinayətdən onu kim sığortalaya biləcək?Axı mənəvi-fiziki zorakılığa məruz qalmış  qadınlarımızı bu qədər cəhalətə sürükləyən, iradəsiz edən səbəblər nədir, niyə onları bu qədər qorxaq və aciz duruma gətirəcək insanları qoruyur, xoşbəxt olmaq istəmirlər?

Nə üçün növbəti gün planlaşdırılmış doğuşa götürüləcək sağlam qadınla hamiləlik müddəti başa çatmamış  bətnindəki övladını itirən və psixoloji cəhətdən “zədələnmiş” qadın eyni palatalarda yerləşdirilir?!

Kim zəmanət verə bilər ki, övladını itirmiş analar psixoloji travmadan zərər çəkməyib? Doğum evlərində bu qadınlarla psixoloji konsultasiyalar aparan psixoloq ştatı təşkil edilə bilməzmi? Bu, həm də yeni ana olan qadın üçün vacib olardı. Məlumdur ki, doğuşdan sonra qadının psixoloji vəziyyəti tamamilə dəyişir. Bəlkə belə bir  ştatın olması haqqında məlumatın dəqiqliyindən xəbərsizəm? Ana olmaq hissi yaralanıb, dünyası darmadağın  olan qadının normal doğuma hazırlaşan ananı hansısa mənfi emosiyalarla yüklənmiş təsir labirintinə salmayacağına kim zəmanət verə bilər? Halbuki ana olacaq qadın müsbət emosiyalara köklənməlidir. Əvəzində heç vaxt eşitmədiyi yaralı həyat hekayəsi, digər qadının ah-naləsi, keçirdiyi ağrılı-zillətli anlarına şahidlik etməyə “zorlanır”. Beləliklə, psixikası “zədələnmiş” qadın  gələcəyin digər anasını öz  mənfi enerjisinə “yoluxdurur”. Onlar fərqli odalarda olmalıykən nə üçün eyni palatalara yerləşdirilir?

Əndişələndirici və problematik sual yaranır: mənəvi zərbələrlə həyatına “davam edən” qadınların doğub böyütdüyü uşaqlar  gələcəkdə  hansı varlığa dönüşəcəklər?

Pərvanə Rəhimli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR