Bu muzey kitabsevərləri başqa bir aləmə aparır – VİDEO – FOTO

k1Gəncənin Heydər Əliyev meydanında ziyarətçiləri, xüsusi ilə də kitabsevərləri bambaşqa aləmə salan bir məkan var. Fərqli dövr və ölkələrdə çap olunan, öz görünüşü ilə adi kitablardan fərqlənən müxtəlif məzmunlu nəşrlər bura gələnlərin marağını cəlb etməyə bilməz. Söhbət Miniatür Kitab Muzeyinin Gəncə filialından gedir…

Miniatür Kitab Muzeyinin Gəncə filialı may ayında fəaliyyətə başlayıb. Burada 15 vitrində 29 ölkədə nəşr olunan, yüksək polioqrafiya səviyyəsində çap edilən 1022 nüsxə mini kitab nümayiş olunur. Vitrinlərdə türk, ingilis, alman, ərəb, gürcü və digər dillərdə müxtəlif mövzuları əhatə edən kitablar görmək mümkündür. Say çoxluğuna əsasən isə, bu sıralamanın üst pilləsində rus dilində olan kitablar dayanır.

Rus dilində olan kitablar burada 3 vitrində sərgilənir. İki vitrinin ən üst rəfində dini nəşrlər yer alır. 3-cü vitrində isə Mixail Yuriyeviç Lermontov, Lev Tolstoy, Aleksandr Puşkin kimi rus klassikləri ilə yanaşı, Musa Cəlil, Ömər Xəyyam və Mirzə Fətəli Axundovun rus dilinə tərcümə olunmuş əsərləri nümayiş olunur.

Azərbaycanın klassik ədəbiyyatını, elm və incəsənətini işıqlandıran miniatür kitablar muzeydə az deyil. Milli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən kitablarla yanaşı, eksponatlar sırasında dünya ədəbiyyatının nadir incilərini özündə ehtiva edən, görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilən, o cümlədən rəngli illustrasiyalı mini kitablar da var.

Miniatür Kitab Muzeyində nümayiş olunan ən qədim və ən dəyərli eksponat isə 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan “Qurani-Kərim”dir.

Gün ərzində mini kitabları görmək üçün muzeyə gələn ziyarətçilərin sayı 20-30 nəfər arasında dəyişir. (Region TV)

k2

k3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR