“Düzgün iş getmir, sel yenə gəlib qucaqlıyacaq” – Kiş camaatı çox narahatdır – VİDEO – FOTO

1Kiş çayına güclü selin gəlməsindən 1 aya yaxın vaxt keçib.
Ötən müddət ərzində çayda müəyyən təmizlik işləri aparılıb. Selin yuyub apardığı Kiş kəndi ilə şəhər mərkəzini birləşdirən körpünün əvəzinə müvəqqəti körpü də salınıb. Amma sakinlər görülən işlərdən razı deyil.
Sakinlərdən Fikrət Rzayev işlərin əzif olduğunu deyib: “Təmizlik işləri aparılır. Dalınca birdə sel gəldi, olan işləri də yudu apardı. İndi çayın səviyyəsi qalxıb, çox yuxarı qalxıb. Belə getsə, çayın mənsəbi təmizlənməsə şəhər tərəfə düşəcək. İşlər hələ ki zəifdi”.
Digər kənd sakini Yunus Tahirov isə işlərin düzgün görülmədiyindən şikayətlənir: “Düzgün iş görmür ekskavator. Çünki qumu düzgün tökmür. Çömçədən alıb qaşığa tökür, qaşıqdan alıb çömçəyə”.
Sakinlərin sözlərinə görə təmizlik işləri daha çox çayın Kiş kəndi ərazisindən keçən hissəsində, körpünün dağıldığı ərazidə aparılır. Lakin çayın yuxarı hissəsində vəziyyət daha acınacaqlıdır.
Kənd sakini Müzəffər Novruzəliyev hər an selin gələcəyinə heç də şüphə etmir: “Qabaq açılmalıdır. Daşın səviyyəsi, aşağının səviyyəsi düm-düzdür. O su gəlib hara dirənməlidir ki? Yenə də gəlib qucaqlıyıb götürəcək”.
Şikayətçi olan digər kənd sakini isə Oqtay Qəhrəmanovdur: “Qalxıb, çox qalxıb. Yüksəkdir. Qabaq təmizlənməlidir. Arxa yox”.
Çay yatağının ən yüksək olduğu ərazi isə Damarçında müşahidə olunur.
Aidiyyatı qurumlar isə bildirir ki, çayın mənbəyində təmizlik işləri aparılır. Hətta qonşu rayonlardan da bura əlavə texnikalar cəlb olunub.
Kiş çayı müxtəlif illərdə baş verən güclü daşqınlarla Qafqazın ən dağıdıcı çayı kimi ad qazanıb. Və baş verən sonuncu sel hadisəsi də təbiətin xatırlatması kimi dəyərləndirilə bilər. Çünki, bu dəfə Çuxadurmaz, Qaynar və Damarçın kimi böyük qolları olan çayın, sel sadəcə birinə- Damarçına gəldi. Əks halda, daha böyük fəlakətlər yaşana bilərdi. Buna görə də yaşanan son hadisə bizə də dərs olmalı, ən az fəsadla baş verə biləcək təhlükədən sığortalanmağa çalışmalıyıq. (Region TV)


2

3

4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR