Dövlətin cinayətkar dediyi adamlara cəmiyyət niyə sayğı duyur?

img2172714Əhməd Qəşəmoğlu: “Hər şey insanın şəxsi keyfiyyətləri və gördüyü əməllərdən asılıdır”

Məşhur azərbaycanlı avtoritet “Rövşən Lənkəranski”nin (Canıyevin) qətli cəmiyyətdə böyük ajiotajla qarşılandı. Yayılan görüntülərdən onun cənazəsinin doğma şəhərində qarşılanması və dəfn mərasimində böyük insan izdihamının yaşandığının şahidi olduq. İctimaiyyət böyük izdihamla cinayət aləminin məşhur simasını son mənzilə yola saldı.
Günlərdir mətbuatın, sosial şəbəkələrin əsas müzakirə mövzusu bu hadisə oldu.  Müxtəlif sahələrin, o cümlədən şou-biznes nümayəndələri “Lənkəranski”nin ölümünə təəssüfləndikləri, onun şəxsiyyəti, xeyirxah əməlləri barədə fikir və rəylər bildirdilər.
Təbii ki, mətbuatda, eləcə də sosial şəbəkələrdə mərhuma bu cür böyük rəğbətin olmasını, bu kimi olayların geniş müzakirəyə çıxarılmasını qınayan, tənqidi fikirlər səsləndirənlər də oldu.
Lakin cəmiyyətin mövqeyi açıq-aşkar ortada idi. Bəs görəsən, dövlətin qanundankənar hesab etdiyi  insanlara niyə cəmiyyət bu cür rəğbət, sayğı duyur? Son olayda da cəmiyyətin göstərdiyi mövqe adekvat idimi?
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, cəmiyyətin bu hadisəyə bu cür münasibət bəsləməsi normal haldır:
“Bəzilərinin dediyi  kimi, guya ”insanlar korlanıb, ancaq bu cür insanlara rəğbət bəsləyir” və sair, bu kimi fikir səslənməsi səhvdir. Tarix boyu daima bir çox insanlar  cinayət aləminin nümayəndəsi kimi tanınıblar, həbsxanaya düşüblər. Bunların hamısını camaat birmənalı olaraq müsbət qarşılamayıb. Amma onların arasında elələri olub ki, imkan düşdükcə kasıb camaata, əhaliyə kömək edir, ədaləti qoruyur. Və beləliklə bəzilərinin haqqında ictimai fikir yaranırdı ki, bu insanların başlarına qəzavü-qədər gəlib, amma haqq-ədaləti yolunda mübarizə aparır və əhaliyə kömək edirlər. Məsələn, Koroğlu, onlarla Qaçaq Nəbi kimi adamlar xeyirxah işlər görürdü. Onda ictimai rəydə onların cinayət əməlləri arxa plana keçir, camaat başlayır onları qəhrəmanlaşdırmağa.
Yəni cəmiyyətdə bu cür insanlara rəğbət  yeni hadisə deyildi. Koroğlunu da, Qaçaq Nəbini də dövlət cinayətkar kimi tanıyırdı. Başqa xalqlarda da belə olub. Hər şey burda o insanın şəxsi keyfiyyətləri, gördüyü əməllər, işlər və ətrafındakı PR-dən asılıdır.
“Lənkəraski”nin də ətrafında son 10 ildə kifayət qədər yüksək səviyyədə onun imicini qaldıran, qəhrəmanlaşdıran bir piar təşkil edilmişdi. Eyni zamanda xəbərlər gəlirdi ki, Rövşən beynəlxalq səviyyədə, dünyanın bir çox ölkələrində, xüsusən Rusiyada yaşayan insanlarımızın maraqlarını qoruyur. Yəni bazardan, fəhlələrdən tutmuş və digər insanlara Rövşən adı, onun fəaliyyəti, ətrafı, komandası onlara kömək edirdi. Onun qətli camaatda təəssüf yaratdı ki, o dayaq ki, var idi, getdi. Ona görə də camaatda bir yanğı yarandı. Nəticədə cəmiyyətin ona qarşı bu cür mövqeyi  sosioloji baxımdan qanunauyğun bir haldır”.
/musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR