“Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm” – Dmitri Nazarov

8a7459181de70c090ded79584a4a72c9“İlk qarşılaşmada San-Marino ilə görüşəcəyik. Biz bu səfər matçında qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin və Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarov deyib.

DÇ-2018-in seçmə mərhələsinin ilk oyununda San-Marino ilə qarşılaşacaq yığmamızın milliləşən legioneri Almaniya mətbuatına açıqlama verib. O, karyerasının böyük hissəsinin bağlı olduğu bu ölkənin komandası ilə birgə yer aldığımız seçmə qrupundan çıxmaq iddiasını gizlətməyib: “Almaniya kimi rəqiblər eyni qrupda mübarizə aparmağımız yaxşı faktdı. Buna baxmayaraq, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında çıxış etmək istəyirik. Bunun üçün seçmə mərhələdə uğurla çıxış etməliyik. Komandamız belə potensiala malikdi”.

Nazarov millimizə gəlişimi də xatırlayıb: “Buna görə Berti Foqtsa borcluyam. O, 2012-ci ildə “Münster”də çıxış etdiyim vaxt mənimlə əlaqə saxladı. Biz görüşdük və Foqts məni bu yığmanı seçməyə razı sala bildi. Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm. Bu, mənə yalnız sevinc bəxş edir”.

Qeyd edək ki, Nazarov Azərbaycan millisində 18 oyun keçirib, 5 qol vurub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR