“KQB”nin “Alfa” qrupunun sabiq komandiri: “Bakıda dinc əhaliyə birinci sovet qoşunları atəş açmışdı”

0d13c2ec112692cb9b4fda79365139f7Moskvada sovet qoşunlarının Vilnüsdə törətdiyi qırğınlara həsr olunan “Kim kimi satdı” adlı kitabın təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təqdimatı “Komsomolskaya Pravda” qəzetinin Mətbuat Mərkəzində keçirilən kitabın müəllifi 1991-ci ilin yanvar hadisələrinin şahidi olmuş jurnalist və siyasi şərhçi Qalina Sapojnikovadır.

Müəllif kitabında Sovetlər İttifaqının parçalanmasından, nəhəng ölkənin dağılmasına səbəb olan Bakı, Tiflis və Litvadakı qırğınlardan və bu hadisələrin iştirakçısı olmuş şəxslərin şahidi olduğu vacib məqamlardan yazıb. Kitab Vilnüsdə 1991-ci ili yanvarın 13-də baş vermiş qırğınların şahidi olmuş şəxslərlə müsahibə şəklində qələmə alınıb.

Təqdimatda çıxış edən kitabın müəllifi Q. Sapojnikova əsərin bir neçə jurnalist araşdırmasının nəticəsi olduğunu söyləyib: “Kitabın oxucuya çatdırdığı əsas fikir kimin satqın olmasını aşılamaqdır. Qorbaçov “Alfa” qrupunu satıb. “Alfa” Vilnüsdən qayıdandan sonra Qorbaçov həmin qrupu ora göndərmədiyini, “Alfa”nın özbaşına ora getdiyini söylədi. Necə ola bilərdi ki, “KQB”nin “Alfa” qrupu öz başına təyyarə ilə Vilnüsə uçsun?! Boris Yeltsin isə Baltikyanı ölkələrdə yaşayan rusları satdı. Mən özüm şəxsən bunun şahidi olmuşam. Rusiya Baltikyanı ölkələrdəki siyasi məhbusları satdı, ötən əsrin 90-cı illərində Litva hakimiyyətinin siyasi məhbuslara qarşı işgəncələrinə göz yumdu. Kitabımda satılanlarla satanlar şahidlərin dilindən faktlarla aşkara çıxarılıb”.

Q. Sapojnikova Litvada 1991-ci ilin yanvarın 13-də baş vermiş hadisənin həmin ilin avqustunda Moskvada QKÇP hadisələrinin “böyük məşqi” olduğunu qeyd edib: “Sovet İttifaqını dövlətin başında duranlar satdılar”.

Vladimir Jirinovski: “Nədənsə, bu gün Rusiyada Qorbaçov və Yeltsin barədə mənfi fikir söyləməyə qoymurlar”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə QKÇP hadisələri ilə Baltikyanı respublikalardakı hadisələrin birbaşa bağlı olduğunu söyləyib. O, həmin dövrdə QKÇP-yə yeganə dəstəyin LDPR-dən gəldiyini bildirib: “QKÇP hadisələrində ən böyük günahı olan şəxslər marşal Yazov və KQB-nin sədri general Kryuçkov olub. Yazov qorxusundan ordunu Moskvadan çıxarmışdı. Onların ikisi də qorxaq idilər. Qorbaçov isə ABŞ tərəfindən ələ alınmışdı. Onların hamısı bilib-bilmədən Qərbə işləyirdilər, Sovet İttifaqının içəridən dağılmasına xidmət edirdilər”.

V. Jirinovski həmin hadisələrdən 25 il keçməsinə baxmayaraq, həqiqəti Rusiyada deyə bilmədiklərini söyləyib: “Biz neçə illərdir ki, Dövlət Dumasında Qorbaçov və Yeltsinin Sovet İttifaqının dağılmasına məsuliyyət daşıması ilə bağlı qərarın qəbul edilməsini tələb edirik. Lakin nədənsə “Vahid Rusiya” partiyası bu qərarın qəbul olunmasına qarşı çıxır. Onlara görə, Qorbaçov və Yeltsin haqqında mənfi fikir söyləmək olmaz”.

Tanınmış siyasətçi Bakıda törədilən 1990-cı ilin yanvar hadisələrinə və Dağlıq Qarabağda münaqişənin yaranmasına görə Mixail Qorbaçovu günahlandırıb. O, Qorbaçovun bu günə kimi cinayət məsuliyyətinə cəlb olunmamasına da aydınlıq gətirib: “O zaman Qorbaçovu müdafiə edənlər, hazırda Çubaysı müdafiə edənlərdir. O zaman da Qorbaçovun arxasında ABŞ dayanırdı, bu gün də… “.

Q. Sapojnikova Bakıda 20 yanvar hadisələri ilə bağlı marşal Yazovla etdiyi müsahibədə səslənən maraqlı məqama toxunub: “Yazov mənə bildirdi ki, həm Bakıda, həm Tiflisdə, həm də Vilnüsdə törədilən qırğınlarda eyni texnologiyadan istifadə olunmuşdu. Belə ki, bu üç şəhərdə ilk olaraq guya evlərin damından sovet əsgərlərinə atəş açılmışdı. Buradan da aydın olur ki, hadisələrin ssenarisi eyni mərkəz tərəfindən yazılmışdı”.

KQB-nin “Alfa” qrupunun sabiq komandiri Mixail Qolovatov da Bakıda baş verən qırğınlarla bağlı vacib məqama toxunub. O bildirib ki, 90-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun əmri ilə Bakıya daxil olan sovet qoşunlarının tərkibində ehtiyatda olan hərbçilər olub. Həmin hərbçilər əvvəlcədən hazırlıqlı olublar. Qorbaçov tərəfindən Bakıya göndərilən ordu bilərəkdən rezervistlərdən seçilmişdi. Onlar Bakıya daxil olan kimi atəş açmağa başlayıblar. Ona görə də Bakıda 138 nəfər dinc sakin həlak olmuşdu. Deyirlər ki, guya orduya dinc sakinlər tərəfindən ilk olaraq atəş açılıb, onlar da əks-cavab vermək məcburiyyətində qalıblar. Xeyr. Əslində bu, belə olmayıb. Rezervistlərdən ibarət sovet ordusu Bakıya daxil olan kimi dinc əhalini və yaşayış evlərini atəşə tutmağa başlamışdı”.

126339017cb1c17d40903f8c3860cf80 0e862e004da318bb383a031f363a490c 4dedb3924a89362dcae16390d8080d95

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR